İsa Qəmbərdən Müsavatın qurultayına "şok sürpriz" həqiqətdirmi?
10:01 27-05-2014
CƏMİYYƏT
İsa Qəmbərdən Müsavatın qurultayına "şok sürpriz" həqiqətdirmi?
Elnur Astanbəyli: ""Qurdlar vadisi - pusu" üslubu hamının beyninə yeriyib"
"Müsavat başqanı İsa Qəmbər artıq düyməyə basıb, Müsavatın yöntəmini və yönətmənini dəyişmək haqqında qərar verib." Bu barədə avropa.info-ya Müsavat Partiyasından adının çəkilməsini istəməyən mənbə məlumat verib.
Mənbə qeyd edir ki, son günlər İsa Qəmbərə ən yaxın sayılan əsasən orta nəsil və gənc müsavatçılardan ibarət ciddi bir qrup İsa Qəmbərin məsləhəti ilə fəaliyyətə başlayıb: "Bizdə olan məlumata görə, bu qrup İsa Qəmbərə ən sadiq və yaxın olan, əsasən intellektuallardan ibarət olduğu deyilən "liberal" qanad hesab olunur. İsa Qəmbər bu siyasətçilərin artıq yetişdiklərini və cəmiyyətdə, ictimai-siyasi sahədə nüfuz sahibi olduqlarını düşünür deyə və partiya daxili məsələlərə görə də daha çox bu qanada üstünlük verməkdə qərarlı görünür".
Mənbə bildirir ki, şərti olaraq "Liberallar" adlandırılan bu qrupa sıravi müsavatçıların da isti münasibəti açıq- aşkar hiss olunur, sosial şəbəkələrdə və partiya mətbəxində demək olar ki, hər kəs bu mövzuda çox həvəslə danışır: "Ən maraqlı məsələlərdən biri də Türkiyədə olan Müsavatın mənəvi ağsaqqallarının bu məsələdə İsa Qəmbərə tam dəstək verdiyi deyilir".
Məlumatı verən mənbə qeyd edib ki, İsa Qəmbər Müsavatın tarixi ənənəsini - intellektual və modern bir komandanın Müsavatda rəhbərliyə gəlməsini düşünür: "Bizdə olan ən son məlumata görə, bu qrupa daxil olan şəxslər müxtəlif tərkiblərdə bir neçə dəfə toplaşıb, bu mövzunu da müzakirə ediblər. Görüşlərdə iştirak edənlərdən əldə edilən məlumata görə, bu qrup qurultayın vaxtı dəqiq məlum olduqdan sonra daha da fəallaşacaq. Qurultayda öz aralarından surpriz namizədlə iştirak etmək haqqında ilkin qərarı olan bu qrup Müsavat Partiyasında bir sıra yeniliklər etməklə bağlı razılıq da əldə ediblər. Qurultayda nizamnamə və proqramda yeni dəyişikliklər etməyi düşünən bu qrup qarşıdan gələn parlament seçkilərində partiyanın indidən hazırlaşmasını, Avropaya inteqrasiya ilə bağlı partiyanın daha kəskin addımlar atmasını təklif edəcəkləri gözlənilir".
Mənbə bu qrupa daxil olan partiya üzvlərinin siyahısını da avropa.info-ya göndərib. Siyahıda bir çox Müsavat funksionerləri (həbsdə olan Yadigar Sadıqlı, Elman Fəttah, Mustafa Hacıbəyli, Səxavət Soltanlı və s.) bəstəkar və kulturoloq Elmir Mirzoyev, şair-publisist Elnur Astanbəyli, bəstəkar Firidun Allahverdi, jurnalist Alya Yaqublu kimi tanınmış müsavatçılar da var.
Bu insanların ətrafında xaricdə təhsil alan gənclərin də olduğu deyilir. Bildirilir ki, onların təhlükəsizliyi baxımından hələ ki, adları gizli saxlanılır. Daha bir maraqlı məqam bu insanların aktivləşəcəyi məqamda partiya daxilində və digər tanınmış gənc və orta yaşlı insanların bu komandaya qoşulacağı gözlənilir.
Mənbə qeyd edib ki, bu qrupa daxil olanlar bir neçə dəfə müxtəlif tərkiblərdə görüşlər keçiriblər, bunu heç ətrafdakılardan gizlətmirlər də. Mənbə bu qrupun fəaliyyəti barədə facebook səhifələrində də ipucu tapmağın mümkün olduğunu deyib.
Adları sözügedən qrupun üzvləri kimi göstərilən Səxavət Soltanlı, Elman Fəttah artıq facebook sosial şəbəkəsində məlumatın qeyri-ciddi olduğunu göstərən fikirlər səsləndiriblər.
Elnur Astanbəyli isə "Unikal"a açıqlamasında xəbəri gülüşlə qarşıladığını bildirib: ""Qurdlar vadisi - pusu" metodları üslubu beyinlərə yeriyib. Hamı illah ki, bir yerdə gizli qrup, məxfi şəbəkə axtarır, kodlarla danışır, olmayan kodları açmağa girişir, etibarsız "etibarlı mənbə" adı ilə ağlına və ağzına gələni danışır və yazır. Haqqında soruşduğunuz "informasiya" isə o qədər qeyri-ciddidir ki, nəsə demək artıqdır. Guya bu siyahı Müsavatdan göndərilib, amma belə çıxır ki, həmin o Müsavatdakı mənbə, məsələn, Firudin Allahverdinin ümumiyyətlə müsavatçı olmadığını bilmir. Boş söhbətdir. Mən heç bir "Liberallar" qrupunun üzvü ən azı ona görə ola bilmərəm ki, ideoloji dünyagörüşümə görə heç liberal deyiləm, sosial-demokratam. Müsavatın yeni başqanı ilə bağlı əlbəttə, hər bir partiya üzvünün öz fikri, namizədi ola bilər, bunu da zamanı gələndə hər kəs yəqin açıqlayacaq. Amma indi durub bu mövzuda "dərin Müsavat" nağılı uydurmaq "Qurdlar vadisi - pusu"nun ölkəmizdə beyinləri nə qədər zəhərlədiyinin göstəricisidir".
Günay Məmmədova
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33