Rusiya-Çin xətti hücumda!
08:53 21-05-2014
CƏMİYYƏT
Rusiya-Çin xətti hücumda!
Kimlərlə kimə qarşı, yoxsa Moskva, Vaşinqton və Pekindən eyni uzaqlıqda?
Xəbər verildiyi kimi, Mayın 20-21-də Pekinin Şanxay şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) iştirakçısı olan dövlət və hökumət başçılarının IV zirvə toplantısı keçiriləcək.
İlk dəfə pan-Asiya təhlükəsizlik strukturunun yaradılması ilə məşğul olan bir konfransın çağırılması ideyası 5 oktyabr 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif olunub. Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün effektiv və məqbul bir strukturun yaradılması niyyəti bu təşəbbüsün əsas hərəkətverici qüvvəsi idi. Hazırda CICA Asiyada müxtəlif sahələrdə etimad tədbirlərini həyata keçirən unikal beynəlxalq platforma kimi formalaşıb. CICA-nın müntəzəm fəaliyyəti gələcəkdə Asiyanın hər tərəfini əhatə edən təhlükəsizlik strukturunun yaradılmasına yol açan əsaslı ekspert potensialının toplanmasına imkan verir.
İlk olaraq 16 Asiya ölkəsi CİCA-ya üzv olub. Hazırda isə üzvlərinin sayı 24-dür. Bu ölkələr qitə ərazisi və əhalisinin təxminən 90 faizinin əhatə edir. Səkkiz ölkə və dörd beynəlxalq təşkilat, həmçinin BMT, müşahidəçi statusuna malikdirlər. Müşavirəyə üzv olmaq üçün ölkə coğrafi baxımdan Asiyada yerləşməlidir.
"Söhbət yeni
bir güc mərkəzi ilə
əlaqələrdən gedir"
Əgər söhbət pan-Asiya təhlükəsizlik strukturunun yaradılması ilə məşğul olan bir platformadan gedirsə, deməli Azərbaycanın da ondan gözləyəcəyi çox şey var. Azərbaycan təhlükələrdən tamamilə sığortalandığını demək olmaz. Bəs, CİCA bu sahədə üzərinə düşən işi nə dərəcədə yerinə yetirir və Azərbaycanın gözləntiləri nədir?
Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli bizimlə söhbətində qeyd edib ki, əksər nüfuzlu analitiklər dünyanın mərkəzinin Avropadan Asiyaya inteqrasiya etdiyini bildirir. Güc balansının həm iqtisadi, həm hərbi, həm də təhlükəsizlik baxımından Asiya regionuna transformasiya olduğunu deyən politoloq qeyd edib ki, xüsusilə Asiya-Sakit Okeanı region diqqət mərkəzində olan regionlardan biridir: "Dünyanın böyük iqtisadi gücləri, Asiyanın pələngləri məhz bu regionda olduğundan belə qənaətə gəlmək olar ki, dünyadakı proseslərə bu regionun təsir imkanları daha da artacaq. Həm də nəzərə alaq ki, Azərbaycanın xarici siyasəti çoxvektorludur və çevikdir. Xarici siyasətdə yeni istiqamətlər özünü göstərməkdədir. Bu istiqamətlərdən biri də Asiya, o cümlədən Vyetnam ilə Çinlə əlaqələr xüsusi əhəmiyyət kəsb edir".
E.Nəsirli qeyd edib ki, region ölkələrindən xüsusilə Çinə perspektivi uzaq olmayan fövqəldövlət kimi baxılır: "Hətta yaxın vaxtlarda iqtisadi potensiala görə, ABŞ-ı ötəcəyi ilə bağlı proqnozlar mövcuddur. Belə olan halda isə yeni bir güc mərkəzi, yeni bir qütb ilə əlaqələrdən söhbət gedir. Hesab edirəm ki, Azərbaycan prezidentinin bur format çərçivəsində iştirakı əhəmiyyətli məsələdir".
Azərbaycanın
Rusiya-Çin xəttinə
yaxınlaşma ehtimalı
Son illər Rusiya-Çin mühasibətlərində böyük yaxınlaşma müşahidə olunur. İki ölkənin yaxınlığı Ukrayna hadisələrində və sonrasında özünü göstərdi. Qərb davamlı şəkildə Rusiya qazından imtina edəcəyi barədə Moskvaya xəbərdarlıq edir. Təbii ki, təbii qazının satıldığı əsas bazar olan Avropa bazarının itirilməsi Rusiya üçün böyük itki olardı. Lakin Rusiya prezidenti Vladimir Putinin bu gün Pekinə edəcəyi səfərdə imzalayacağı qaz müqaviləsi Moskvanı vəziyyətdən çıxara bilər. Məlumata görə, qaz müqaviləsi 30 illik olacaq və 1,14 trilyon kubmetr qazın satılmasını nəzərdə tutur.
