Poroşenko planı təsdiqlədi: Luqansk və Donetskə doğru
09:42 09-07-2014
CƏMİYYƏT
Poroşenko planı təsdiqlədi: Luqansk və Donetskə doğru
Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyası Donetsk və Luqansk şəhərlərinin azad edilməsinə dair prezident tərəfindən təsdiqlənmiş plana malikdir. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini, general Mixail Koval yerli "5-ci kanal"a açıqlamasında deyib.
O bildirib ki, dövlət başçısı Donbass bölgəsinin tamamilə silahlılardan azad edilməsi barədə planı dəstəkləyib: "Ali Baş Komandan Petro Poroşenko torpaqlarımızın azad edilməsinin bütün mərhələlərini ehtiva edən planı təsdiqləyib".
M. Koval onu da qeyd edib ki, Rusiya Ukrayna ilə sərhəddə taktiki tabor qrupları cəmləşdirib və onlara Ukrayna ərazisindəki terrorçu qrupların Rusiya ərazisinə daxil olmasının qarşısını almaq tapşırığı verilib.
Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi Ukrayna güc strukturları tərəfindən nəzarətə götürülüb. Lakin vilayət mərkəzləri - Donetsk və Luqansk şəhərləri hələlik separatçı-terrorçu qruplaşmaların əlindədir.
NATO-dan şok:
"Rusiyaya qarşı yeni plan hazırlayırıq"
"Ukraynaya qarşı olan Rusiya təcavüzü NATO-nun kollektiv müdafiə sisteminə yeni tələb yaradıb. Bu da Uelsdə keçiriləcək Alyansın sammitində əsas müzakirə edilən məsələlərdən biri olacaq". Bu açıqlama ilə NATO-nun Baş katibi Anders Foq Rasmussen çıxış edib.
O, müttəfiqlərini qorumaq üçün hazırlıq planının təsdiq ediləcəyini bildirib: "Ukraynaya qarşı olan Rusiya təcavüzü kollektiv müdafiə sisteminin möhkəmləndirilməsini zəruri edir. Buna görə də sammitdə ehtiyac olan zaman müttəfiqlərimizi qorumaq üçün hazırlıq planını təsdiq edəcəyimizə inanıram".
Obama və Olland
Putindən nə istədi?
ABŞ prezidenti Barak Obama ilə onun fransalı həmkarı Fransua Olland arasında telefon danışığı olub.
"Röyters" xəbər agentliyinin verdiyi məlumata görə, iki lider Rusiya prezidenti Vladimir Putini Ukraynanın şərqindəki separatçılara təzyiq göstərməyə çağırıb.
Barak Obama fransalı həmkarı ilə telefon söhbətində Ukraynanın şərqində aparılan antiterror əməliyyatı dəstəkləyib. Obama və Ollandın ümumi fikri bu olub ki, Rusiya stabilliyi pozan hərəkətlərə son qoymalı, terrorçulara silah çatdırmasından imtina etməlidir. "Prezidentlər bildiriblər ki, ABŞ və Avropa koordinasiya olunmuş addımlara təşəbbüs etməlidir. Sabitliyin bərpası üçün təcili addımlar atmasa, Rusiyaya qarşı atılacaq addımlarla bağlı ümumi fikir ifadə olunub", - "Röyters" Ağ Evin mətbuat xidmətinə istinadən bildirir.
Poroşenko Moskva ilə danışmağa razılaşdı
Dünən günorta saatlarında isə məloum olub ki, son günlər uğurlu antiterror əməliyyatları həyata keçirən Ukrayna hakimiyyəti ilə terrorçular arasında sülh danışıqları aparıla bilər. unian.net saytının verdiyi məlumata görə, bu barədə Donetsk şəhərinin meri Aleksandr Lukyançenko mətbuat konfransında bildirib.
