Abel Məhərrəmov: "Universitetimiz Xalq Cumhuriyyətinin oğul yadigarıdır"

Bakı Dövlət Universitetində 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə Xalq Cümhuriyyətinin yadigarlarından olan BDU-da "Universitetin tarixi muzeyi"nin yeni formatda açılışı olub.
BDU-nun mətbuat xidmətindən verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov bu əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb. Rektorun sözlərinə görə, BDU-nun arxivini araşdırarkən, məlum olub ki, o zamankı universitet rəhbərliyinin ilk qərarlarından biri onun tarixi muzeyinin yaradılması olub.
Sonra tədbir böyük akt zalında davam edib. Çıxış edən rektor Abel Məhərrəmov bütün tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük əsərləri olduğunu xatırladan akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetini onun oğul yadigarı adlandırıb.
XX əsrin Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olduğunu, müstəqil dövlətimizin qurulduğunu deyən rektor Xalq Cümhuriyyəti yaradıcılarının tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilmir, ölkədə baş alıb gedən özbaşınalıq müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir məqamda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanma, dağılma təhlükəsindən qurtardı. Ulu öndər hakimiyyəti dövründə Azərbaycan çox böyük uğurlara imza atdı və həmin uğurlu siyasət bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rektor sonda fikrini "xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha xoşbəxt olur ki, həmin siyasət ölkədə uğurla davam etdirilir. Bu baxımdan Azərbaycan xalqı çox xoşbəxt xalqdır" sözləri ilə tamamlayıb.
Tədbir bədii özfəaliyyət qrupunun hazırladığı proqramla davam edib.