Azərbaycanda özəl orta məktəblərin "ceyran beli"ndə olan qiymətələri
Artıq 2013-2014-cü tədris müddəti bitmək üzrədir. Çünki növbəti tədris ilində birinci sinifə gedəcək uşaqlar üçün orta məktəblərdə, liseylərdə qəbul başlayıb. Övladlarının gələcəyini düşünən valideynləri "uşağı hansı məktəbdə oxumağa qoyaq?" sualı artıq narahat edir. Bu zaman ağıla ilk gələn özəl orta məktəblər olsa da, valideynlərin əksəriyyəti təhsil haqqına görə dövlət orta məktəblərini üstün tuturlar.
Amma təbii ki, pulu olan və güclə də olsa pul toparlaya bilən valideynlər özəl məktəblərə üstünlük verirlər. Valideynlər üçün maraqlı olduğu üçün biz də Azərbaycanda fəaliyyət göstərən özəl orta məktəblərdə illik təhsil haqlarını öyrənmək qərarına gəldik. Bunun üçün müştəri kimi paytaxtda fəaliyyət göstərən bir sıra özəl orta təhsil müəssisələri ilə əlaqə saxladıq.
Ən bahalı məktəb
İlk müraciət etdiyimiz ünvan "TİSA - The international school of Azerbaijandır". Araşdırmamız nəticəsində məlum oldu ki, ölkəmizdə fəaliyyət göstərən ən bahalı orta məktəb məhz buradır. Məktəbin nümayəndəsi ilə danışdığımız zamanı bizə deyilən qiymətə özümüz də inana bilmədik. "Bəlkə səhv eşitdik?" düşüncəsi ilə yenidən sualımızı təkrarladıq? Amma məlum oldu ki, səhv etməmişik. Belə ki, məktəbin illik təhsil haqqı 30 min dollardır. Üstəlik, bu məbləğin qarşılığında nə şagirdlərə avtobus xidməti, nə də yemək xidməti mövcuddur. Məktəbin bağçasından yararlanmaq istəyən valideynlər isə illik 20 min dollarlarından keçməlidirlər.
Övladını "Bakı İnternational School"da oxutdurmaq istəyən valideynlərin də əllərinin ciblərində olması laımdır. Burada qiymətlər TİSA-dan azca ucuz - 23 min dollardır. Məktəbdən verilən məlumata görə, bu məbləği ödəməklə övladınızın mükəmməl təhsil almasına nail ola bilərsiniz.
15, yoxsa 17 min
manat ödəməli?
Valideynlər övladlarının təhsil almasını istədikləri məşhur məktəblərdən biri də Bakı British Schooldur (Britaniya məktəbi - A.Ə.). Burada təhsil iki pilləli aparılır. Məktəbin nümayəndəsinin qəzetimizə verdiyi məlumata görə, məktəbə qəbul 5-6 yaşından aparılır: "Əgər uşaq 5 yaşından qəbul olunursa, 1 il hazırlıq müddəti keçir. Hazirlıq müddəti 2500 manata başa gəlir. 6 yaşından isə valideyn seçim edir. Dərsləri Azərbaycan müəllimləri tədris edərsə, 15 min manat, əcnəbi müəllimlər keçərsə, 17 min manat illik təhsil haqqı ödənməlidir. Ödənilən qiymətə isə məktəbli ləvazimatları ilə yanaşı, səhər və günorta yeməyi də daxildir".
SSRİ dağıldıqdan sonra Bakıda fəaliyyət göstərən ilk ingilis dilli məktəbi Baku Oxford Schooldur. Bu məktəb yarandığı ilk günlər illik təhsil haqqı 500 manat idi. Lakin 3-4 il sonra qiymətlər kəskin surətdə qalxdı. Söhbətləşdiyimiz məktəb nümayəndənin sözlərinə görə, qiymətlər şagirdin neçənci sinifdə təhsil almasına əsasən dəyişir: "Əgər uşaq 5 yaşından qəbul olunursa, 0-cı sinifə daxil olmuş sayılır. Bu zaman illik təhsil haqqı 7 min manatdır. 1-ci sinifdən 9-cu sinifə qədər 14 500, 9-cu sinifdən 12-ci sinfə qədər isə 16 500 manat təhsil haqqı ödəməlidir. Baku Oxford Schoolda oxumaq arzusunda olan uşaqlar mütləq psixoloji testdən keçməlidirlər".
