Radikal müxalifətin şübhəli maliyyə qaynaqları
11:46 22-05-2014
CƏMİYYƏT
Radikal müxalifətin şübhəli maliyyə qaynaqları
Hüquq-mühafizə orqanlarının müəmmalı maliyyə mənbəyi olan partiyaların fəaliyyətində yoxlamalar aparması tələb olunur
Maliyyə Nazirliyinin maliyyə hesabatı ilə bağlı partiyalara göndərdiyi xəbərdarlıq, onlara verilən vaxt artıq başa çatıb.
Maliyyə hesabatının nəticələri ilə bağlı açıqlama verən qurumun mətbuat katibi Mais Piriyev vurğulayıb ki, qeyd olunan müddətdə 1464 yerli qeyri hökumət təşkilatı, 44 xarici qeyri-hökumət təşkilatının filial və nümayəndəlikləri və 44 siyasi partiya mühasibat uçotu subyekti kimi 2013-cü il üzrə maliyyə fəaliyyətinə dair müvafiq hesabatı Maliyyə Nazirliyinə təqdim edib: "Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını təqdim etməkdən azad edilmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə, inzibati məsuliyyət müəyyən edilib. Belə ki, müəyyən olunmuş vaxt ərzində sözügedən hesabatı təqdim etməyən vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə edilirlər".
Qeyd edək ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə və "Siyasi partiyalar haqqında" Azərbaycan qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir. İllik maliyyə hesabatı müəyyən edilmiş müddətdə təqdim edilmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verib.
Bu barədə fikirlərini "Unikal"la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, rəhbərlik etdiy təşkilatın fəaliyyəti şəffafdır. Onun sözlərinə görə, partiya üzvlərinin verdiyi üzvlük haqqı və ianələrlə MMP-nin fəaliyyətini davam etdirə bilirlər: "Biz tam müstəqil partiyayıq, heç kimin yanında gözümüz kölgəli deyil. Bu günə kimi heç kimdən maddi dəstək almadığımız üçün də hər kəsin qarşısında alnımız açıqdır. Bizim yeganə güvənc yerimiz Azərbaycan xalqı və MMP üzvləridir. Partiya üzvlük haqqı və ianələr hesabına ayaqda qalıb.: "Düzü,partiyanın rəhbər orqanlarında çalışanların böyük əksəriyyəti ictimai əsaslarla işləyirlər, olanda da çox cüzi əmək haqqı olur. Ona görə də MMP sədri kimi özüm başda olmaqla, sadə bir həyat tərzi sürürük".
H.Hacıyev onu da qeyd edib ki, eyni fikirləri radikal müxalifət partiyalarına və onların liderlərinə aid etmək olmaz. Onun sözlərinə görə,Müsavat,AXCP və digər radikal müxalifət partiyalarının liderləri və funksionerləri yüksək səviyyədə yaşayırlar: "Bu adamlar min yerə işləyirlər. Müxtəlif xarici təşkilatlardan qrant adıyla milyonlarla pul alıb, ölkənin maraqlarına ziddi fəaliyyət göstərirlər. İsa Qəmbər gündə bir xarici ölkəyə səfərə gedir. Bu səfərlərin yol xərcini, orda qalmaq və digər xərcləri kim ödəyir? Deyirlər ki, heç yerdə işləmirlər, amma hər şeyləri var. Əli Kərimlinin villasının fotolarını elə radikal müxalifətin qəzetlərində dərc etmişdilər. Əgər bunlar heç yerdə işləmirlərsə, qazancları yoxdursa, milyonlarla qiyməti olan villanı nəynən alırlar? Əli Kərimli oğlunu Avropada hansı pula oxutdurur? AXCP ilə Müsavatın funksionerlərinin hamısının "novostroyka"da evləri var, xarici maşında gəzirlər, ən azı min manatlıq kostyum geyirlər. Bütün bunlar onu göstərir ki, radikal müxalifət özünü məzlum kimi göstərməyə çalışsa da, əslində, yaxşı maliyyə imkanlarına sahibdirlər. Mən onların pullarını saymaq fikrində deyiləm, amma məsələ ondadır ki, bu adamlar qaranlıq yollarla gəlir əldə edirlər. Bu isə Azərbaycanın milli maraqlarının qurban verilməsi hesabına başa gəlir. Ona görə də bu cür məsələlərdə hər zaman səsimi yüksəldəcəyəm. Xaricdən pul alıb milli maraqlarımıza ziddi fəaliyyət göstərənlərə aman verməyəcəyəm".
MMP sədri onu da qeyd edib ki, radikal müxalifətin, xüsusən də AXCP ilə Müsavatın bu cür qeyri-qanuni yollarla xarici qüvvələrdən pul alması barədə məlumatlar var. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları müəmmalı maliyyə mənbəyi olan partiyaların fəaliyyətində yoxlamalar aparmalı və ciddi tədbirlər görülməlidir.
Aydınlar Partiyasının mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hesabat qaydalara uyğun olaraq mart ayında Maliyyə Nazirliyinə təqdim edilib. Verilən məlumatda qeyd olunub ki, hesabatda partiya üzvlərinin ödədikləri üzvlük haqqı və ianələr öz əksini tapıb.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli " Unikal"a açıqlamasında deyib ki, üzvülük haqqları, həm ianələr, həm də dövlət büdcəsindən ayırmaların hesabatlarını veriblər: "Partiyalar Maliyyə Nazirliyinə aprelin 1-dək hesabat verməlidir. Ədalət partiyası da mart ayında özünün maliyyə hesabatını Maliyyə Nazirliyinə təqdim edib. Hesabatda partiyanın bütün maliyyə əməliyyatları yer alıb. Həm üzvülük haqqları, həm ianələr, həm də dövlət büdcəsindən ayırmaların hesabatları verilib. Eyni zamanda, partiyanın balansında olan avadanlıqlarla bağlı da hesabat təqdim olunur".
Sonda fikirlərini bizimlə bölüşən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı təmsilçisi olduğu partiyanın fəaliyyətində hər hansı qaranlıq məqamların olmadığını bildirib. Onun sözlərinə görə, BAXCP hər il maliyyə nazilrliyinə hesabt təqdim edir: "Bununla bağlı partiyanın müəyyən strukturları və maliyyə şöbəsinin rəhbərliyi bütün lazımı sənədləri maliyyə nazirliyinə təqdim edir. İndiyə kimi heç neqativ halla rastlaşmamışıq. BAXCP-də bütün maliyyə əməliyyatları şəffafdır. Büdcədən ayrılan vəsait kifayət qədər çox olmasa da, bu partiyanın müəyyən probleminin həll olunmasına kömək edir. Ştatda olan insanların aylıq vəsaitini təmin edir və digər problemlərin həllinə yardım edir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:23
2024-12-25 14:22:00
2024-12-25 14:20:39
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41