Azərbaycana qeyri-ənənəvi dinlərdən gələn təhlükə
11:00 12-06-2014
SİYASƏT
Azərbaycana qeyri-ənənəvi dinlərdən gələn təhlükə
Hacı Şahin Həsənli : "Bu qeyri-ənənəvi təriqətlərin fəaliyyətinə Azərbaycanda birmənalı şəkildə qadağa qoyulmalıdır"
Bu gün dünyanın müxtəlif ölkələrində fərqli dinlər, təriqətlər arasında ixtilaflar müşahidə olunur. Fəxrlə demək olar ki, Azərbaycan xristianların, islam dininə sitayiş edənlərin, eləcə də yəhudi icmasının maneəsiz, dinc, birgə yaşadığı barmaqla sayılacaq qədər çox az sayda olan ölkələrdəndir.
Ölkəmizdə bütün səmavi və qeyri-səmavi dinlər üçün ibadət evlərinin olması bunun bariz nümunəsidir. Müxtəlif dinlərə mənsub insanların münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulması isə artıq Azərbaycanı artıq bütün dünyaya tolerantlıq nümunəsi kimi tanıdıb. Doğurdan da, bu gün istənilən cəmiyyətdə sabitlik və təhlükəsizliyin mövcudluğunu şərtləndirən əsas amillərdən biri dini dözümlülük, müxtəlif dinə sitayiş edən insanların tolerantlıq şəraitində yaşaya bilməsi ilə birbaşa bağlıdır. Sözügedən amil həm də davamlı inkişafın möhkəm əsasını yaradan ən vacib faktorlardan biri kimi çıxış edir. Dünyanın mövcud siyasi və dini xəritəsinə nəzər yetirməklə qeyd edilənlərin çoxsaylı real nümunəsinə rast gəlmək mümkündür. Modern tərəqqi yolunda uğurla irəliləyən Azərbaycanı da xarakterizə edən əsas xüsusiyyətlərdən biri yüksək dini tolerantlığın artıq mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olmasıdır. Hazırda Azərbaycanda dinindən, dilindən, irqindən və digər bu kimi mühüm göstəricilərdən asılı olmayaraq bütün xalqlar bir ailə kimi dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünya miqyasında təkcə dinamik sosial-iqtisadi inkişafa malik ölkə olaraq yox, həm də dini tolerantlıq baxımından xüsusi maraq və əhəmiyyət kəsb edən dövlət kimi qəbul olunur. Artıq beynəlxalq miqyasda da qəbul olunan həqiqətdir ki, Azərbaycan tolerantlıq mühiti baxımından dünyada özünəməxsus bir modelin əsasını yaradıb. Amma son vaxtlar ölkəmizdə yayılan müxtəlif təriqətlər tərəfindən qeyri-qanuni təbliğat işlərinin aparılması, dini ədəbiyyatların yayılması kimi hallar tez-tez qeydə alınır. Buna misal kimi "Yehova şahidləri" adlı dini təriqətin üzvlərinin qeydiyyatdan keçdikləri ərazidən başqa yerlərdə təbliğat aparması, dini ədəbiyyatlar yayması halları ilə tez-tez rastlaşılır. DİN tərəfindən bir neçə dəfə bu təriqət üzvləri ilə bağlı bu cür qanunsuz əməllər aşkarlanıb. Bu cür hallara Azərbaycanda yayılan bəzi dini təriqətlərdə də rast gəlinir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyyad Aran da dəfələrlə qeyd edib ki, respublika ərazisində dini təriqətlərin qeydiyyatdan keçdikləri ərazilərdən başqa yerdə təbliğat aparması yolverilməzdir: "Xristian icmalarının əksəriyyəti Bakıda qeydiyyatdan keçib. O nümayəndəliklərin Bakı şəhərində nəzərdə tutulan yerlərdə öz dini etiqadlarına uyğun olaraq mərasimlərini, ayinlərini keçirmək hüquqları var. Dövlət buna tam məsuliyyəti ilə təminat verir. Amma tutaq ki, "7-ci gün adventistləri", xristian baptistləri və yaxud "Yəhova şahidləri" gedib Tovuzda, Qazaxda təbliğat aparırsa, bu yolverilməzdir. Çünki Tovuzda, Qazaxda onların dini icması qeydiyyatdan keçməyib".
