Mübariz Əhmədoğlu: "Azərbaycanın Ermənistanla əməkdaşlığa dair təkliflərinə ABŞ-ın münasibəti anlaşılmır"
10:41 12-06-2014
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "Azərbaycanın Ermənistanla
əməkdaşlığa dair təkliflərinə ABŞ-ın münasibəti anlaşılmır"
"Ermənilərin Dağlıq Qarabağa və Ermənistanın böyük hissəsinə süni yolla köçürülməsi də bəlli tarixdir. Ermənistanın o cümlədən Qərbdən olan himayədarlarının vasitəsilə Azərbaycan torpaqlarını işğal etməsi faktdır".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, ermənilərin Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq 1994-cü ildən sonra rəsmi Bakı həmişə ermənilərlə dialoqa, əməkdaşlığa meylli olub: "Azərbaycan dövlətinin xilaskarı Heydər Əliyevin dövlətçilik konsepsiyası bütövdür, tamdır və bütün Azərbaycan Respublikasının ərazisinə şamil edilir. O baxımdan Heydər Əliyevin Azərbaycanın digər regionlarında münaqişələri həll edən metodologiyası eynilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə də ekstrapolyasiya edilməlidir: Silah yalnız zəruri ehtiyac yaranarsa, işlənə bilər. Heydər Əliyevin münaqişələri həll etmək metodologiyasında siyasi vasitələr ön sıradadır".
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərini planlanşdırarkən bəlli idi ki, ermənilər buna reaksiya verəcəklər. Ermənilər reaksiya verdilər. Ermənilər Azərbaycanla Türkiyəni birləşdirən neft kəmərinin Ermənistan ərazisinə keçməsinə maraq göstərdilər: "Bu marşrut qısalığına görə Azərbaycan üçün də maraqlı idi. Rəsmi Bakı o zaman rədd cavabı vermədi, "mümkündür" cavabını verdi. Təbii ki, belə böyük geoiqtisadi layihə Dağlıq Qarabağ münaqişəsinin həllini də nəzərdə tuturdu. Ermənilər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə razılıq vermədilər. ABŞ-ın bu danışıqlardan xəbəri var idi".
M.Əhmədoğlu qeyd edib ki, ABŞ konqresmenləri Bakı-Tbilisi-Ceyhan neft kəmərindən Ermənistanın faydalanması məsələsini gündəliyə gətirdilər. ABŞ konqresmenlərinə bu ideyanı Ermənistan və ABŞ-dakı erməni təşkilatları "ötürmüşdülər". Rəsmi Bakı o zaman buna da "mümkündür" cavabını verdi. Təbii ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənməli idi. Ermənilər yenidən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən imtina etdilər.
Politoloq bildirib ki, təkliflərinə Azərbaycandan müsbət cavab almalarına baxmayaraq ermənilər, o cümlədən ABŞ-dakı erməni təşkilatları Bakı-Tbilisi-Ceyhan neft kəməri ideyasının planlaşdırılmasının, reallaşdırılmasının əleyhinə külli miqdarda informasiya, siyasi və maliyyə resursları xərclədilər. Rəsmi Vaşinqton ermənilərin Bakı-Tbilisi-Ceyhan əleyhinə ardıcıl kompaniyalarına heç vaxt etiraz bildirmədi.
Onun sözlərinə görə, iqtisadi və ya regional əməkdaşlığa dair növbəti təkliflər seriyası son bir ildə ortalığa qoyuldu: "ABŞ dövlət katibi Con Kerri Azərbaycandan silahlanmaya pul ayırmamağı və bu pulu region xalqlarının, o cümlədən ermənilərin sosial iqtisadi vəziyyətinin yaxşılaşmasına xərcləməyi təklif etdi. Azərbaycan hər il silahlı qüvvələrə 4 milyard dollar vəsait ayırır. Bu rəqəm Ermənistan dövlətinin illik büdcəsindən təxminən 2 dəfə çoxdur. Kerri bu təklifi irəli sürərkən ermənilərin Azərbaycanın hərbi büdcəsindən narahat olduqlarının nəzərə almışdı. Azərbaycan bu təklifi qəbul etdi. Əvəzində Ermənistan qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmalı idi. Ermənilər Kerrini iqtisadi mahiyyətli regional əməkdaşlığa təhrik etsələr də, sonradan Kerrinin təklifini qəbul etmədilər. Azərbaycan isə qəbul etmişdi. C.Kerri regional əməkdaşlığa və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yol açan bu təklifilə sonralar maraqlanmadı. Çünki ermənilər belə istəyirdilər".