Avtobus xidmətindən asılı olan illik
Özəl orta məktəblər arasında nisbətən insaflısı "Evrika" liseyidir. Övladlarının sözügedən liseydə təhsil almasını istəyən gənc valideynlər ildə 6 min manatlarından keçməlidirlər. Dərslər saat 9.00-da başlayır, 18.00-a qədər davam edir: "Bizim liseydə həm azərbaycan, həm də rus bölməsi fəaliyyət göstərir. 1-ci sinifdən bütün uşaqlara ingilis dili öyrədilir. Məktəbli forması, dərs ləvazimatları, yemək, avtobus xidməti liseyimiz tərəfindən təşkil olunur. Üstəlik, uşaqlar üçün dərnəklər, kurslar da fəaliyyət göstərir, onlara rəqs, aerobika keçirilir. Əgər valideyn uşağın məktəbə lisey avtobusu ilə gətirilib aparılmasını istəmirsə, bu zaman təhsil haqqı 5 min manata enir".
Əgər övladınızın "Avropa Azərbaycan Məktəbi"ndə təhsil almasını istəyirsinizsə, bu zaman illik 7 min manat "tərləməlisiniz". Bu qiymətə məktəbli forması, kitab və iki dəfə yemək daxildir. Həmçinin məktəbdə klublar fəaliyyət göstərir ki, uşaqlar istədiyi məşğuliyyətlərdən birini seçib öyrənə bilərlər.
"Nəqliyyat bizlik deyil"
"Erudit" ümumtəhsil məktəbində təhsil haqqı 5 min manata başa gəlir. Burada da uşaqlar saat 9.00-dan 18.00-a qədər məktəbdə olur, gündə iki dəfə yeməklə təmin edilirlər. Lakin nəqliyyat xidməti valideynlər tərəfindən təşkil olunmalıdır: "Nəqliyyat xidməti çox məsuliyyətli işdir. Buna görə də nəqliyyat xidmətini boynumuza götürmürük. Valideyn övladını səhər-səhər bizə sağ-salamat təhvil verir, axşam da təhvil verdiyi kimi götürür. Bizim məktəbdə təhsil alan uşaqlar ingilis dilini tam mənimsəyir və universitetə qəbul 100 faizdir".
Çağ Öyretim İşlətmələri şəbəkəsinə daxil olan və ölkənin 12 bölgəsində fəaliyyət göstərən türk liseylərində də qiymətlərlə maraqlandır. 12 məktəbdən 10-u yalnız oğlanlar, 1-i həm oğlan, həm də qızlar, 1-i isə ibtidai siniflər üçün nəzərdə tutulub. Bu məktəblərdə oxumaq məktəblərin Azərbaycanın hansı bölgəsində yerləşməsindən asılı olaraq ildə 2000-7500 manat arasında dəyişir.
Xaricdəki universitetlərlə yarışa girmişik
Ölkəmizdə fəaliyyət göstərən özəl orta məktəblərlə yanaşı, xaricdə fəaliyyət göstərən ali təhsil ocaqlarının təhsil haqları ilə də maraqlandıq. Araşdırmamız nəticəsində məlum oldu ki, Amerikanın özəl ali təhsil müəssisələində təhsil haqqı orta hesabla, 35-55 min dollara, Rusiyada 6 min avroyadır. Qardaş ölkə Türkiyədə ən bahalı təhsil haqqı isə 15 min manatdan başlayır.
Məlumat üçün bildirək ki, xarici təcrübədə, xüsusilə də qərbin bir çox özəl məktəblərində uğurla təhsil alan tələbələr üçün qrantlar və adlı təqaüdlər sistemi nəzərdə tutulur. Bu, valideynlərin çəkdiyi ilkin xərcləri əhəmiyyətli dərəcədə kompensasiya edir. Ayrı-ayrı hallarda özəl məktəbin müdiriyyəti istedadlı uşaqları qismən ödəniş müqabilində və ya təmənnasız olaraq məktəbə qəbul edir. Təəssüf ki, bizim ölkəmizdə bu cür təcrübə həyata keçirilməyib.
Harvard Universiteti, yoxsa Bakıdakı
özəl məktəblər?
Ekspertlərin fikrincə, ölkəmizdə uşaqlarını özəl orta məktəblərə yalnız aylıq gəliri ən azı min manat olan adamlar qoya bilər. Əhalinin qalan hissəsi isə övladlarını təhsilin çox da yaxşı olmadığı dövlət məktəblərində oxutdurmağa məcburdur.
Araşdırmamızın sonunda belə nəticəyə gəldik ki, Bakıda fəaliyyət göstərən özəl orta məktəblər sanki xaricdə olan özəl orta məktəblərlə də deyil, ali məktəblərlə yarışa giriblər. Təhsilin səviyyəsi yüksək olsa da, qiymətlər "cib yandırır". İllik xərclər orta aylıq əmək haqqından 10 dəfə, bəlkə də 20 dəfə çoxdur. Halbuki, bu qiymətlərlə valideynlər övladlarını dünyanın ən yaxşı məktəbi sayılan Harvard Universitetində oxutdura bilərlər.
Aygün Əziz
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55