Xəyanətkar hakimiyyətin bəlası: can bədəndən çıxmayınca
10:26 27-05-2014
CƏMİYYƏT
Xəyanətkar hakimiyyətin bəlası: can bədəndən çıxmayınca
Sovetlər Birliyi dağılandan və Ermənistan dövlət müstəqilliyi qazanandan sonra ölkədə burjua-demokratik inqilabının yaşandığı deyilir. Halbuki nə inqilab vardı, nə də demokratiya. Özlərini burjua kimi qələmə verənlər adi banditlər idilər.
Nəticə göz qabağındadır: əhalisinin əksər hissəsinin özünü bədbəxt saydığı ölkə kriminal-oliqarxik sistemin idarəsindədir.
Prezident Serj Sarkisyanın başçılıq etdiyi bu sistem indi maliyyə, imkanlar və təmir vasitələrinin yenidən bölüşdürülməsinə başlayıb.
Bu isə iqtidar komandasında yeni anlaşmalar və sövdələşmələri qaçılmaz edir.
Cinayətkarlıqla əldə olunmuş varidatlarını leqallaşdıran şəxslər yeni oyun qaydalarına sürətlə alışmaq istəmədiklərindən yaranmış reallıqlara öyrənmək, alışmaq istəmirlər.
S.Sarkisyan da həmin fiqurları idarə etməyin yeni və daha çevik, mütəhərrik yollarını hələ tapa bilmir.
Prezident mövqelərinin bundan sonra da zəifləməsinin qarşısını almaq və iqtidar düşərgəsindəki qruplaşmalar arasında didişmənin onun dayaqlarını laxlatmasına yol verməmək üçün ölkə iqtisadiyyatının bütünlüklə kənar "hami"lərə verilməsini çıxış yolu sayır.
Sarkisyanın və onun dəstəsinin indiki durumu bu adamlara uğurlu təsir bağışlasa da, belə deyil.
İş ondadır ki, yeni hökumətin formalaşması ilə bağlı "qələbə" Serj Sarkisyanın dayaqlarını darmadağın olmaqdan qurtarsa da, Ermənistana çox baha başa gəldi. Bu ölkə beynəlxalq subyektliyini itirdiyindən müstəqilliyi və suverenliyi artıq yalnız kağız üzərində qalıb.
Yerevandakı rejimin hamisi və sahibi Rusiya ilə bağlı durum da aydın deyil. Moskva Ermənistanla bağlı məsuliyyətdən yaxa qurtarmağa çalışsa da, alınmır. Mahiyyət etibarilə Ermənistan Rusiya üçün hazırda Ukraynadan da ağır problemdir.
Çünki Ukraynadan fərqli olaraq Moskva Ermənistandakı rejimi "yemləməli", Rusiyanın bu ölkədəki infrastrukturu və ələlxüsus da hərbi bazasına zərbə vuracaq kollapsa yol verməməlidir.
Erməniləri bundan sonra da yemləmək üçün Rusiyanın nə imkanları, nə də həvəsi qalmayıb.
Qərb də ermənilər üçün problemdir. ABŞ və Avropa Birliyi son prezident və parlament seçkilərindən sonra Sarkisyan rejiminə pul verməkdən imtina edib. Bundan başqa, ermənilərin təhlükəsizliyinin təminatı ilə bağlı məsuliyyəti də Qərb öz üzərinə götürmək istəmir.
Belə şəraitdə Sarkisyan rejiminin əsas ümid yeri Rusiyadakı erməni kriminal oliqarxiyasıdır və məhz bəhs etdiyimiz səbəbdən Yerevandan Moskvaya ünvanlanan mesajlarda "Kömək edin, pul verin" ifadələri daha çox yer alır.
