Ukraynada qanlı döyüşlər şiddətləndi
11:40 24-05-2014
CƏMİYYƏT
Ukraynada qanlı döyüşlər şiddətləndi
Luqansk vilayətində 20-yə yaxın separatçı və terrorçu məhv edildi, 2 Ukrayna hərbçisi həlak oldu
Srağagündən bəri Ukraynanın şərqində aparılan antiterror əməliyyatları nəticəsində 20-yə yaxın terrorçu öldürülüb, 30-a yaxını yaralanıb. Bu barədə özünün "Facebook" səhifəsində antiterror əməliyyatı haqda məlumatlandırma üzrə operativ qrupun rəhbəri Vladislav Seleznyov açıqlama yayıb.
V. Seleznyov Luqansk vilayətinin Rubejnoye şəhəri yaxınlığında yerli separatçılar və Rusiyadan gəlmiş muzdlulardan ibarət silahlı dəstənin zərərsizləşdirildiyini açıqlayıb: "Silahlı qrupun itkiləri 20-yə yaxın ölü və 30-a yaxın yaralıdan ibarətdir. Təəssüf ki, Ukrayna tərəfi də itki verib. Əməliyyat zamanı bizim 2 hərbçimiz həlak olub, 7-si yaralanıb".
Qeyd edək ki, son günlər Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətləri ərazisində separatçı-terrorçu qruplarla hökumət qüvvələri arasında toqquşmalar daha da intensivləşib. Mayın 22-də Donetsk vilayətinin Volnovaxa şəhəri ətrafında düşərgə quran Ukrayna Silahlı Qüvvələrinin motoatıcı dəstəsinə hücum nəticəsində 16 Ukrayna hərbçisi həlak olub.
Donetskdə
könüllülərdən ibarət
batalyon terrorçuların mühasirəsinə düşdü
Ukraynanın Donetsk vilayətində könüllülərdən ibarət "Donbass" batalyonu mühasirədən çıxa bilib. Hazırda batalyon Ukrayna ordusunun blokpostu yaxınlığında mövqe tutub.
Qeyd edək ki, səhər saatlarında batalyonun Karlovka kəndi yaxınlığında pusquya düşdüyü və nəticədə 9 nəfərin yaralandığı haqda məlumat yayılıb. Batalyonun komandiri ordu rəhbərliyinə yardım haqda müraciət etdiklərini, lakin bu müraciətin cavabsız qaldığını bildirib.
Öz növbəsində Ukrayna ordusunun rəhbərliyi könüllülərin xahişinə reaksiya verdiyini bəyan edib.
Volnovaxada 13 Ukrayna hərbçisi həlak oldu
Ukraynanın Donetsk vilayətinin Volnovaxa şəhəri yaxınlığında silahlı separatçı və terrorçu qrupun hərbçilərin postuna hücumu zamanı isə 13 əsgər həlak olub. Bunu özünün "Facebook" səhifəsində tanınmış jurnalist, "Cenzor.net" xəbər saytının baş redaktoru Yuri Butusov yazıb.
Y. Butusov mayın 22-nə keçən gecə Volnovaxa ətrafında Ukrayna Silahlı Qüvvələrinin motoatıcı dəstəsinə hücum nəticəsində 13 əsgərin həlak olduğunu və 30-dan çox hərbçinin yaralandığını açıqlayıb. Yaralıların bir çoxunun durumu ağırdır.
Y. Butusov faciəvi olayda Müdafiə Nazirliyinin Baş Qərargahını ittiham edib və Baş Qərargah rəhbərliyinin istefasını tələb edib: "Antiterror əməliyyatının gedişində baş verən böyük itkilər səriştəsiz hərbi idarəçiliyin nəticəsidir. Əvvəl bu itkiləri əməliyyatın vahid komandanlıq tərəfindən idarə edilməməsinin nəticəsi kimi qiymətləndirmək mümkün idisə, əməliyyata rəhbərlik Baş Qərargaha verildikdən sonra bunun məsuliyyətin tamamilə Baş Qərargahın üzərinə düşür".
Qeyd edək ki, dünən səhər saatlarında hərbi ekspert Dmitri Tımçuk hadisə zamanı 8 əsgərin həlak olduğunu bildirmişdi. Ukrayna Müdafiə Nazirliyi hələlik ölən və yaralananların dəqiq sayını açıqlamayıb.
Rusiya müdafiə naziri: "Ukrayna vətəndaş müharibəsi
həddinə çatıb"
Viktor Yanukoviç hakimiyyətdən uzaqlaşdırılandan sonra Ukrayna vətəndaş müharibəsi həddinə çatıb. Bunu Moskvada təhlükəsizlik konfransında Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
"Avropada süni şəkildə gərginlik ocağı yaradılıb. Bu isə qlobal təhlükəsizliyə mənfi təsir göstərib. Bu gün oxşar proseslər Venesuelada da baş verir. Bu ölkədə xaricdən maliyyələşdirilən "demokratik" müxalifət qanuni hakimiyyətə qarşı çıxır", - deyə o vurğulayıb.
