Məşhur yazıçının son günləri: "Doktor, mənə ölüm verin..."
10:58 28-05-2014
CƏMİYYƏT
Məşhur yazıçının son günləri: "Doktor, mənə ölüm verin..."
Kafkanın vəsiyyəti, yoxsa Mark Brodun "məanətə xəyanəti"?
(əvvəli ötən şənbəgünki "Qələmdan"da)
Ömrünün son aylarını Berlində keçirən F.Kafkanı Maks Brod çox ağır halda tapır; həkim Kafkanın təcili evə çatdırılmasını bildirəndən sonra o, 1924-cü il martın 17-də dostunu Praqaya gətirir.
Beləliklə, Kafka son dəfə öz ailə mühitinə qayıdır.
Amma onu bu vəziyyətdə evdə saxlamaq mümkün olmur və xəstəni Vyana yaxınlığındakı müalicə sanatoriyasına göndərirlər.
Şəraiti son dərəcə bərbad olan sanatoriyada az sonra xəstəyə baxmaqdan imtina edilir və yazıçını üstüaçıq maşında prof. Haekin Vyanadakı universitet klinikasına gətirirlər; aprelin ortalarında isə Kafka doktor Hofmanın sanatoriyasına yerləşdirilir.
Ömrünün son həftəsində nitqini də itirən yazıçı qulluğunda durub qayğısını çəkən adamlarla kağız-qələmlə danışmalı olur.
Ən ağır vəziyyətdə də yumor hissini itirməyən yazıçının həkimə yazdığı məşhur sözlər də bəllidir: "Doktor, mənə ölüm verin, əks təqdirlə siz qatilsiniz".
Maks Brod son dəfə ona 1924-cü il mayın 12-də baş çəkir; iyunun 3-də gözlərini əbədi yumarkən isə yanında sadiq dostları Dora Diamant və Robert Klopştok olur; cənazəsi Praqaya gətirilir və Kafka burdakı yəhudi qəbristanlığında dəfn edilir.
...Böyük sənətkarın vəfatı ədəbi aləmdə sükutla qarşılanır və səssiz ötüb keçir; M.Yesenskayanın qəzetlərin birində dərc edilən nekroloqu yazıçının vəfat etdiyi 1924-cü ildə bu barədə yazılan yeganə mətn - yeganə faktdır (çex jurnalisti Milena Yesenskaya ilə Kafka 1920-ci ilin əvvəlində, onun çevirməsində "Ocaqçı"nın Praqada, "Klen" jurnalında nəşrindən sonra tanış olmuşdu. 1952-ci ildə alman jurnalisti Villi Haas Kafkanın Milenaya yazdığı məktubları nəşr etmişdir. Kitaba yazdığı son sözdə V.Haas bildirir ki, bu məktubları ona 1939-cu ildə, alman qoşunları Praqaya daxil olduqdan az sonra Milena şəxsən özü bağışlamışdır. Elə həmin il həbs edilən Milena 1941-ci ildə faşist düşərgəsində həlak olmuşdur - tərc.)
Həmin nekroloq Kafka haqqında indiyəcən yazılmış rəylərin ən səmimisi və ən üstünü hesab edilir. Yalnız bir il sonra - 1925-ci ildə M.Brod "Məhkəmə" romanını nəşr etdirməklə Kafkanın adını gələcək nəsillərə ötürmüş oldu. Amma bu işi görməklə M.Brod yazıçının ona ünvanladığı və heç bir tarix qoymadığı iki qeyddə (tədqiqatçılar bu qeydlərdən birincisinin 1920-ci ilə, digərinin isə 1922-23-cü illərə aidliyini iddia edirlər; M.Brod hər iki qeydi "Məhkəmə" romanına yazdığı son sözdə dərc etdirib) dönə-dönə vurğulanan "inadkar" xahişləri yerinə yetirməmiş, necə deyərlər, Kafkanın əsas tələbini pozaraq əmanətə xəyanət etmişdir...
Kafkanın bu iki məlum qeydini indi bir qədər gurultulu tərzdə "vəsiyyət" adlandırsalar da, əslində o heç bir rəsmi vəsiyyət qoyub getməyib. Belə ki, əvvəlcə yazıçının yazı masasının üstündəki kağızlar arasında mürəkkəblə yazılan və Maks Broda ünvanlanan belə bir qeyd tapılmışdır: "Əzizim Maks, son xahişimi dinlə: mənim mirasım içində (yəni kitab yeşiyində, dəyişək dolabında, yazı masasında, evdə, dəftərxanada, yaxud harasa düşən və sənin gözünə sataşan hər hansı yerdə) gündəliklərdən, əlyazmamdan, özümün və özgənin məktublarından, rəsmlərimdən və ilaxır, - hər nə tapılsa, hamısı oxunmadan məhv edilməlidir. Yazdıqlarımdan, çəkdiklərimdən səndə nə varsa, hamısını yandırarsan, başqalarında olanları da yandırmağı mənim adımdan xahiş edərsən. Məktubları sənə qaytarmaq istəməyənlər, qoy onda zəhmət çəkib özləri onları yandırsınlar".
Daha sonra karandaşla yazılan digər qeyd - mətnini yuxarıda dərc etdiyimiz "VƏSİYYƏT" tapılıb ortaya çıxmışdır.
Hər iki qeydlə əlaqədar ədəbi mühitdə səngimək bilməyən mübahisələr, çəkişmələr günü bu günəcən davam etsə də, ortaya çıxan və yeni müzakirə predmetinə çevrilən təzə versiyalar, müxtəlif ehtimal və gümanlar bir-birindən nə qədər fərqlənsə də, Kafkanın yeganə arzusu, istəyi, tələbi dəyişməz olaraq qalır: o hər iki qeyddə bütün əlyazmalarının yandırılmasını, məhv edilməsini israr edir!
Hər iki qeyddə, hər iki mətndə aşkar ifadə olunmuş həqiqət - Kafka həqiqəti! - məhz bundan ibarətdir. Bu arzu, bu istək, bu tələb yerinə yetirilməsə də, əvəzində müasir sivil bəşəriyyət Kafka irsinə yiyələnməkdə bu gün yəqin ki, məhz "xəyanətkara" - Maks Broda minnətdar olmalıdır.
Çevirəni: Mahir N. Qarayev
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55