Rusiyanın Çinlə qaz anlaşmasının defolt sirləri
11:38 24-05-2014
CƏMİYYƏT
Rusiyanın Çinlə qaz anlaşmasının defolt sirləri
Ekspert: "İki ölkənin yaxınlaşmasında Qərbin strateji maraqlarına zərbə vuracağı haqqında illər əvvəl deyilmiş fikirlər aktuallığını itirməlidir"
Rusiya Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov Çinlə imzalanmış 30 illik qaz razılaşmasına münasibət bildirib. Puşkov müqaviləni ABŞ-ın Rusiyanı dünyadan təcrid siyasətinə qarşı vurulmuş "böyük zərbə" adlandırıb.
"Twitter"də qaz razılaşmasını qiymətləndirən A.Puşkov yazır: "30 illik razılaşma strateji əhəmiyyətə malikdir. ABŞ prezidenti Barak Obamanın Rusiyanı dünyadan təcrid etmək siyasəti işə yaramır". Xatırladaq ki, mayın 21-də Rusiyanın "Qazprom" şirkətilə rəsmi Pekin arasında arasında Şanxayda Şərq marşrutu ilə Çinə ildə 38 milyard kubmetr təbii qazın satılmasını nəzərdə tutan 30 illik müqavilə imzalandı. Müqavilə barədə rus mətbuatına açıqlama verən "Qazprom" şirkətinin prezidenti Aleksey Miller bunu Rusiya və Çin tarixinin "ən böyük anlaşma"sı adlandırıb. Miller qeyd edib ki, 30 il ərzində şirkət Çinə 1 trilyon kubmetrə yaxın qaz ixrac edəcək: "Rusiya üçün gələcəyə böyük potensial vəd edən yeni ixracat bazarı açıldı. Müqavilə həmçinin qlobal əhəmiyyətə malikdir. Təbii qaz istehsalı və ixracat borularına 55 milyard dollarlıq sərmayə qoyulacaq. Rusiyanın Şərqində qurulacaq böyük diametrli qaz infrastrukturu bölgənin iqtisadi inkişafının lokomotivi rolunu oynayacaq. Gələcəkdə Çinlə əməkdaşlığa çox əhəmiyyətli əlavələr etməyi planlaşdırırıq".
Təbii qaz satışının 4 il ərzində (2018-ci ildən) başlanması nəzərdə tutulur. Müqavilənin "Qazprom"a 400 milyard dollar qazanc gətirəcəyi bildirilir. Prisinq şərtləri isə ticari sirr kimi saxlanır.
Plan əsasında qarşıdakı illərdə Sibirdən Çinə əlavə boru xəttlərinin çəkilməsi də nəzərdə tutulur. Rusiya Çinin Kovikta və Çayandin şəhərlərinə çəkiləcək boru kəmərlərinə 55 milyard dollar sərmayə qoyacağı halda, Çinin yatırımı minimum 20 milyard dollar olacaq. Təbii ki, əslində iqtisadi saziş kimi görünən müqavilənin hər-halda diplomatik mənasının olması da istisna olunmur. Qərblə milyardlarla dollar qiymətində olan ticari və iqtisadi əlaqələrə sahib olan Çin enerji faktoru ilə Rusiyaya daha da yaxınlaşaraq, geosiyasi problemlərin həllində əsas vasitəçi rolunu da əldə etmiş olacaq. Qərb və Rusiya ilə yaxın əlaqələrə sahib olan Pekin bu əlaqələr vasitəsilə ABŞ-ın Uzaq Şərq siyasətində müəyyən güzəştlər də qazanacaq. Müqaviləyə qədər Suriya və Ukrayna hadisələrində öz varlığını hiss etdirib, indi də əlinə düşən fürsəti lazımi şəkildə dəyərləndirən Çin bundan sonra hesablaşılan qlobal güc statusunda ola bilər.
Rusiya baxımından da qaz anlaşması müəyyən mənalar kəsb edir. Puşkov da bunun strateji əhəmiyyətə malik olduğunu gizlətmədi. Məsələn, Ukraynada baş verən proseslərin fonunda Avropa kimi böyük enerji bazarını itirmək təhlükəsi və ABŞ-ın ağır iqtisadi sanksiya zərbələrilə üzləşən Rusiya üçün Çin alternativ sayıla bilər. Lakin Rusiya ilə yanaşı Çinin də müqavilədən əldə edəcəyi siyasi və iqtisadi mənfəətlər də az olmayacaq.