Millət vəkili Yevda Abramov Unikala açıqlamasında deyib ki, Azərbaycanda qeydiyyatdan keçən dini təriqətlərin məqsədi heç də xoş deyil. Onun sözlərinə görə, onların çoxu elə ölkədə sabitliyi pozmaq üçün maliyyələşdirilərək təşkilatlandırılır. "Yehova şahidləri" adlı dini təriqətin də gah Sumqayıtda, gah da Gəncədə palatka qurub dini təbliğat aparması düzgün deyil. Bu təriqətin üzvlüyə cəlb etdiyi insanlara ayda 200 manat maaş verərək dul qadınları, imkansız ailələri öz icmasına cəlb edir. Ümumiyyətlə . "Yehova şahidləri" və bu kimi dini təriqətlərə ciddi nəzarət olunmalıdır".
Y. Abramov bildirib ki, son vaxtlar "Yehova şahidləri" dini təriqət üzvlərinin Azərbaycanın iri rayon və şəhərlərini hədəf seçərək təbliğat aparması heç də təsadüfi deyil: "Çünki bu cür dini təriqətlərin arxasında müxtəlif ölkələrdə qarışıqlıq yaratmaq istəyən siyasi qüvvələr durur və bu məqsədlə külli-məbləğdə maliyə ayrılır. Bizim şeyximiz də bildirib ki, Azərbaycanda heç bir dini təriqətə yer yoxdur. Bu insanların dini azadlıqlarının məhdudlaşdırılması demək deyil. Azərbaycan kifayət qədər tolerant ölkədir. Elə olmasaydı, Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar yaşaya bilməzdilər. Dinləri təriqətlərə bölənlərin məqsədi xoş olmadığından bizim hüquq mühafizə orqanları da ayıq-sayıq olmalıdırlar. Əgər "Yehova şahidləri" dini təriqətinin üzvləri öz nizamnamələrində göstərilənlərdən kənara çıxırlarsa, bunun qarşısı alınmalıdır".
Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə Unikala açıqlamasında deyir ki,heç bir dini təriqət üzvünün ölkəmizdə yaradılmış tolerantlıq mühitindən süi istifadə etməsinə imkan vermək olmaz: "Azərbaycanda həm dini, həm də milli baxımdan tolerantlıq həmişə yüksək olub. Müxtəlif dini təriqət üzvlərinə Azərbaycan qanunvericiliyinin onlara verdiyi imkandan kənara çıxmağa icazə vermək olmaz. Bu gün Azərbaycanda yaşayan azsaylı xalqlar sülh şəraitində özlərinə qarşı ayrıseçkilik his etmədən yaşayırlar. Biz heç bir xalqdan özümüzü ayrı hiss etməmişik. Bu gün mənim Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrindən olan çoxsaylı dostlarım var. Onlar da özlərini azərbaycanlı hesab edirlər. Təbii ki, onların da öz dili, adət-ənənələri var. Ancaq dövlət işində, idarəçilikdə, hakimiyyətin qollarında, ictimai-siyasi həyatda kifayət qədər bu xalqın təmsilçiləri var. Mənim təmsil olunduğum parlamentdə azsaylı xalqların nümayəndələri var. Həmçinin digər dövlət qurumlarında da ən yüksək vəzifələr tutan etnik xalqların nümayəndələri var".
