Bizdə ciddi ədəbiyyatın özünü realizə etmək problemləri var
08:52 21-05-2014
CƏMİYYƏT
Bizdə ciddi ədəbiyyatın özünü realizə etmək problemləri var
Yazıçılar Birliyinin qurultayından riya və oyunbazlıq gözləyirəm
(Şərif Ağayardan dərləmələr)
Şərif Ağayar 1976-cı ildə Laçın rayon Ağbulaq kəndində anadan olub. İlk təhsilini buradakı orta məktəbdə alıb. 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib. O vaxtdan burada yaşayır. Bir neçə şei rvə nəsr kitabının, ən müxtəlif saytlarda çoxsaylı publisistik yazının müəllifidir.
- Sizcə bu gün Azərbaycan ədəbiyyatının ən vacib problemi nədir?
- Ən vacib problemlərdən biri ədəbiyyatın geniş oxucu auditoriyasının olmamasıdır. Bizi oxumurlar qardaş! Nə qədər çətin olsa da etiraf etməliyik. Əgər, istedadlı bir gənc yazarın kitabı heç 500 nüsxə satılmırsa yalnız fiaskodan danışmaq olar. Reallıq budur, ancaq kimsə istəyirsə onu yalandan həvəsləndirim, bunu da bacararam. Nə qədər ki, Azərbaycan yazıçısı çap elədiyi kitabın heç olmasa maya dəyərini çıxara bilmir, ədəbiyyatın inkişafından danışmaq adamı dolamaqdır. "Sənət sənət üçündür" ideyasına qapılıb papağını günə yandıranlara qısa bir mesaj vermək istəyirəm; bu günün ədəbiyyatı həm sənət, həm kütlə üçündür, heç bir mütləq qənaət tanımır, tanımaq istəmir, onu ələ salıb lağa qoyur, rüsvay edib gündəmdən kənara tolazlayır. Ancaq həvəsdən düşmək olmaz. Bizim borcumuz cəmiyyətin nadanlığı qarşısında tab gətirib estafeti gələcək nəslə ötürməkdir. Kimin əlindən nə gəlirsə əsirgəməməlidir.
- İndi yazılan romanlarda açıq-saçıq mövzulara çox toxunurlar, siz bunu zamanın tələbi kimi qiymətləndirirsiniz, yoxsa yazıçı "cəsarəti" kimi?
- İndi kim nə istəyir yazır, çap olunmasa da saytlarda yayımlanır, bunu cəsarət kimi qiymətləndirmək düz deyil. Amma imic baxımından cəsarət tələb edir, yəni sən öz imicini təhlükə altında qoyub nələrisə gözə alırsan. Məncə, həyatla ədəbiyyat arasında heç bir maneə yoxdur. Ədəbiyyat həyatı ehtiva edirsə, o cür səhnələr də yazmaq lazım gəlir. O ki qaldı dünya ədəbiyyatında açıq-saçıq səhnələrə: müşahidə etdiyim qədər erotika da detektiv kimi əsərin oxunması üçün vasitədir. Açıq-saçıqlığın məqsədə çevrildiyi əsəri ciddi ədəbiyyat nümunəsi kimi qəbul etmirəm.
- "Bu gün ciddi ədəbiyyat yaranmır" fikrinə münasibətiniz necədir? Ciddi ədəbiyyat deyiləndə nə nəzərdə tutulur?
- Bu cür diletant qənaətlər üzərində müzakirə açmaq istəməzdim. Bizdə ciddi ədəbiyyatın özünü realizə etmək problemləri var. "Ciddi ədəbiyyat yaranmır" fikrini tariximizin ən rüsvayçı dövrlərinə belə şamil etmək olmaz. Ədəbiyyat həmişə var, bu davamlı, qarşısıalınmaz prosesdir. Baharın gəlməyi kimi... Ancaq bu ədəbiyyat nə gündədir, bizim ona münasibətimiz necədir, başqa söhbətin mövzusudur. "Ciddi ədəbiyyat yaranmır" deyənlərdən soruşun, görün sonuncu dəfə kimi oxuyublar. İnanın mənə, xəyal qırıqlığına uğrayacaqsınız.
- Bugünkü Azərbaycan cəmiyyətində nələrdən əziyyət çəkirsiniz?
- Azərbaycanda ağrımayan, narahat olmayan insan mənə anormal görünür. Kitab oxumayan cəmiyyətdə insana əzab verməyən şeylər istisnalardır. Hər oxuduğun ciddi kitab səni bir addım da cəmiyyətdən uzaqlaşdırır. Yəni qarşında oxumayan bir çoxluq var və sən o çoxluqdan yalnız uzaqlaşa bilirsən.
- Yaradıcı adamların cürbəcür ziyanlı xobbiləri olur: məsələn, Heminquey içki içirdi, Dostoyevski qumarbaz idi, Yesenin qadın düşükünü idi, soruşmaq ayıb olmasın, bəs sizin şəxsi xobbiniz nədir?
- İçməyi sevirəm... İçkini yox aaa... içməyi. Həmin anı, dostları, ordakı sərxoş söhbətləri, macəraları, mübahisələri... Amma içmək də səhhətimə ziyan edir. Buna sadəcə təəssüflənirəm. Heyif, ürəyimcə içmək imkanım yoxdur. Azərbaycan hər gün içib unutmağa layiq bir məmləkətdir.
- AYB qurultayından nə gözləyirsiniz?
- Yalan, riya, yaltaqlıq və oyunbazlıq! Başqa nə ola bilər ki?
Dərləyib-topladı:
"Qələmdan"
Digər Xəbərlər
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:00
2024-12-25 14:20:39