"İsa Qəmbərin Müsavat başqanlığından getməsi məni qətiyyən narahat eləmir"
11:07 28-05-2014
CƏMİYYƏT
"İsa Qəmbərin Müsavat başqanlığından getməsi məni qətiyyən narahat eləmir"
Məlum olduğu kimi, Müsavat Partiyasının qurultayı hələ də reallaşmayıb. Artıq üçüncü ildir ki, partiya rəhbərliyi ali tədbirlərini ertələyir. Qeyd edək ki, sonuncu qurultay 2006-cı ildə olub. Müsavatın 8-ci qurultayının gündəliyində əsas məsələ başqan seçkisidir.
Partiyanın nizamnaməsi eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır. Bu o deməkdir ki, 2001, 2006-cı illərdə keçirilən qurultaylarda başqan seçilmiş İsa Qəmbər postundan getməlidir. Müsavat Bakı meriyasına dəfələrlə yerlə bağlı müraciət etsə də, partiyanı qane edən cavab gəlməyib. Əslində, meriya qurultay üçün yer ayırıb sadəcə, Müsavat rəhbərliyi hər dəfə bir məsələni əsas gətirərək imtina edib. Bu və ya digər suallarımızı Müsavat Partiyasının Divan üzvü keçmiş deputat İkram İsrafil cavablandırıb.
- İkram bəy, Müsavat Partiyasının qurultayının gecikdirilməsi partiya daxilində də narazılığa səbəb olub. Sizcə, onları haqlı saymaq olarmı?
- Öncə onu deyim ki, mən bilmirəm ki, Müsavat Partiyası daxilində qurultayın ertələnməsi məsələsi ilə bağlı kimlər narazılıq edir. Ola bilsin ki, sizdə məlumat olsun, amma mən bu barədə xəbərsizəm. Mən hesab eləmirəm ki, kimlərsə açıq şəkildə partiyada bu məsələlərlə bağlı narazılığını ifadə edib.
- Səxavət Əlisoy qurultayın gecikdirilməsi ilə bağlı sərt mövqe sərgiləyirdi, bunda partiya rəhbərliyini ittiham edirdi...
- Səxavət Əlisoy nəsə danışa bilər. Çünki onun bu məsələlərlə bağlı hər hansı problemi yoxdur və nəyin necə baş verdiyini də bilmir. Ona görə ancaq gəlişigözəl sözlər danışır. Onun bu mövqeyinə görə həmişə onu Səxavət Əlisoy kimi qəbul edirik.
- Niyə elə düşünürsünüz, bəyəm, Müsavatın problemi Səxavət Əlisoyun problemi deyil ki?
- Müsavat Partiyasında 40 minə yaxın insan var. Onlardan biri də Səxavət Əlisoydur. Hər halda, Müsavat Partiyasında bir nəfərin nədənsə narazı qalması ciddi hadisə deyil, Səxavət Əlisoy qurultayın ertələnməsindən narazıdırsa, bunun o demək deyil ki, partiyada ümumi narazılıq var. Onun fikrinin hər hansı bir önəmi olmadığından, narahatlığa da əsas görmürəm.
- Axı o, sıravi üzv deyil, başqanın müşaviridir?
- Rəhbərlikdə təmsil olunmağın şərtləri var. Hansısa postu tuta bilərsən, amma gərək üzərinə düşən vəzifənin məsuliyyətini dərk edəsən. Ola bilsin ki, Səxavət Əlisoy partiyada rəhbərlikdə təmsil olunsun, hansısa posta sahib olsun. Bir də ki, mən bu günə kimi Səxavət Əlisoyun partiyanın fəaliyyətində bir rəhbər şəxs, başqanın müşaviri kimi yaxından iştirak etdiyinin şahidi olmamışam.
- İkram bəy, o fikirlər də səslənir ki, Müsavatın qurultayının ertələnməsi təkcə yer məsələsi ilə bağlı deyil. Belə ki, bu qurultayda İsa Qəmbərin başqanlıqdan gedəcəyi də partiyada ciddi narahatlıq yaradır. Bu narahatlığı Siz də hiss edirsinizmi?
- Xeyr. İsa Qəmbərin Müsavat başqanlığından getməsi məni qətiyyən narahat eləmir. Qurultay nümayəndələri İsa Qəmbərin partiya başqanlığında qalmasını, yaxud getməsini təmin etmək istəyəcəklərsə, burada narahat olmalı bir şey yoxdur. Bu məsələni qurultay həll edir, yəni, qərar çoxluq tərəfindən veriləcək. Ona görə də bu məsələlər barədə indidən nəsə danışmaq lazım deyil. Qurultayı gözləyək, çoxluq nəyə qərar verəcəksə,o da olacaq. Müsavata yeni başqan gəlməsi elə də qorxulu məsələ deyil ki, bunu təhlükə kimi qarşılayıq. Ancaq yenə də deyirəm ki, bu məsələlər barədə qurultaydan öncə danışmağı məqbul hesab eləmirəm.
- Maraqlıdır, əksəriyyət İsa Qəmbərin Müsavatdan getməsinin əlehinədir və bunu partiyanın zəifləməsi kimi dəyərləndirirlər. Ancaq sözünüzdən belə çıxır ki, İsa Qəmbərin başqanlıqdan getməsi Sizə daha xoşdur...