Ümumiyyətlə, dünyanın bir sıra nüfuzlu analitikləri gələcəkdə ABŞ qarşısında duran güc mərkəzinin ayrı-ayrılıqda Çin və Rusiya deyil, məhz Rusiya-Çin ittifaqının olacağını düşünür.
Azərbaycanın perspektivdə Rusiya-Çin xəttinə yaxınlaşması ehtimalına gəlincə, E.Nəsirli qeyd edib ki, Azərbaycan bugünkü reallıqda konkret seçim etmir: "Azərbaycan müxtəlif qütblərlə faydalı və qarşılıqlı əməkdaşlığa üstünlük verir. Amma Azərbaycan tərəfi özündə o hüququ da saxlayır ki, dəyişən beynəlxalq konyukturaya uyğun olaraq və Azərbaycanın beynəlxalq maraqlarından çıxış edərək xarici siyasətdə müxtəlif fərqli gedişlərin edilməsi prinsip etibarilə mümkündür. Ötən il Ukrayna-ABŞ dördüncü təhlükəsizlik forumun da iştirak edirdim. Mənə o zaman Ukrayna müdafiə nazirinin müavini olmuş, indi isə istefada olan nüfuzlu bir şəxs sual verdi ki, sizin muttəfiqiniz varmı. Dedim ki, bəli, Türkiyə bizim müttəfiqimizdir. O, bildirdi ki, Türkiyə azdır, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün başqa müttəfiqləriniz də olmalıdır. Mən sual verdim ki, başqa müttəfiq deyəndə kimi nəzərdə tutursunuz. O, qeyd etdi ki, Çin Xalq Respublikasını da nəzərdən qaçırmaq olmaz, o bu gün iddialı dövlətdir, amma potensial fövqəldövlətdir və gələcəkdə dünya nizamının formalaşdırılmasında həlledici sözə malik olacaq. O, söylədi ki, bu gün böyük iyirmilikdən, böyük yeddilikdən söhbət gedir, gələcək dünyanın siyasi xəritəsində böyük ikilik - ABŞ və Çin olacaq. Azərbaycan proqnozlaşdırılan bu perspektivi də yaddan çıxarmamalıdır. Hesab etmək olar ki, İlham Əliyevin Çində səfərdə olması və orada aparılan danışıqlar dünyanın potensial güc mərkəzlərindən biri ilə əlaqələrin gələcəyinə xidmət edən bir addımdır".
Rusiya və Çinlə
ABŞ-a qarşı?
Azərbaycanın üzv olduğu CICA-da ABŞ-ın dünya liderliyi uğrunda rəqibləri olduğu Rusiya və Çin də iştirak edir.
E.Nəsirli qeyd edib ki, ABŞ-ın milli təhlükəsizlik konsepsiyasında Çinin onlar üçün ciddi rəqibə çevriləcəyi barədə yanaşmalar var. Müsahibimizin sözlərinə Rusiyaya Çin qədər önəm verilmir: "2006-cı il milli təhlükəsizlik konsepsiyasında göstərilirdi ki, ayrı-ayrı dövlətlərin ABŞ əleyhinə müttəfiqliyi formalaşsa, ardıcıllıq Çin, Hindistan və Rusiya şəklində olacaq. Yəni, prinsip etibarilə ABŞ Rusiya və Çini özünün rəqibləri olaraq görür. Azərbaycan gəlincə, dövlətimiz bu reallığın fərqindədir. Biz həm ABŞ, həm Rusiya, həm də Çinlə münasibətlərin inkişafında maraqlıyıq. Hesab edirəm ki, ən mühüm problemimiz olan Dağlıq Qarabağın münaqişəsinin həllinə tərəflərdən hansının real köməyi olarsa, xarici siyasətimizdə onunla daha da yaxınlaşmaq tendensiyası arta bilər".
Çinin indiki halda münaqişənin həllinə yardım etmə imkanlarına gəlincə, E.Nəsirli Pekinin xarici siyasətində ehtiyatlı davranmağa üstünlük verdiyini ifadə edib: "Baxmayaraq ki, iqtisadi potensiala görə, Rusiyadan daha güclüdür, amma bir sıra məsələlərdə veto ilə hədələmir. Məsələn, Suriya məsələsində veto tətbiq edəcəyi fikrini söyləməsə də, deyirdi ki, Rusiyanın mövqeyini müdafiə edəcəyik. Yəni, vaxtından əvvəl üzə çıxaraq təzyiq və təhdid obyekti olmaq istəmir. Özünün zamanını gözləyir ki, dünya siyasətində öz sözünü desin".
Ömər Dağlı
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59