Siyasi fəallığın artırılması hücum diplomatiyasının əsasıdır
14:20 04-07-2014
SİYASƏT
Siyasi fəallığın artırılması hücum diplomatiyasının əsasıdır
Siyasi mədəniyyətin inkişafının təsirləri
Bu gün Azərbaycan üçün ən önəmli məsələlərdən biri və birincisi sözsüz ki, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılmasıdır.Bununla bağlı ölkədə kifayət qədər siyasi islahatlar aparılıb və bu proses davam etdirilməkdədir. Amma ən vacib məqamlardan biri ölkədən xaricdə yaşayan Azərbaycan vətəndaşlarının və azərbaycanlıların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması və bundan səmərəli istifadədir.
Çünki illər boyu ölkə kənarında yaşayan azərbaycanlılar və Azərbaycan vətəndaşları yaşadıqları ölkənin siyasi həyatında kifayət qədər passiv olublar və bunun qarşılığında erməni lobbisi Azərbaycana kifayət qədər zərbələr vurub. Məhz bu məsələyə görə hələ zamanında Heydər Əliyevin qərarı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı və əsas vəzifələri azərbaycanlıların sosial və siyasi aktivliyinin artırılması oldu. İlk anlarda bununla bağlı ciddi siyasi kurs formalaşdırılsada yenədə hansısa problemlərlə üz-üzə qaldıq. Bunun başlıca səbəbi isə sözsüz ki, siyasi maarifləndirmənin zəif olması idi. Elə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin verdiyi açıqlamada bunu təsdiq edir:"Səfirliyin konsulluq uçotunda cəmisi 36 nəfər həmvətənimiz dayanıb. Onların da təxminən yarısı ölkəyə təhsil almaq üçün gələn tələbələrimizdir. Artıq bu rəqəmə əsaslanıb qoyulan suala cavab tapmaq mümkündür. Amma diaspor tək say deyil. Bəlkə daha çox sanbaldır. Bəzən bir nəfər həm müsbət, həm də mənfi mənada bütöv xalqı minlərlə adamdan daha bacarıqla təmsil etməyi bacarır. Bu baxımdan məndən əvvəlki səfirimiz Həsən Həsənovun danışdığı əhvalatı xatırlayıram. Deməli, Həsən müəllim erməni diasporunun fəallığı ilə seçilən macar əyalət şəhərlərindən birinə gedir. Merlə görüş zamanı buradakı erməni əhalisinin sayı ilə maraqlanır. Mer cavab verir ki, "həm azdır, həm də çox". Həsən müəllim soruşur ki, indi bunu necə başa düşək? Mer də deyir ki, "burada cəmisi 1 nəfər erməni yaşayır, amma 100 nəfərin əvəzinə iş görür". Yəni diaspor belə özəlliklərdən məhrum deyil. Təəssüf ki, həmvətənlərimizin bir qisminə xas olan Rusiyada ruslaşma, İranda farslaşma mərəzi Macarıstandakı soydaşlarımızdan da yan keçməyib. İngilisdilli Vikipediyada macar parlamentinə hakim FİDES partiyasından 2006 və 2010-cu illərdə millət vəkili seçilmiş, etnik kökləri etibarı ilə azərbaycanlı olduğu göstərilən Qabor Qubadovun adına rast gəldim. Sadəcə maraq xatirinə onunla görüşmək istədim. Amma parlament üzvü olan macar tanışım məni bu fikirdən daşındırdı. "O, özünü azərbaycanlı saymır. Bu mövzuda danışmağı da xoşlamır" - dedi. Beləliklə, görüş baş tutmadı.
Macarıstandakı azsaylı azərbaycanlılar arasında səfirliklə yaxından əlaqə saxlayan, tədbirlərimizə qatılan hörmətə layiq insanlar var. Amma təəssüf ki, ictimai fəallıqları azdır. Macar cəmiyyəti ilə əlaqələri zəifdir. Əslində bu bütünlükdə Azərbaycan diasporuna xas olan qüsurdur". Gördüyünüz kimi reallıq budur və bu istiqamətdə real addımlar atılmaqdadır. Necə ki, Avropa və ABŞ-da artıq bu istiqamətdə kifayət qədər işlər görülüb. Belə ki, bu gün Heydər Əliyev Fondu Avropada və ABŞ-da Azərbaycan mədəniyyətini, irsini təbliğ etməklə yanaşı, həm də bu ölkələrdə yaşayan azərbaycanlıları ictimai-siyasi proseslərə cəlb edir, onların siyasi aktivliyinin təmin edilməsi üçün əlindən gələni edir. Bununla paralel olaraq hazırda Avropa-Azərbaycan Dostluq Cəmiyyəti Tale Heydərovun rəhbərliyi ilə, ABŞ-Azərbaycan Dostluq Cəmiyyəti isə Anar Məmmədovun rəhbərliyi ilə bu missiyanı həyata keçirtməyə başlayıblar. Əsasən bu ölkələrdə təhsil alan və ya işləyən azərbaycanlı gəncləri səfərbər edən təşkilatların əsas məqsədi təmsil olunduqları ölkələrin siyasi həyatına təsir etməkdir. Bunu da yada salaq ki, artıq Prezident Yanında QHT-ə Yardım Fondu xarici təşkilatlar üçün də donor ayırıb və bu özlüyündə xaricdə yaşayan azərbaycanlıların siyasi maarifləndirilməsinə ciddi təsirini göstərəcək. Hələ bir neçə il öncə prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan diplomatiyası artıq müdafiədən imtina edərək hücum diplomatiyasına keçid etməlidir . Sözsüz ki, hücum diplomatiyasında adi vətəndaşların, gənclərin, diaspora təşkilatlarının da aktivliyi vacib məsələdir. Təqdirəlayiq haldır ki, hazırda bu proses uğurla aparılır və erməni lobbisinin cəmləşdiyi ABŞ-ın özündə belə Azərbaycanın səsi eşidilir. Elə erməni yuvası kimi tanınan Los Ancelesdə konsulluğumuzun aktivliyi də buna misaldır. Belə ki, ABŞ-ın "The Hill" qəzeti Azərbaycanın Los Ancelesdəki baş konsulunun Ermənistanın işğalçılıq siyasətinə dair məqaləsini dərc edib. ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi oxunan "The Hill" qəzetinin 2 iyul 2014-cü il tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasətinə dair məqaləsi dərc olunub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, "Dağlıq Qarabağ: sabitliyə və ABŞ maraqlarına təhlükə" (Nagorno-Karabakh: A threat to stability and US interests) başlıqlı məqalədə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləməyə və Azərbaycanın mədəni irsinin dağıdılmasına, həmçinin Ermənistanın müvafiq BMT qətnamələrinə məhəl qoymamasına diqqət çəkilir.
