Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir
11:42 05-07-2014
SİYASƏT
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir
1995-ci il... Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən zorla xilas olub, bir milyondan çox qaçqın, xarici qüvvələrin təzyiqləri isə günbə-gün artır. Ümumilli lider Heydər Əliyev hər saat kabinetində real təhlükələri dəf edir, müxtəlif görüşlər keçirirdi.
Növbəti görüş, dünya düzəninə milyonları ilə təsir edən Soros Fondunun prezidenti Corc Sorosla oldu. Özündən razı halda əyləşərək prezident Heydər Əliyevə Azərbaycanın gələcək siyasi yollarını müəyyənləşdirməyi təklif edirdi. Heydər Əliyev isə adəti üzrə sona qədər qarşısındakını dinləyib, qıyıcı baxışlarını Corc Sorosa yönəldərək dedi: "Siyasətin nə demək olduğunu yaxşı bilirik. Azərbaycanın gələcəkdə dünya siyasətində harda olacağını da bilirəm. Məni isə düşündürən bir milyondan çox məcburi köçkünlər və işğal edilmiş Azərbaycan torpaqlarıdır. Yardım etmək istəyirsinizsə, bu məsələdə yardımçı olun". Bununla da Corc Sorosun "dərs" keçmə həvəsi puç oldu və qarşısındakının kim olduğunu yaxşı anladı. Heydər Əliyev həmçinin tək Corc Sororslara yox, dünyaya bəyan etdi ki, kimlərin marağı olmasından asılı olmayaraq, onun tək bir marağı var; yurd-yuvasını itirmiş bir milyon qaçqına sahib çıxmaq, işğal olunmuş əraziləri geri qaytarmaq və Azərbaycan bayrağını dünya bayraqları sırasına qatmaq idi. Və bunu bacardı. Bu gün isə Heydər Əliyev irsini davam etdirən prezident İlham Əliyev Azərbaycanı regionun qüdrətli dövlətinə çevirə bildi. İqtisadi inkişaf, modern ordu, dünya siyasətində layiqli yer, bu gün Azərbaycanın reallığıdır. Bu reallıqlardan biri də budur ki, İlham Əliyev də həyata keçirdiyi iqtisadi-siyasi layihələrdə ilk yer ayırdığı məsələ qaçqın və məcburi köçkünlərin problemlərinin həllidir. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası da bunu deməyə əsas verir.
Ötən dövr ərzində yüzlərlə məcburi köçkün ailəsinin məskunlaşdığı yataqxanaların təmirini həyata keçirib, məcburi köçkünlərin məskunlaşdığı yerlərə yollar, su, işıq xətləri çəkilib, məktəblər tikilib, təmir olunub. Ümumiyyətlə, bu günə kimi qaçqınlar və məcburi köçkünlər üçün rayonlar və Bakı şəhəri ərazisində 77 qəsəbə salınıb. Həmin qəsəbələrdə 21.548 köçkün ailəsi məskunlaşıb.
Ən önəmli məsələlərdən biri də odur ki, məcburi köçkünlərin əksəriyyəti məskunlaşdıqları rayonlarda öz işlərini qurublar. Onları öz işlərindən kənarlaşdırmamaq üçün elə məskunlaşdıqları rayonlarda yeni qəsəbələr tikilir. Bu da, öz növbəsində, məcburi köçkünlərin yeni yaşayış məskəninə köçürüldükdən sonra işsizlik problemi ilə qarşılaşmamalarına gətirib çıxarır. Beləliklə, çadır şəhərciklərinin ardınca artıq fin qəsəbələrinin ləğvi sahəsində də görülmüş işlər təqdirəlayiqdir.
Bununla yanaşı, Prezident İlham Əliyev son illər dəfələrlə məcburi köçkünlərlə şəxsən görüşüb. Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Hesablamalar göstərir ki, Azərbaycan dövləti il ərzində bir məcburi köçkünə 1040 manat pul xərcləyir.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan sərəncama əsasən, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na yeni əlavələr edilib.
Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 871 məcburi köçkün ailəsi dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış və yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən mənzillərə köçürülüb. Dövlət Proqramının və ona əlavələrin icrası ilə əlaqədar Gəncə şəhəri ərazisində 1500, Qazax rayonunda 300, Bərdə rayonunda 866 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəllələrinin, İsmayıllı rayonunda 45, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230, Füzuli rayonunda 612, Sabirabad rayonunda 440, Ağdam rayonunda 932, Beyləqan rayonunda 320, Göygöl rayonunda 600 ailəlik qəsəbələrin, Bakı şəhərinin yataqxanalarında və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə Abşeron rayonunda Qobu şəhərinin salınması, Qəbələ rayonunda 155, Balakən rayonunda 43, Abşeron rayonunun Ramana qəsəbəsində 80 mənzilli yaşayış binalarının tikilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib.
"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələrə müvafiq olaraq, 2012-2014-cü illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binaları tikiləcək.