Millət vəkilinin sözlərinə görə, Azəbaycanda bütün millətlər münasibət həmişə normal olub: " Biz özümüzü onlardan, onlar isə özlərini bizdən ayrı hiss etməyiblər. Azərbaycanda bütün xalqlara sevgi, hörmət var, ölkədə bütün xalqlar bərabər hüquqa malikdir. Onlar dövlət idarəçiliyində də kifayət qədər təmsil olunurlar. Azərbaycanda yaşayan xalqları ayırmağa cəhd edən hər hansı bir çirkin niyyətli, məqsədli işlər boş və mənasızdır".
Bakıdakı Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli isə Unikala açıqlamasında bildirib ki,ölkəmizdə məzhəblərarası, dinlərarası münasibətlər yüksək səviyyədə olub: "Dəfələrlə qeyd etmişik ki, Azərbaycanda radikallığa yer yoxdur. Azərbaycanda daima tolerantlıq olub. Din səhv başa düşülərsə, bu, cəmiyyətə dinsizlikdən daha artıq ziyan vurar. Azərbaycanda bəzi cərəyanlar məzhəblərarası qarşıdurma yaradır. İstər sünni, istərsə də şiə məzhəblərinin nümayəndələri bu kimi hallara qarşı mübarizə aparmalıdır. Hamı da görməlidir ki, həqiqətən də bu məzhəblərin heç bir cərəyana aiddiyyəti yoxdur. Ölkəmizdə mövcud dini məzhəblər arasındakı tolerantlıq dünya üçün bir nümunədir. Azərbaycanın gələcək inkişafı onun dünyəviliyi ilə bağlıdır. İnsanların dinə bağlı olması, eyni zamanda dünyəvi dövlətdə yaşamaq istəyi müsbət nümunədir. Bu, Azərbaycan xalqının seçimidir. Hamıya məlumdur bu, şişirdilmiş məsələ deyil ki, cəmiyyətimizdə doğurdan da tolerantlıq nümunəsi var. Azərbaycanda hətta bir çox inkişaf etmiş ölkələrə nümunə olacaq qədər dözümlülük var. Amma azadlığın bir sərhəddi olmalıdır. Hər hansı ideya, hər hansı əqidə dövlətçiliyə və onun təməllərinə zərbə vurursa, heç şübhəsiz ki, o azadlıq məhdudlaşdırılmalıdır. Bəzən etiqad azadlığı adı ilə bizlərdən tələb edirlər ki, milli kimliyimizə zərər vura biləcək cərəyanların da fəaliyyətinə meydan verilməlidir".
Hacı Şahin Həsənli deyir ki, ümumiyyətlə Azərbaycanda qeyri-ənənəvi dinlərin fəaliyyəti məhdudlaşdırılmalıdır: "Çünki bu cür təriqətlərin işi cəmiyyətdə nifaq yaratmaq, qarışıqlıq salmağa hesablanıb. Hətta bu gün bəzi qeyri-ənənəvi dinlər var ki, onların arxasında ermənilərin dayandığı bildirilir. Mənim fikrimcə, "Yehova şahidləri" və sair bu kimi qeyri-ənənəvi dinlərin təbliğatçıları missiyoner təşkilatlar tərəfindən maliyyələşdirilərək dövlətçilik əleyhinə təşkilatlandırılır.Ona görə də, bu gün demokratik ölkələrdə belə onların fəaliyyətinə qadağa qoyulub. Bizdə niyə bu addım atılmamalıdır ki? Axı bu cür qeyri-ənənəvi dini təriqətlər cəmiyyətdə dini yalnış istiqamətə yönləndirməyə çalışırlar".
H. Ş. Həsənlinin sölərinə görə, hətta bu cür təriqətlər müharibədə düşmənə gullə atmağın günah olduğunu təbliğ edirlər: "Azərbaycan müharibə şəraitində yaşayır. Bu cür təriqətlərin bu istiqamətdə təbliğatı təhlükəlidir. Ona görə də hesab edirəm ki, bu qeyri-ənənəvi təriqətlərin fəaliyyətinə Azərbaycanda birmənalı şəkildə qadağa qoyulmalıdır".
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40