Kadırov Ukraynanı müharibə ilə hədələdi
Çeçnistanın rəhbəri Ramzan Kadırov Rusiya jurnalistlərinə qahmar çıxıb.
Kadırov özünün İnstaqram səhifəsində LifeNews telekanalının jurnalistləri Oleq Sidyakin və Marat Sayçenkonun Ukraynada Kramatorsk ətrafında saxlanmasına sərt etiraz edib. R.Kadırov bildirib ki, rəsmi Kiyev həmin jurnalistləri qollarında qandal və başlarına torba keçirilmiş halda saxlayırlar. "Rəsmi Kyev hətta BMT-nin və ATƏT-in mətbuat nümayəndələrini azad etmək çağırışılarına da məhlə qoymur. ABŞ isə , elə bil ki, bütün bunlar haqqında heç nə bilmir. Əgər Kiyev jurnalistləri evə qaytarmaq haqqında düşünməsə, biz baş verənləri sakit seyr etməyəcəyik. Bizim jurnalistləri azad etmək üçün real gücümüz və imkanımız var. Ona görə də məsləhət görürük ki, jurnalistləri azad edin, yoxsa ki, biz sərt davranacağıq!", - Ramzan Kadırov bildirib.
Moskva
Vaşinqtona uduzur
Ukraynada hərbi qarşıdurmanın şiddətləndiyi bir vaxtda isə məlum olub ki, rəsmi Kiyevin dəstəyinə böyük ehtiyac duyduğu və ümid bəslədiyi ABŞ Rusiyaya qarşı əhəmiyyətli hərbi üstünlük qazanmağa tədricən yaxınlaşır. Belə ki, ABŞ-ın aerokosmik və qabaqcıl hərbi sənaye istehsalçısı olan "Lockheed Martin" şirkətinin istehsal etdiyi "Aegis Ashore" hava hücumundan müdafiə sisteminin yeni versiyası uğurla sınaqdan keçirilib.
"Aegis"in bu versiyası tezliklə Rumıniya və Polşa dəniz sahillərindəki gəmilərə yerləşdirilərək raket əleyhinə güclü çətir yaradılacaq. Bununla da Vaşinqton Rusiyanın qitələrarası ballistik raketlərinin məhv edilməsi üçün önəmli addım atmış olacaq.
"Biz Rumınıyada yerləşdiriləcək bir sistemi sınaqdan keçirdik", - Pentaqonun nümayəndəsi polkovnik Stiv Uorren bildirib. Hərbi proqramın reallaşdırması üzrə ABŞ-ın ən böyük lobbi qrupunun rəhbəri Rik Ellisonun fikrincə, bu sınaq NATO-nun Avropada quracağı raketdən müdafiə sisteminin təxminən 800 milyon dollar başa gələcəyini göstərib.
Keçirilən son sınaqlardan sonra "Aegis" raketdən müdafiə sistemlərindən yalnız dənizdə deyil, həm də quruda istifadə etmək mümkün olacaq. Hazırda dünyanın müxtəlif yerlərində xidmət aparan ABŞ gəmiləri, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Böyük Britaniya, Fransa, Niderland və başqa dövlətlərin Hərbi-Dəniz Qüvvələrinin silahlandırılmasına "Aegis BMD" sistemi daxil edilib.
Rusiya Strateji Tədqiqatlar İnstitutunun əsas məsləhətçi Vladimir Kozin "Aegis Ashore" raketdən müdafiə sisteminin Rumınıyanın cənubundakı Deveselu hərbi hava bazasında qurulacağını bildirib. Belə ki, artıq keçən ilin oktyabr ayında sistemin qurulmasına başlanılıb. Plana görə, Rumınıya ərazisində idarə olunan 24 ədəd "Standard Missile 3" (SM-3) raketi yerləşdiriləcək. Polşada da - Baltika dənizinin sahili yaxınlığında "Aegis Ashore" sistemi çərçivəsində 24 raket yerləşdiriləcək. Sistem Rumınıyada 2015-ci il, Polşada isə 2018-ci ildə fəaliyyətə başlayacaq.
V.Kozin vurğulayıb ki, Avropada sözügedən sistemlərindən müasir Amerika nüvə doktrinasında nəzərdə tutulduğu kimi nüvə zərbəsinin birinci vurmaq üçün istifadə edilə bilər. Şərqi və Cənubi Avropa ərazisində Pentaqon artıq beş hərbi baza qurub. "Hazırda Rusiya və ABŞ raketdən müdafiə sistemləri barədə rəsmi danışıqlar aparmırlar. On iki il davam edən konsultasiyaların hər hansı bir nəticəsi olmadı. ABŞ və SSRİ 1972-ci ildən raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması barədə müqavilədən çıxışdan sonra Vaşinqton faktiki olaraq qlobal sistemin yaradılması
Ekspertlər onu da bildirirlər ki, rəsmi Kiyev Rusiya qarşısında hərbi qüdrətini artıran ABŞ-a bir o qədər də bel bağlamamlıdır. Çünki Vaşinqtonun Ukraynaya görə Moskva ilə hərbi qarşıdurmaya getmək ehtimalı çox azdır, hətta demək olar ki, belə bir ehtimal yoxdur.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33