Mer qeyd edib ki, Ukrayna prezidenti Pyotr Poroşenko danışıqların keçirilməsi üçün Donetsk vilayətinin şimalında yerləşən Svyatoqorsk şəhərini təklif edib. Onun sözlərinə görə, dövlət başçısı danışıqlarda Rusiyanın iştirakına da razıdır. "Dünən (srağagün - red.) xalq deputatı Boris Kolesnikovla birlikdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə Kiyevdə görüşdük. Biz qeyd etdik ki, Donetskdə hərbi əməliyyatlar zamanı aviasiya və artilleriyadan istifadə etmək mümkün deyil. Donetskdə qalan 900 mindən çox dinc insanı təxliyyə etmək üçün yer yoxdur", - Donetsk meri deyib.
Onun sözlərinə görə, hazırkı şərtlər altında danışıqlar yolu ilə şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək lazımdır.
Danışıqların keçirilməsi təklifinə isə Kremlin hansı cavab verəcəyi maraqla gözlənilir.
Poroşenko antiterror əməliyyatının rəhbərini vəzifəsindən azad etdi
Dünən həmçinin o da məlum olub ki, Ukrayna prezidenti Pyotr Poroşenko Təhlükəsizlik Xidməti yanında Antiterror mərkəzinin rəhbəri Vasili Krutovu tutduğu vəzifədən azad edib. Müvafiq sərəncam dövlət başçısının saytında dərc edilib.
"Krutov Vasili Vasilyeviç Ukrayna Təhlükəsizlik Xidməti yanında Antiterror mərkəzinin rəhbəri vəzifəsindən azad edilsin", - sənəddə deyilir.
Poroşenkonun digər sərəncamı ilə Ukrayna Təhlükəsizlik Xidməti sədrinin birinci müavini Vasili Qritsak Antiterror mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Vasili Krutov 2014-cü ilin aprelindən Ukraynanın şərqində keçirilən xüsusi operativ əməliyyat qərargahına rəhbərlik edirdi.
"Vakuumdayıq"
Ukrayna Prezident Administrasiyasının sədr müavini Valeri Çalıy NATO-nun bu ölkəyə girməsinin hələ tez olduğunu bildirib. Çalıy qeyd edib ki, vəziyyətin gərgin olmasına baxmayaraq, NATO Ukraynaya girməyəcək: "ICTV"a açıqlama verən V.Çalıyın sözlərinə görə, Ukraynanın təhlükəsizlik sistemi, təhlükəsizliyilə əlaqədar yeni mexanizmi yoxdur: "Beləcə vakuumda qalmışıq". Ukrayna rəsmisi qeyd edib ki, hökumət cəmiyyəti parçalayacaq qərarlar qəbul etməyəcək. Valeri Çalıy hesab edir ki, Ukraynanın NATO-ya indiki məqamda üzv olması cəmiyyəti parçalaya bilər: "Bütün Ukrayna razı olsa, NATO-ya üzv ola bilərik. Avropada təhlükəsizliyi təmin edən bu böyük və güclü təşkilatla indiki məqamda etdiyimiz əməkdaşlıq irəli getməyimiz üçün əhəmiyyətlidir".
"Ukrayna üç ilə
kimi ərazi bütövlüyünü təmin edəcək"
Bu arada azərbaycanlı hərbi-ekspert Üzeyir Cəfərov Ukrayna hökumətinin Donetsk və Luqanskı mühasirəyə almaq barədə qərarına münasibət bildirib.
