Ukrayna seçimini etdi
10:03 27-05-2014
CƏMİYYƏT
Ukrayna seçimini etdi
Qərblə Rusiya gözləmə mövqeyindədirlər
Ukrayna prezident seçkilərini sona çatdırdı. Gözlənilənlərdən fərqli olaraq seçki bir turdan ibarət oldu və milyarder Pyotr Poroşenko prezident seçildi. Və bununla da Ukrayna tarixində yeni mərhələ başladı.
Ekspertlər hesab edir ki, yeni prezident kifayət qədər sərt xarakterli və prinsipial adamdır və həyata keçirəcəyi siyasətdə də bu detallar özünü göstərəcək. Elə Poroşenko verdiyi ilk açıqlamada da antiterror əməliyyatları ilə bağlı sərt baxış sərgiləyib. P. Poroşenko ölkənin şərqində keçirilən antiterror əməliyyatının bundan sonra daha effektiv olacağını söyləyib: "Antiterror əməliyyatı kardinal şəkildə dəyişəcək. Daha effektiv və qısa olacaq. Qüvvələrin təchizatı və maaşları da kardinal şəkildə dəyişikliyə məruz qalacaq". Ekspertlər bunu da hesab edir ki, ciddi iqtisadi rıçaqlara və bilgilərə sahib olan yeni prezident Ukraynada köklü islahatlar keçirəcək və bu hakimiyyət iş adamlarının hakimiyyəti olacaq. Yəni siyasət ikinci planda olacaq və əsas güc ölkənin iqtisadi qüdrətinin artırılması olacaq. Analitiklər hesab edir ki, Poroşenko bunun üçün Rusiya ilədə münasibətləri normallaşdıracaq. Belə ki, Qərbə inteqrasiya edən Ukrayna Rusiya ilə ortaq razılığa gələ bilər. Məsələn Ukrayna hələ ki, NATO-ya üzv olmur və bunun qarşılığında Rusiya ilə iqtisadi əlaqələri ciddiləşdirir. Amma ortada bir Krım problemi də var və yəqin ki, buna görə Rusiya ilə münasibətlər bir müddət soyuq olacaq. Əksər ekspertlər hesab edir ki, Rusiya heç bir halda Krımı Ukraynaya qaytarmayacaq və Ukrayna hakimiyyəti bu reallıqla hesablaşmalı olacaqdır. Ən azından bir müddət Krım məsələsi dondurulmuş şəkildə saxlanılacaq və problemin həlli beynəlxalq təşkilatlar səviyyəsində müzakirəyə çıxarılacaq. "Unikal"a açıqlama verən politoloq Mübariz Əhmədoğluda hesab edir ki, Ukrayna bu seçimi ilə yeni mərhələyə keçid etdi:-" Mən məsələyə bir neçə istiqamətdə baxmaq istəyərdim. İlk növbədə bu seçkilər sübut etdi ki, Ukrayna xalqı köhnə siyasətçilərdən beziblər və Timoşenkoda başda olmaqla bu siyasətçilər tarixin arxivinə göndərildilər. Bunu da qeyd edim ki, məhz bu siyasətçilərin yanlışlığı hesabına belə olaylar yaşandı. Çünki bu siyasətçilər Ukraynanı Avropa ilə Rusiya arasında gedən savaşın ortasına atdılar və nəticədə göz qabağındadır. Bunu da deyim ki, Qərb Azərbaycanı da belə oyuna salmaq istəyirdi və "Nida" gənclər təşkilatının xətti ilə ölkədə sabitliyi pozmağa çalışırdılar. Sadəcə olaraq Azərbaycan hakimiyyəti ağıllı siyasət yürütdü və iki nəhəngin savaşına qatılmadı. Amma Ukrayna siyasətçiləri bunu nəzərə almadılar. Nəticə isə göz qabağındadır". Mübariz Əhmədoğlu bunu da bildirdi ki, Poroşenko Rusiyaya bağlı adamdır. Belə ki, onun Rusiyada biznesi var və bir müddət öncə onun istehsal etdiyi məhsullara bu ölkədə qadağa qoyulmuşdu. Amma bir müddət öncə məlum qadağa götürülmüşdü və Rusiya ilə münasibətlər tənzimlənmişdi. Mübariz Əhmədoğlu hesab edir ki, Poroşenkonun prezident seçilməsi həmdə korrupsiyanın kökünü kəsəcək:-" Qeyd edim ki, Poroşenko rəsmi şəkildə milyarderdir və bu səbəbdən onun pul qazanmaq üçün korrupsiyaya əl atacağı gözlənilmir. Həmçinin o çalışacaq ki, korrupsiyanın qarşısını almaqla Ukrayna iqtisadiyyatını dirçəldsin. Bundan başqa qeyd edim ki, hər zaman Ukraynada hakimiyyət məhz oliqarxlar tərəfindən devrilib. Amma hazırda Poroşenkonun özü oliqarxdır və ona artıq belə təsir etmək mümkün olmayacaq". Ekspertlər hesab edir ki, Poroşenko hazırkı durumdan çıxmaq üçün mütləq sərt addımlar atmalıdır. Bu addımlar isə ilk növbədə kadr islahatları olacaq. Yeri gəlmişkən bunu da xatırladaq ki, Ukraynada həmçinin Kiyev merliyinə də seçkilər keçirilib və Kliçko qalib gəlib. Bu isə o deməkdir ki, Poroşenko həm də Kliçko komandasından maksimum şəkildə bəhrələnəcək. Hətta indidən belə fikirlər səsləndirilir ki, Poroşenko Kliçkonu özünün varisi kimi hazırlayır və növbəti prezident seçkilərində ona dəstəyini
verəcək. Bu arada rəsmi Kremldə Ukraynada keçirilən seçkilərlə bağlı açıqlama verib və seçilmiş prezidentlə əməkdaşlıq edəcəklərini bildiriblər. Eyni məzmunlu bəyanatla devrilmiş keçmiş prezident Yanukoviçdə çıxış edib. Bütün bunlar isə sübutlayır ki, artıq Ukrayna krizis dönəmindən çıxmağa hazır vəziyyətdədir və bu məqamda Avropa ilə Rusiyanın atacaqları addımlar maraqlı olacaq. Belə ki, Avropa Ukraynaya milyardlarla dollar həcimində kredit verməyə hazırlaşır, Rusiya isə Ukraynaya satdığı qazın qiymətini artırıb. Ekspertlər hesab edir ki, Poroşenko yaxın zamanlarda qazın qiymətinin endirilməsinə nail olarsa Ukrayna tarixinə düşə biləcək. Hələlik isə yeni prezident yeni komanda yaratmaq üçün start vəziyyətindədir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49