Ermənistandakı "burjua-demokratik çevriliş"in da mahiyyəti "bərabərlik və ədalət"in təminatı üçün kimin nə qədər ödəyəcəyini müəyyənləşdirməkdi. Təbii ki, xarici ölkələrdəki ermənilər Yerevan rejiminə sürəkli şəkildə, əhəmiyyətli məbləğlərlə yardım etmək niyyətində deyillər. Məqsəd, sadəcə, Ermənistanın dövlət kimi mövcudluğunu saxlamaqdır.
Ermənistandan Rusiyaya yollanan miqrant axınının qarşısını almaq üçün Sarkisyan rejiminin adekvat addımlar atmamasının, zəruri islahatlar aparmamasının səbəblərindən biri də budur.
Çünki yüz minlərlə erməni miqrant Rusiyaya gedirsə, deməli, Ermənistanda bu adamları iş və gəlirlərlə təmin etmək, onların barəsində düşünmək gərək deyil.
Di gəl, problem erməni kriminal oliqarxiyasının maraqları ilə qayğılarından da dərindir.
Serj Sarkisyanın hakimiyyəti illərində Ermənistan geosiyasi bomja dönüb. Dünyanın güc mərkəzlərindən heç biri bu ölkəyə görə məsuliyyət daşımaq, onu özünə strateji tərəfdaş saymaq niyyətində deyil.
Ermənistan dünya geosiyasətində indi boş ərazi, maraq doğurmayan məkandır. Asiyadakı səhralar və ya Antarktikadakı buzlaq qırıqlarının yığıldığı yerlər kimi.
Baş verənlərə görə məsuliyyəti isə Serj Sarkisyanın başçılıq etdiyi kriminal oliqarxiya və sözügedən yığnağa xidmət edən "müxalifət" partiylaları daşıyır.
Fani həyatda elə məqamlar var ki, onları bağışlamaq olmur.
Habelə, hər şeyə görə hesab vermək, özü də ödənişi tam gerçəkləşdirmək gərəkdir.
Belə şəraitdə Ermənistanın ağası və sahibi olan ölkənin ödənişi, rolu nə olacaq - ermənilər bilmək istəsələr də, bilmirlər.
Yerevandakı rejim dərk edir ki, Rusiya tarixi missiyasını yerinə yetirib və qlobal geosiyasi proseslərdəki önəmini itirib. Qərb indi Moskva üçün yeni rol, tam nəzarətdə saxlanacaq dövlət statusu hazırlayır və Rusiya da yürütdüyü siyasətlə bu ssenarinin mümkün qədər tez reallaşmasına sanki təkan verir.
Moskvadakı bir çox məmurlar bilərəkdən və ya sövqi-təbii olaraq Qərbin ən çirkin işlərinin icraçılarına çevriliblər.
Rusiyadakı proseslər təbii ki, Ermənistan təki vassal dövlətlərdən də yan keçən deyil.
Moskvaya kölə kimi xidmət edən və müti asılılıqda olan "elita"ları Qərb, qarşısına qoyduğu məqsədlərə çatandan və istədiyini alandan sonra məhv edəcək.
Rusiyanın geosiyasi sapmalarının Ermənistandakı "ötürücüsü" olan kriminal oliqarxiya da mahiyyət etibarilə xəyanətkar, satqın olduğundan mümkün qiyam, üsyan və ya çevrilişə qətiyyən dayanıqlı deyil.
Sarkisyan hakimiyyətinin devrilməsi də elə "Qərb agentləri" vasitəsilə həyata keçiriləsidir.
Yerevandakı iqtidar dəstəsinə bir müddət əvvəl hakimiyyəti könüllü tərk etmək təklif olunmuşdu. Dəfələrlə, uzun vaxt ərzində səslənən təklifi hakimiyyət lağa qoyaraq rədd etdi.
İndi də əslində həmin təklif müzakirə edilən deyil.
Ona görə də əsas məsələ cəmiyyətin davranışıdır.
Ölkənin geosiyasi subyektliyini bərpa etmək, təhlükəsizliyə nail olmaq üçün ermənilər iqtidarı dəyişməlidir.
Əks təqdirdə heç nə dəyişən deyil.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49