Ü.Cəfərov qeyd edib ki, prezident Poroşenko qarşısına qoyduğu məqsədlərinə nail olur. O, hesab edir ki, həm hərbi, həm də siyasi müstəvidə Ukrayna problemi öz həllini tapır. Ekspertin sözlərinə görə, Luqansk, Donetsk, Kramatrovsk və digər şəhərlərdə aldadılmış seperatçılar sıradan çıxarılır: "Seperatçıların özləri də Moskva tərəfindən onlara verilən vədələrə əməl edilmədiyini bildirirlər. Şərqi Ukraynadakı seperatçılar həm təcrübəsizdirlər, həm də onlardan alət kimi istifadə olunurdu. Pusilin və Girkin kimiləri sağa-sola müsahibə verərək bildirirlər ki, Putin onlara verdiyi sözün arxasında dayanmadı. Bu əvvəlcədən məlum idi. Lakin bəziləri Şərqi Ukraynada rus avantürasının uğur qazanacağına inanırdılar, hətta regionda yeni müstəqil respublikaların yaranacağını elan edirdilər. Faktiki olaraq, bu gün Poroşenkonun problemdən çıxış yolu üçün atdığı addımlar təqdirəlayiqdir. Yeni müdafiə naziri general-polkovnik Yelitseyin hərbi paradının Sevastopolda keçirəcəyinə inanıram. Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin özündən razı şəkildə qurumun Ukraynada qoyduğu vəzifələri yerinə yetirməsini qələbə kimi qələmə verdi. Narışkinin sözlərindən sanki belə çıxır ki, Rusiyanın daxili problemləri Dumanı o qədər də maraqlandırmır və onların əsas problemləri Krım, Sevastopolla bağlı imiş. Yaxın 3 il ərzində Ukrayna ərazi bütövlüyünü diplomatik və hərbi yollarla bərpa edəcək. Rusiyanın Ukraynanın bu yöndəki addımlarına səsi də çıxmayacaq. Çünki bu gün Rusiyanın tərkibinə birləşdirilmiş ərazilər Ukraynaya məxsusdur. Putin atdığı addımlara görə peşman olacaq. Poroşenko bu məsələlərdə bir qədər də sərt olmalıdır. Davamlı addımlar atılmalıdır ki, Ukraynanın ərazi bütövlüyü bərpa olunsun. Dağıdılmış ərazilərdə məktəblərin tezliklə təmir edilib sentyabrın 1-nə kimi istifadəyə verilməsi kimi məsələlərin gündəmə gətirilməsi sevindirici haldır. Poroşenko Ukraynanın böyük dövlət olmasını sübut etdi. Putinin ortaya atdığı utopiya faktiki olaraq fiaskoya uğradı".
"Rusiyanın iqtisadi
sanksiyaları Ukrayna mallarının keyfiyyətini yüksəldəcək"
Azərbaycanlı iqtisadçı-ekspert Natiq Cəfərli isə Rusiyanın baş naziri Dmitri Medvedyevin Gürcüstan və Ukraynanı iqtisadi sanksiyalarla təhdid etməsinə münasibət bildirib.
Ekspert qeyd edib ki, 2008-ci ildə baş verən məlum hadisələrdən sonra Rusiya Gürcüstan mallarının idxalatına embarqo qoydu. Amma ekspert vurğulayıb ki, buna baxmayaraq, Gürcüstan iqtisadiyyatı özünü qoruya bildi: "Hakimiyyət bəzi islahatlar apararaq ölkə mallarının bir qismini Avropa bazalarına çıxarılmasına nail oldu. Əksinə Rusiyanın sanksiyalarının Gürcüstana xeyirləri dəydi. Ölkə iqtisadiyyatında modernizasiya həyata keçirildi. Ona görə də bunun Gürcüstan iqtisadiyyatına o qədər ciddi təsirləri olmayacaq. Gürcüstanın Rusiyaya satdığı malların qiyməti cəmisi 500 milyon dollardır. Bundan sonra malların Türkiyə və Avropa bazalarına yönləndirilməsi o qədər problemli olmayacaq". Lakin Natiq Cəfərli hesab edir ki, Gürcüstanla müqayisədə Rusiyanın iqtisadi və ticari sanksiyaları Ukrayna iqtisadiyyatına ciddi problemlər yaşada bilər. N.Cəfərli qeyd edib ki, Ukrayna və Rusiya arasındakı ticarət dövriyyəsi böyükdür: "Ukraynanın hərbi-sənaye kompleksinin böyük bir hissəsi Rusiya üçün bir sıra cihazlar hazırlayır. Kənd təsərrüfatı məhsullarının rus bazarına çıxarılmasında problemlər yarana bilər. Lakin bu zərərlər qısa müddətli olacaq və yaxın vadədə Rusiya sanksiyaları Ukrayna iqtisadiyyatında modernizasiyanın həyata keçirilməsinə, mallarının keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04