Dövlət tərəfindən həyata keçirlən sosialyönümlü tədbirlə ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Bu barədə fikirlərini bizimlə bölüşən Milli Məclisin Sosial Siyasət Komtəsinin sədr müavini Musa Quliyev deyib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin daxili siyasətində prioritet istiqamətdir. Onun sözlərinə görə, bu siyasət Ümummilli lider Heydər Əliyevin dönəmində başlayıb və bu gün də davam edir: "Bu siyasətin əsas məqsədi qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması, onların sosial müdafiəsinin təmin olunması, ağrı-acılarının azaldılmasıdır. Bununla bağlı həm Azərbaycan Respublikasının Qanunu qəbul olunub, dəfələrlə prezident sərəncamları və fərmanları verilib, bir neçə proqram qəbul olunub. Bununla yanaşı, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi yaradılıb, bu komitənin sədrinə baş nazirin müavini statusu verməklə, komitənin işinin digər nazirliklərlə əlaqələndirilməsi təmin olunub. Bu xətlə Azərbaycanda mədəni-sosial layihələr həyata keçirilir. İlk növbədə, köçkünlərin məskunlaşdırılması prosesi uğurla reallaşdırılır, minlərlə evlər tikilib, qəsəbələr salınıb. Əgər 10-12 il öncəyə qədər qaçqınların böyük əksəriyyəti çadırlarda və vaqonlarda yaşayırdılarsa, bu gün həmin çadır şəhərciklərindən, vaqonlardan əsər-əlamət qalmayıb. Yataqxanalarda, yaşamaq üçün yararsız binalarda məskunlaşan qaçqınlar da hər cür şəraiti olan mənzillərə köçrülüblər".
Millət vəkilinin sözlərinə görə, köçkünlərin məşğulluq probleminin həll olunması da prioritet məsələlərdəndir. M.Quliyev deyib ki, qaçqınların sosial təminat, müavinət və digər məsələlərin həll olunması istiqamətində də müəyyən tədbirlər görülüb: "Təhsil, mədəniyyət, səhiyyə işçilərinin maaşlarının verilməsi, həmin rayonların hamısının inzibati strukturlarının saxlanılması önəmli məsələlərdəndir. Bu gün qaçqın və məcburi köçkünlərin Azərbaycandakı digər əhali qruplarının həyat şəraiti ilə eyniləşdirilir. Əgər 2000-ci illərin əvvəllərinə qədər beynəlxalq humanitar yardımlardan istifadə olunurdusa, artıq Azərbaycan dövlətinin iqtisadi qüdrəti artıb və köçkünlərin bütün problemlərinin həllini öz üzərinə götürüb. Ən əsası cənab prezidentin dediyi kimi, torpaqlarımızın işğaldan azd olunması, qaçqın və məcburi köçkünləri yurd-yuvalarına köçürülməsidir".
Əhalisi köçkün düşən Cəbrayıl rayonunun deputatı Astan Şahverdiyev də dövdət tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən qayğı və diqqətdən razıdır. A.Şahverdiyev bildirib ki, məcburi köçkünlər dövlətimizin diqqət mərkəzindədir. Onun sözlərinə görə, dövlət başçısı ardıcıl olaraq Ermənistanın hərbi təcavüzünün qurbanı olmuş insanların həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq qərarlar verir: "Hazırda Azərbaycan dövləti ehtiyacı olan hər bir vətəndaşına lazımi yardımı göstərir. Son illər Azərbaycan iqtisadiyyatının inkişafı hər kəsin gözü önündədir. Məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması yönündə atılan addımlar da hər kəsə bəllidir. Bu gün bütün məcburi köçkünlər dövlətin himayəsindədir və onların bütün təminatını dövlət ödəyir. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası da bu istiqamətdə tədbirlərin davam edəcəyini göstərir. İnanıram ki, dövlət başçısı bundan sonra da bu siyasətini davam etdirəcək və ehtiyacı olan köçkünlərə lazımi yardımlar göstəriləcək. Qəbul olunan dövlət proqramının davam etməsi, ona uyğun yeni yaşayış komplekslərinin salınması həm bu il, həm də gələn il davam etdiriləcək. Yeni mənzillərin tikilməsi, sözügedən Dövlət proqramının icrasında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin və qurumun sədri Əli Həsənovun da fəaliyyətini müsbət qiymətləndirmək lazımdır".
Köçkünlərin məşğulluq problemlərinin həllinə gəlincə, millət vəkili bu istiqamətdə xeyli addımların atıldığını bildirib. A.Şahverdiyev onu da deyib ki, köçkünlərin işsizlik problemlərinin həlli istiqamətində də tədbirlər həyata keçirilir: "Hökümət çalışır ki, bu problemi də aradan qaldırsın. Ümid edirəm ki, qısa müddətdə bu problemlər öz həllini tapacaq. Ancaq biz hər şeydən öncə arzulayırıq ki, doğma torpaqlarımıza qayıdaq. Hələlik bu məsələ reallaşmasa da, dövlət, ehtiyacı olan vətəndaşlarını diqqətsiz qoymur, daim onun yanında olur".
Sonda bir epizodu da yada salmaq istəyərdim. İlham Əliyev doğum gününü təmtəraqlı hansısa sarayda yox, qaçqınların arasında keçirtdi. Burada simvolik bir məna da var idi və mənası bu idi: "Prezident xoş günündə bu insanların arasındadırsa,Azərbaycan cəmiyyəti də hər zaman bir parçaları olan bu insanlarla bir yerdə olmalıdır. O zamana kimi ki, Şuşa qalasında Ali Baş komandanın "təbrik" mesajını da birlikdə eşidək".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53