Hacıbala Abutalıbov "məhkəmə yağışı"na düşdü
11:05 28-05-2014
CƏMİYYƏT
Hacıbala Abutalıbov
"məhkəmə yağışı"na düşdü
Bakı meriyasına qarşı iddiaların arası kəsilmir
Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı məhkəmə iddialarının ardı-arası kəsilmir. Meriyanı məhkəməyə verənlər arasında sıravi vətəndaşlardan tutmuş müxtəlif dövlət və qeyri-dövlət-qurumlarıda var.
Təkcə dünən Hacıbala Abutalıbovun rəhbərlik etdiyi icra hakimiyyətinə qarşı yönəlmiş iki məhkəmə iddiası barədə məlumat yayılıb. Həmin məlumatların birində bildirilir ki, Bakı meriyası ilə bərabər Nazirlər Kabineti də məhkəməyə verilib.
Belə ki, bu barədə Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin rəsmi saytında xəbər yerləşdirilib. Məlumatda qeyd olunur ki, Əlövsət Yaqubov adlı vətəndaş və digərləri Nazirlər Kabinetini, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Vətəndaşlar adıçəkilən qurumlardan çıxarışın verilməsini tələb edirlər.
Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiasının irəli sürüldüyünə dair başqa bir məlumatda isə bildirilir ki, Abutalıbovun rəhbərlik etdiyi paytaxt icra hakimiyyəti "Dostluq İnşaatçı" müəssisəsi tərəfindən də məhkəməyə verilib. Müəssisənin iddiası müqavilənin ləğv edilməsi ilə bağlıdır.
Qeyd etdiyimiz kimi, son vaxtlar Bakı meriyasının məhkəməyə verilməsi adiləşib. Paytaxtın icra hakimiyyətinə iddia qaldıranlar arasında dövlət qurumlarının da olması isə xeyli ilgincdir. Məsələn, ötən ay məlumat yayıldı ki, Azəriqaz" İstehsalat Birliyi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Buna səbəb isə aprel ayında Qaradağ qaz-istismar sahəsi tərəfindən əraziyə baxış keçirilərkən Lökbatan qəsəbəsi, "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında qapalı ərazidə tikinti aparılmasının üzə çıxması olub. Araşdırma nəticəsində aydınlaşıb ki, həmin tikinti Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhər ərazisinin tikinti planlaşdırma idarəsi tərəfindən aparılıb. Bununla bağlı BŞİH-ə müraciətdə xahiş olunub ki, həmin ərazidəki qaz xəttinə profilaktik xidmət və texniki baxış göstərilməsində çətinliklər yarandığı üçün tikinti dayandırılsın. Müraciətdə də göstərilib ki, qaz kəməri daş hasarın içinə salınaraq torpaq qazma işlərinə başlanılıb və işlərin görülməsinin dayandırılması xahiş olunub. Lakin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müraciətə müsbət cavab verilmədiyi üçün "Azəriqaz" İstehsalat Birliyi tərəfindən məhkəməyə müraciət olunub.
Onu da deyək ki, KİV-də Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə göndərilən iddialar arasında Bakı şəhər İcra Hakimiyyətinə qarşı açılmış məhkəmə davalarının üstünlük təşkil etdiyinə dair məlumatlar var. Abutalıbovun qurumunun bu qədər çox məhkəməyə verilməsi isə maraq doğurmaya bilməz.
Görünür, paytaxtın icra hakimiyyətinin fəaliyyətində həqiqətən xeyli nöqsanlar var və bu nöqsanlarla rastlaşanların hüquqlarını məhkəmədə təmin etməkdən başqa çıxış yolları qalmır.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55