Bildirilir ki, hazırda dünya ictimaiyyətinin diqqəti İraq, Suriya və Ukraynada baş verən böhranlara cəmləşsə də, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində yaranmış durum regional sabitliyə ciddi təhlükə törətməkdə davam etməkdədir. Bu səpkidə Qafqaz regionunun geosiyasi önəminə və ABŞ-ın bu regiondakı maraqlarına toxunularaq, Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı roldan, beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi töhfələrdən və ABŞ-ın Əfqanıstandakı qoşunları üçün yaratdığı vacib dəhliz imkanlarından bəhs olunur, Qafqaz regionundakı sülh və sabitliyin ABŞ-ın regional və qlobal maraqları baxımından mühüm önəm daşıdığı vurğulanır.Diplomat qeyd edir ki, 90-cı illərdən münaqişənin həllində vasitəçi olan ABŞ Ermənistan tərəfindən Dağlıq Qarabağda yaradılmış rejimi tanımaqdan imtina edib və bu yaxınlarda erməni qoşunlarının Azərbaycanın bəzi işğal olunmuş rayonlarından çıxarılmasının vacibliyini bir daha ifadə edib. Ancaq müəllifin fikrincə, bütün bunlar təqdirəlayiq olsa da, Ermənistanı öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün kifayət etmir. Qeyd olunur ki, regionda böyük maraqları olan ABŞ Ermənistanın beynəlxalq ictimaiyyətin iradəsini rədd etməsinə və Qafqazda sülhə təhlükə törətməsinə imkan verməməli, Ermənistandan beynəlxalq hüquqa əməl etməyi tələb etməlidir. Baş konsula görə, Ermənistanın tabe olmayacağı təqdirdə, ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməli, onu öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir. Diplomat bildirir ki, bunsuz hər hansı həllə nail olmaq mümkün olmayacaq, qeyri-sabitlik və yeni müharibə təhlükəsi qalmaqda davam edəcək.Eyni zamanda müəllif, bu il Kaliforniya Ştat Assambleyasında erməni lobbisi tərəfindən irəli sürülmüş qondarma "DQR" ilə bağlı qətnaməyə toxunaraq, belə qərəzli təşəbbüslərin nəinki ABŞ-ın regiondakı mövqeləri üçün ziyanlı olduğunu, həmçinin, bölgədə onsuz da mürəkkəb olan vəziyyəti daha da qəlizləşdirdiyini bildirir.Bu səpkidə baş konsul beynəlxalq hüququ pozan, etnik təmizləməyə bəraət qazandıran, eləcə də Amerika xarici siyasətinə və maraqlarına zidd olan belə qərəzli qətnamələrin qarşısının ABŞ hökuməti tərəfindən alınmasının vacibliyini vurğulayır.
Müşahidəçilər bunu da bildirir ki, bu gün Dağlıq Qarabağ probleminin həlli üçün ən ümdə vəzifələrdən biri vətəndaşlarımızın sosial,siyasi aktivliyi, siyasi maarifləndirilməsi ilə sıx bağlıdır. Çünki inkişaf etmiş cəmiyyətlərə təsir etmək onsuzda mümkünsüz olur. Buna görə də prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan o səviyyəyə qədər inkişaf etməlidir ki, Ermənistan bir atəş belə açılmadan təslim olsun. Hazırda bu prosesi açıq şəkildə görürük və Ermənistanda siyasi maarifləndirmə, aktivlik o həddə qədər zəifləyib ki, erməni cəmiyyəti artıq yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. İl ərzində on minlərlə erməninin Ermənistanı bir dəfəlik tərk etməsi bir tərəfdən sosial problemlərlə bağlıdırsa, digər tərəfdən məhz insan hüquq və azadlıqlarının olmaması, siyasi baxışların korşalması ilə bağlıdır.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53