Etnoqrafik xəzinə-Şəkidən REPORTAJ
10:37 26-06-2014
SİYASƏT
Etnoqrafik xəzinə-Şəkidən REPORTAJ
Azərbaycan etnik tərkibi baxımdan dünyanın ən zəngin ölkələrindəndir. Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə bəzi etnik qruplar daha kompakt şəkildə yaşayırlar. Xüsusilə də, Şəki-Zaqatala bölgəsi polietnikliyi ilə seçilən bölgədir.
"Unikal" bu dəfə sizə Azərbaycanın şimal-qərb regionunun ən qədim və səfalı rayonlarından sayılan Şəkidə yaşayan azsaylı xalqlardan, Şəkidə vaxtilə yaşamış etnik qrupların tarixini bu günədək özündə daşıyan tarixi abidələrdən söz açacaq. Şəki Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, nadir etnoqrafik xəzinələrdən sayılan Şəki-Zaqatala ərazisində əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri ilə yanaşı avarlar, həmçinin saxur, rutul udi, ingiloy kimi etnik qruplar da məskunlaşıblar. Hazırda avarlar Azərbaycanın Şəki-Zaqatala bölgəsində yaşayırlar. Azərbaycanda məskunlaşan azsaylı xalqlar içərisində say etibarilə nisbətən böyük olan etnoslardan biri avarlardır. Amma bu Şəkidə kompakt məskunlaşan daha bir etnik qrup var ki, o da rutulardır. Azərbaycanda rutular əsasən Şəki rayonunun Şin və Qaynarca kəndində yaşayırlar. Şəki Şəhər İcra Hakimiyyətinin məlumatında bildirilir ki, yüz illər boyu doğma Azərbaycan torpağında bu azsaylı etnosların assimilyasiyaya uğramasına yol vermədən, bu günümüzədək saxlanması, şübhəsiz ki, Azərbaycan xalqının humanistliyini, böyüklüyünü təsdiq edən danılmaz faktdır: "Əsrlərlə sayı bir neçə mindən artıq olmayan, bir kənddə məskunlaşan əhalini qoruyub saxlamaqla biz əslində özümüzə, tariximizə hörmət bəsləmiş oluruq və həm də onu sübut edirik ki, Azərbaycan təkcə özünü azərbaycanlı sayanların deyil, eləcə də özünü bu torpağın övladı hesab edənlərin vətənidir. Qafqaz dilli azərbaycanlılar bunu öz amalları, qeyrətləri, torpaqlarımız uğrunda verdikləri şəhid oğlanlarımızın qanı ilə son illərdə tam sübuta yetiriblər".
Şəki şəhəri alban məbədlərinin qorunub saxlanılması ilə də tarixi diyar kimi seçilir. Şəki rayonunun Kiş kəndində yerləşən eyni adlı məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olub. Alban apostol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən sayılır. Albaniyada xristianlığın yayılması və ilk kilsənin yaradılması apostolların adı ilə bağlıdır. Alban müəllifi Musa Kalankatuklunun verdiyi məlumatdan aydın olur ki, Albaniyada erkən xristian cəmiyyətinin yaranması apostollar Faddey, Yelisey, Varfolomeyin adları ilə bağlıdır. Qədim mənbələrdə ilk kilsənin Kiş kəndində (Gis) tikilməsi haqqında məlumatlar var. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd iki min ildən artıqdır ki, "din, etiqad, pərəstiş" mənasına gələn "Kiş" adlanır. Rəvayətə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Bu kilsə yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Qafqazda tikilmiş ilk xristian kilsəsidir. 2000-2004-cü illərdə Kiş apostol kilsəsinin ərazisində arxeoloji qazıntılar aparılıb. Bu qazıntılar məhdud ərazidə aparılmasına baxmayaraq, Kiş məbədinin fəaliyyəti dövrünün bütün mərhələlərini izləməyə imkan verib. Arxeoloji tədqiqatın nəticəsində aydın olub ki, Kiş məbədi sadə təkzallı bazilikadan günbəzli memarlığadək beş tikinti mərhələsi keçib. Kiş məbədinin memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin xristian mərhələsinə aiddir. Məbədin ən aşağı qatlarının arxeoloji tədqiqi mübahisələrə səbəb olan onun ilkin tikinti tarixini təyin etməyə imkan yaradır. Abidə dövrümüzə yeniləşdirilərək öz görkəmində bu günümüzə gəlib çatıb. Məbədin divarları həm içəridən, həm də çöl
hissədən qismən suvaqlanıb. Qapı və pəncərələrə istinadən yenidənqurma işlərinin tikilinin yuxarı hissəsində aparıldığını söyləmək olar. Kilsə özündə ilkin və sonrakı tikililərin maraqlı detallarını saxlayır. Mehrab mərkəzdə yerləşib və düzbucaqlı formasındadır. Kiş məbədi qədim bünövrə üzərində tikilib. III-V əsrlərdə onun üzərində kiçik təkzallı bazilika tipli kilsə tikilmiş və VI-VII əsrlərdə həmin kilsə memarlıq formasını dəyişib. Arxeoloji qazıntılar zamanı məbədin şimal-şərq divarlarının yarımqövs çıxıntısının altında torpaq qəbir aşkar olunub. Burada iki öküz başı dəfn olunub. Kəllələrin üzərində və ətrafında müxtəlif tipli dulus qabların qırıqları, buynuz qırığı, yumru daş, heyvanların digər sümükləri arasında isə sümük ox aşkar olunub. Qəbrin dulus avadanlığı Kür-Araz mədəniyyətinə aid olan iri qabların hissələrindən ibarətdir. Dulus məmulatı yerli xarakterlidir. Torpaq qəbir e.ə. IV-III minilliyin qovşağına aiddir. Arxeoloq N.M.Muxtarovun verdiyi məlumata görə, 1864, 1930-cu illərdə kilsə ermənilər tərəfindən təmir olunmuş və nəticədə onun görünüşü əsaslı şəkildə dəyişdirilib. Belə güman etmək olar ki, bu yenidənqurma işləri 1836-cı ildə Rusiya hakim dairələrinin qərarı ilə Alban kilsəsinin ləğv olunmasından sonra Kiş məbədinin erməni kilsəsi memarlığına uyğunlaşdırılması məqsədilə edilib. Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə Alban kilsəsinin arxiadiakonu Serafin tərəfindən yenidən qurulduğunu bildirən kitabə olub. XIX əsrin 30-cu illərində Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi tamamilə pozulub.
