İranın müdafiə naziri Rusiyaya niyə gedir?
İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqan Rusiyaya səfər edəcək. "Mehr" xəbər agentliyinin verdiyi məlumata görə, səfər Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti əsasında baş tutacaq.
Səfərdə məqsəd bu il mayın 23-24-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılan beynəlxalq təhlükəsizlik məsələlərin ələ alınacağı üçüncü konfransda iştirak etməkdir. Tədbirə 50-dən çox ölkənin, regional və beynəlxalq təşkilatın nümayəndəsi qatılacaq. H.Dehqan konfransda çıxış edəcək, beynəlxalq təhlükəsizlik məsələsi ilə bağlı İranın mövqeyini açıqlayacaq.
"İranla "altılıq" ölkələri arasında aparılan müzakirələrdə çətinliklərin olmasına baxmayaraq, inşallah, razılaşma əldə olunacaq". İSNA-nın verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.
Onun sözlərinə görə, hər iki tərəfin bu oyunda marağı razılaşmanın qələbə ilə nəticələnməsidir: "İran heç vaxt dünyaya yalan söyləmək istəməyib və bu gün də belə bir niyyəti yoxdur. Rəsmi Tehranın hədəfi dinc məqsədli nüvə texnologiyası olub və xalqının bu hüququnu da izləyəcək. Ancaq danışıqlar prosesinin də hər iki tərəfin xeyrinə gətirib çıxaracaq ortaq razılaşmanın əldə olunması ilə nəticələnməsini istəyirik".
H.Ruhani deyib ki, bu, İran xalqının sanksiyalardan çəkinməsi mənasına gəlmir: "Bu xalq hər cür şəraitə dözəcək və müqavimət göstərəcək. Hökumət üçün xalqın mənafeyi, inqilabi dəyərlər və ölkənin milli təhlükəsizliyi vacibdir".
Qeyd edək ki, dünən İran prezidenti Çinə ikigünlük səfərə yola düşüb. H.Ruhani Çin Xalq Respublikasının prezidenti tərəfindən mayın 20-22-də Şanxay şəhərində keçirilməsi planlaşdırılan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) dövlət başçılarının dördüncü zirvə toplantısına qatılması məqsədilə bu ölkəyə səfərə dəvət edilib. İran prezidentinin səfər çərçivəsində sammitdə çıxış edəcəyi, Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının prezidenti Şi Jin Ping və Mərkəzi Asiya ölkələrinin bir sıra dövlət başçıları ilə görüşlər keçirəcəyi bildirilir.
Bu arada İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində həyata keçirilmiş edamların statistikası açıqlanıb. "Oyannews"un verdiyi məlumata görə, ötən il (miladi təqvimlə 2013-cü il martın 21-dən 2014-cü il martın 21-dək olan müddət nəzərdə tutulur) Təbriz şəhərinin mərkəzi həbsxanasında 204 nəfər dara çəkilib.
Ancaq İranın rəsmi kütləvi informasiya vasitələri və məhkəmə orqanları həyata keçirdikləri bu edamların yalnız bir hissəsini ictimaiyyətə açıqlayıblar. Eyni zamanda onların nədə günahlandırılaraq dara çəkildikləri məlum deyil.
Ümumilikdə İran Ali Məhkəməsi tərəfindən 389 nəfərin ölüm hökmünün icrası təsdiqlənib. Həmin məhbuslar 2013-cü il sentyabrın 23-dən 2014-cü il sentyabrın 22-dək Təbriz Mərkəzi Həbsxanasında dara çəkilməlidirlər. Ona görə də edamların artması səbəbindən bu zindanda saxlanılan məhbusların əksəriyyəti psixoloji təzyiq altındadırlar.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36