Politoloq qeyd edib ki, ARDNŞ Ermənistana ucuz qaz verməyə hazır olduğunu bildirdi. ARDNŞ-nin bu bəyanatı Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov tərəfindən daha da möhkəmləndirildi: "PA-nın digər şöbə müdiri Əli Həsənov da Dağlıq Qarabağ münaqişəsi həll olunacağı təqdirdə Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlığın mümkünlüyünə dair bir neçə dəfə bəyanat vermişdi. Rəsmi Bakı Ermənistana ucuz qaz satmaq təklifini irəli sürəndə Rusiya qazının qiyməti barədə Ermənistanda qızğın mübahisə gedirdi. Rəsmi Yerevan Bakının ucuz qaz satmaq təklifini "görmədi". ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirləri, o cümlədən ABŞ Dövlət Departamenti bu təklifi tamamilə inkar etdilər. Avrokomissar Ş.Füle bir az da qabağa gedərək məhz Rusiyadan tələb etdi ki, Ermənistana qazı ucuz qiymətə satsın. Azərbaycanın Ermənistana ucuz qaz satmaq təklifilə təxminən eyni vaxtda Prezident Administrasiyasının rəsmiləri Ermənistanın regional layihələrə qoşulmasının mümkünlüyünü gündəliyə gətirdilər. Ermənistan və ABŞ bu təklifi də rədd etdilər".
M.Əhmədoğlu hesab edir ki, qapalı danışıqlarda regional əməkdaşlıqla bağlı əlavə məsələlərin də müzakirə olunduğunu düşünməyə əsasımız var: "Amma elə açıqladığımız əməkdaşlıq təklifləri və ABŞ-ın bu təkliflərə münasibəti Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın mövqeyini tanımaq üçün kifayət qədər əsaslar yaradır.
1994-cü ildən üzü bəri Azərbaycan dövlət çevrilişləri cəhdləri, yüksək çinli dövlət adamlarına qarşı terror hadisələrini, müxtəlif blokadaları və bir neçə geosiyasi burulğanı yaşayıb. Cənubi Qafqaz kimi mürəkkəb regionda belə hadisələri neytrallaşdırıb və inkişaf modelini tapıb. İndi Azərbaycan təhlükəsizlik, maliyyə, xeyirxahlıq ixracatçısıdır. Uzun müddət Qərb, Rusiya və İran eyni zamanda Ermənistana geosiyasi və maliyyə yardımı ediblər".
Politoloqun sözlərinə görə, bu gün Ermənistan dövlətçiliyi o dərəcədə zəifdir ki, onun mövcudluğuna hətta Suriyadakı hadisələr təsir edə bilər. Dövlət borcu dövlət büdcəsini 2 dəfə üstələyib. ABŞ Azərbaycanın Ermənistanla əməkdaşlıq üzrə təkliflərinə fərqli münasibət göstərsə idi, indi fərqli mənzərənin şahidi ola bilərdi: "Ermənilər SSRİ-nin dağılmasında ABŞ-ın əlində əsas alət idilər. İndi ermənilərin Rusiyaya qarşı istifadəsi ABŞ-ın regionumuzdakı maraqlarına ciddi zərbə vura bilər".
Digər Xəbərlər
2024-12-29 15:55:33
2024-12-29 15:16:00
2024-12-29 15:07:07
2024-12-29 15:06:00
2024-12-29 14:56:27
2024-12-29 14:55:20
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08