Şəkidə olarkən iki məbədə baş çəkərək həmin kilsələrin bu günümüzə qədər saxlanılmasının canlı şahidi olduq. Onlardan biri Şəki şəhərindəki qalada yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsidir. Tikilinin ilkin görkəmi dairəvi planlı olsa da, 1853-cü ilə qədər ona 3 tərəfdən əlavələr edilib və xaç formasına salınıb. Məşhur rus səyyahı Seqlaın və öz dövrünün görkəmli maarifçilərindən biri olan Rəşid bəy Əfəndiyevin, müvafiq olaraq, 1902-ci ildə və 1925-ci ildə çap olunmuş kitablarından məlum olur ki, ruslar 1828-ci ildə xanın ev məscidini pravoslav kilsəsinə çeviriblər. Lakin həmin kiçik kilsə Məhəmmədhəsən xanın evinin içində olub və 20-ci əsrin 90-cı illərinə qədər həqiqətən orada kiçik bir kilsə vardı. Dairəvi məbəd isə həmin kilsənin yerindən 50 metr cənubdadır. Nuxa qalasının 1819-cu il təsvirində bu tikili haqqında heç bir qeyd yoxdur. Lakin təsvirdə Nuxa qalasındakı bir çox tikililərin özləri və koordinatları barədə məlumat verildikdən sonra, həm də qeyd edilir ki, "qala Şəkinin rəhbərlərinə aid olub digər tikililər əsgərlər və xoylular tərəfindən tutulub". Bu qeyddən isə məlum olur ki, həmin vaxt qalada mövcud olmuş tikililərin bəziləri təsvirdə göstərilmir. Həmin səbəbdən də, Dairəvi məbədin 1819-cu ildə Nuxa qalasında mövcud olub-olmaması dəqiq bilinmir. Amma Nuxa qalasının 1853-cü il planında artıq Dairəvi məbəd, xaç şəklinə salınmış əlavələri ilə (yuxarıdan baxdıqda) birlikdə göstərilir. Həmin illərdən 20-ci əsrin əvvəllərinə qədər bu tikili Şəki qəzası ərazisindəki yeganə Rus Pravoslav kilsəsi idi. Tikilinin arxasındakı torpaq sahəsində isə Rusiya İmperiyası dövründə, Nuxada vəfat etmiş yüksək çinli rus məmurları dəfn edilib. Tikilinin əsas hisəsinin (artırmalarsız) üstü günbəzlə tamamlanır və bu ilkin hissə memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Həmin səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər. 1853-cü ilə qədər ruslar tərəfindən xaç şəklinə salınmış bu dairəvi hissənin özünün nə vaxt tikilməsi dəqiq bilinmir. Ya ruslar bunu 1819-cu ildən sonra dairəvi formada kilsə kimi tikmiş və bir müddət sonra, 1853-cü ilə qədər onu daha da genişləndirərək xaç şəklinə salıblar? Ya da bu tikili 1819-cu ilə qədər Nuxa qalasında mövcud olub, ruslar 1853-cü ilə qədər onu xaç formasına salaraq pravoslav kilsəsinə çevirib? Tikilinin yaşının dəqiqləşdirilməsi üçün, yaxın gələcəkdə radio-karbon analizindən istifadə edilməsi planlaşdırılır. Tikilinin artırmaları nəzərə alınmasa, o, həm də türbəyə bənzəməkdədir və az-çox, Şamaxıdakı Yeddigünbəz türbələr kompleksindəki türbələri xatırladır.Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.
Şəkidə olarkən məşhur 5 saylı məktəbin yaxınlığında yerləşən iki əsrə qədər yaşı olan kilsə də diqqətimizdən yayınmadı. Kilsənin qapısı bağlı olduğundan içəri daxil ola bilməsək də öyrəndik ki, bu 19-
cu əsrə aid alban kilsədir. Amma kilsənin baxımsız qaldığı da diqqətimizi cəlb etdi. "Unikal" həmin kilsənin fotolarını təqdim edir.
Bakı-Şəki-Bakı
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53