İqtisadçı-ekspert Natiq Cəfərli də iki ölkə arasında imzalanmış qaz müqaviləsinin müstəsna əhəmiyyətə malik olması qənaətindədir. N.Cəfərli də hesab edir ki, qaz müqaviləsi Rusiyadan daha çox Çinə qazanc gətirəcək. Ekspert də bununla Rusiyanın daha etibarlı enerji bazarı axtarışında olduğunu deyir: "Rusiya son dövrlərdə Qərblə çətinləşən münasibətlər və sanksiyalardan doğan problemlərlə əlaqədar yeni bazarlar axtarışındaydı. Çin də dünyanın ən böyük bazalarından biridir. Artıq 10 il idi ki, bu istiqamətdə danışıqlar aparılırdı. Rusiya öz qazının Çin bazarına çıxışını təmin etməyə çalışırdı. Rusiya indi çox pis bir zamanlama yaşayır. Çin də bu vəziyyətdən istifadə edərək, istəklərini qəbul etdirməyi üçün çox yaxşı bir şəraitin yarandığınə görərək, Rusiya ilə danışıqları yekunlaşdırmaq qərarı verdi. Danışıqlar Çinin böyük üstünlüyü ilə keçdi, tamamilə onun istədiyi kimi baş verdi. Rusiya da başa düşür ki, Avropa İttifaqı ondan qaz asılılığını azaltmaq üçün çox ciddi tədbirlər görür. Yaxın 2-3 ilə Rusiyadan qaz idxalını xeyli azaldacaq. Qaz isə Rusiya büdcəsinin təxminən 30% gəlirini təmin etdiyi üçün bu çox əhəmiyyətli faktordur. Ona görə də Avropada itirdiyi bazaları digər yerlərdə tapmağa çalışır. Çin də bunun üçün alternativ variantdır. Son qərarlardan sonra rusiyalı ekspertlərin verdikləri rəylərə əsasən, anlaşmadan ən çox udan tərəf Çin olacaq. Çünki Çinə satacağı qazdan əldə edəcəyi gəlirlər Avropa bazarlarındakı qazanclarından xeyli az olacaq. Ona görə də bu Rusiya üçün o qədər də ciddi müqavilə deyil. Qaz strateji məhsuldur, onu çıxarıb satmamaq mümkün deyil. Çıxarılandan sonra mütləq bazarı tapılmalıdır. Saxlanılması mümkünsüz məhsuldur. Avropada itirdiyi bazarları müəyyən qədərini geri qaytarmaq üçün Rusiya Çinlə bu razılaşmaya getməyə məcbur idi. Son dövrlərdə Rusiyanın Qərblə münasibətlərinin gərginləşməsini nəzərə alaraq, Çin öz təkliflərini diktə etmək üstünlüyü qazanacaq. Hesab edirəm ki, Rusiya-Çin münasibətlərinin inkişafı daha çox ikincinin iqtisadi yüksəlişi ilə nəticələnəcək, nəinki federasiyaya iqtisadi xeyir verəcək".
Krım referendumuna dair BMT-də keçirilən səsvermədə Çin bitərəfliyini elan etdi. Rusiyanın lehinə olan qərarı vermədi. Pekinin bu qərarı qəbul etməsini siyasi analitiklər iki ölkə arasında gərginliyin olması ilə əlaqələndirdilər. Maraqlıdı ki, ehtimalların hələ də gündəmdə olduğu bir vaxta belə bir anlaşmanın imzalanması hansı məntiqə əsaslanır? Bu sualı ekspert belə cavablandırıb: "Rusiya və Çin arasında gərginliyin olması mümkün deyil. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən kisi Rusiya və Çindir. Pekin başa düşürdü ki, Təhlükəsizlik Şurasında belə bir səsvermə olarsa, Rusiya bunun əleyhinə veto qoyacaq və səsvermənin nəticəsi əhəmiyyətini itirəcək. Ona görə də Çinin bitərəf qalması o qədər də ciddi amil deyil. Amma əleyhinə səs verməsi daha ciddi nəticələrə gətirib çıxarardı. Çin də bunu nəzərə alaraq bitərəf qaldı. Bunun hansısa gərginliklə nəticələnəcəyi inandırıcı deyil. Çin dövlətçilik tarixi qədim olan bir ölkədir. Çinlilərin həyata, iqtisadiyyata baxışları, fəlsəfələri avropalılardan çox fərqlidi. Onların fürsət gözləməsi və bundan sonuna kimi öz xeyirləri üçün istifadə etmək mədəniyyətləri də var. Ətrafında yaranmış gərginliyə görə, Çin Rusiyanı belə bir anlaşmanı imzalamağa məcbur etdi".
Bəs Qərb bundan narahat olmalıdırmı? Ekspert deyir ki, Qərbli analitiklər hələ bir neçə illər bundan qabaq, hətta Ukrayna böhranı baş verməmişdən də öncə, Rusiya ilə Çinin ciddi yaxınlaşmasında müəyyən problemləri görürdülər: "Rusiyanın təbii sərvətlərindən istifadə edərək Çinin daha da güclənməsi, qərbli analitikləri düşündürür və narahat edirdi. Dünya iqtisadiyyatının bu səviyyədə inteqrasiya etdiyi bir dövrdə, açığı Rusiyanın Çinlə anlaşması Qərbin o qədər də təlaşına səbəb olmur. Tək Birləşmiş Ştatların dövlət borclarından 1 trilyon dollara yaxını Çinin əlindədir. Çinin ən böyük ixracat ölkəsi ABŞ-dır. Hər il Amerika üçün 600 milyard dollara yaxın qiymətə məhsul istehsal edir. İqtisadi inteqrasiya o səviyyədədir ki, Çinlə Rusiya yaxınlaşmasında Qərbin strateji maraqlarına zərbə vuracağı haqqında illər əvvəl deyilmiş fikirlər aktuallığını itirməlidir. Amma təbii ki, müəyyən əndişə və problemlər var. Çox güman ki, Qərbdə gələcəkdə bu problemlər üzərində düşünərək, hansısa alternativ addımlar atacaq".
Mənsur Rəğbətoğlu
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33