- Yox. Burada söhbət nəinsə mənə xoş olub-olmamasından getmir. Partiyanın nizamnaməsi var və hər şey nizamnaməyə uyğun olmalıdır. Bilirsiniz ki, partiyanın nizamnaməsi İsa Qəmbərin növbəti dəfə başqanlığa namizəd olmasına imkan vermir. Onu da qeyd edim ki, partiyanın nizamnaməsinə bu müddəa sonradan daxil edilib və bu dəyişikliyin müəllifi İsa Qəmbərin özüdür. İndi Müsavat başqanı demokratik prinsiplərə sadiq qaldığını nümayş etdirir və növbəti dəfə başqanlığa namizəd olmayacağını bəyan edib. İnanıram ki, İsa Qəmbər Müsavat Partiyasının başqanlığından getsə belə, Müsavat Partiyasında onun təsir imkanları və nüfuzu olduğu kimi qalacaq. Ona görə də məndə elə bir narahatlıq yoxdur ki, İsa Qəmbərdən sonra hansısa ciddi problemlər baş qaldıracaq. Çünki İsa Qəmbər özünü bu məsələlərdə o qədər rahat hiss edir ki, bizim də narahatlıq keçirməməyimizə zəmin yaradır.
- Müsavat daxilində zaman-zaman qarşıdurmalar, gərginliklər olub. İsa Qəmbər birləşdirici fiqur kimi bu gərginlikləri yatışdıra bilirdi. Sizcə, post-İsa Qəmbər dövründə partiyada daxili gərginliklər baş qaldırmayacaq ki?
- Sizinlə razı deyiləm. Müsavat Partiyasında heç vaxt qarşıdurmalar olmayıb. İsa Qəmbər də bu qarşıdurmaları yoluna qoymaqla bağlı hansısa səylər göstərməyib. Ola bilsin ki, kimlərsə, Müsavat Partiyasında şəxsi istək və arzularını gerçəkləşdirə bilməyəndə partiyada bu vəya digər gərginlik yaradıb, mənfi rəy yaratmaqla məşğul olublar. Axırda nəyəsə nail olmayanda partiyanı tərk edib gediblər. İndi də əgər kimlərsə partiya daxilində gərginlik yaratmaq istəyirlərsə, qarşıdurmaya getməyə çalışırlarsa, onların da qiyməti veriləcək. Sözsüz ki, Müsavatda limitini bitirmiş, bizimlə birgə fəaliyyət göstərə bilmədiklərini anlayan şəxslər var, amma bunların hamısı xırda məsələlərdir.Bunlar ümumilikdə partiyanın fəaliyyətinə ciddi təsir edə bilməz. Odur ki, post-İsa Qəmbər dövründən qorxmaq lazım deyil.
- Mətbuatda o fikirlər də səslənir ki,Siz də başqanlığa iddianızı irəli sürmək istəyirsiniz. Belə bir fikriniz varmı?
- Şəxsən mənim Müsavat başqanlığına iddiam yoxdur. Bu barədə ümumiyyətlə, düşünməmişəm. Bundan sonar da bu barədə düşünmək niyyətim də yoxdur. Mən Müsavat Partiyasının sıravi üzvü kimi fəaliyyətimi davam etdirəcəyəm. Ola bilər kimlərsə mənim də başqanlığa iddialı olmağımı istəyir. Amma mənim belə bir niyyətim yoxdur.
- Arif Hacılı müsahibəsində deyib ki, Müsavat Partiyasında rəqibi yoxdur. Sizcə, başqanlıq mübarizəsində rəqibsiz Arif Hacılının yanında olacaqsınız, yoxsa necə?
- Bizi Müsavat Partiyasının qurulmasında, güclənməsində, bu günlərə daşınmasında, partiyanın əldə etdiyi uğurlarda xidməti olan namizədin yanında olacağıq. Ancaq indidən bu barədə ətraflı danışmaq istəmirəm. Hesab edirəm ki, mövqeyimizi qurultayda bildirsək, daha yaxşı olar. Mənə elə gəlir ki, Müsavatın qurultayı ciddi bir hadisə olacaq, tarixi qərarlar qəbul ediləcək.
- İkram bəy, Müsavatla AXCP arasında soyuq müharibə yenə davam edir. İndi də kimin daha çox müxalifətçi olması davası aparılır. Ümumiyyətlə, bu söz-söhbət kimə lazımdır?
- Mənə elə gəlir ki, son dövrlər bu cür ittihamlara ara verilib. Açığı, belə fikirlərə əhəmiyyət də vermirəm. Çünki bu məsələlərə vaxt ayırmağa dəyməz. Müsavatın Milli Şuradan çıxdığı ərəfədə müəyyən qarşıdurma yaranmışdı. Amma o vaxt Müsavat Partiyası təmkinli davranaraq, dərinə getmədi, nəhayət, hər şey aydın oldu. Artıq o məsələlər yekunlaşıb, tarixə yenidən qayıtmaq istəmirəm. Yaxın zamanlarda ölkədə demokratikləşmə istiqamətində fəaliyyətin davam etdirilməsi üçün aparılacaq fəaliyyətdə həqiqi müxalifət qüvvələrinin bir yerdə olması labüddür. Amma yenə də deyirəm ki, son dövrlər bu məsələdə nisbi sakitlikdir.
- Elə bu günlərdə Fuad Qəhrəmanlı Müsavata qarşı səlib yürüşü elan etmişdi, yəni davamlı şəkildə hücumlar olur...
- Bəli. Özünüz də deyirsiniz ki, Fuad Qəhrəmanlı tərəfindən davamlı hücumlar olur. Bütün bunları Fuad Qəhrəmanlının xarakterinin göstəricisi kimi qiymətləndirirəm və hesab edirəm ki, Müsavatı hədəfə alan açıqlamalar verməsi onun özfəaliyyətidir. Milli Şuranın, nə də Xalq Cəbhəsi Partiyasının mövqeyi bundan ibarət deyil. İndi bir Fuad Qəhrəmanlıya görə də onları düşmən elan edəsi deyilik.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33