Mübariz Əhmədoğlu: "Tbilisi erməniləri konfliktogenliyə deyil, regional əməkdaşlığa xidmət etsəydilər, Gürcüstan qazanardı"
Gürcüstandakı ermənilər sağlamniyyətli aktiv olsaydılar, Tbilisi indi regional siyasi və iqtisadi əməkdaşlıq mərkəzinə çevrilərdi. Azərbaycan və Ermənistan prezidentləri dünyanın 10-dan çox şəhərində görüşlər keçiriblər. Tbilisinin adı bu şəhərlərin siyahısında yoxdur.
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Gürcüstan erməniləri Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünü təşkil edə bilərdi. Belə təşəbbüs yoxdur: "Rəsmi Yerevan Gürcüstandakı erməniləri başa salıb ki, Dağlıq Qarabağ azərbaycanlıları ilə ermənilərinin dialoqu qəti qadağandır. Əgər belə deyilsə, Tbilisidəki ermənilər istənilən anda Dağlıq Qarabağ ermənilərinin və azərbaycanlılarının dialoqu təşəbbüsü ilə çıxış edə bilər; bu təşəbbüsün müəllifliyinə gürcü pravoslav kilsəsini, Gürcüstandakı azərbaycanlıları, hətta Gürcüstandakı bəzi rəsmi strukturları da qoşa bilər".
Politoloq qeyd edib ki, heç kəs, o cümlədən Gürcüstandakı ermənilər rəsmi Yerevanın regional əməkdaşlıqla bağlı heç bir təşəbbüsünü tapa bilməz. Çünki rəsmi Yerevan heç vaxt regional əməkdaşlıqla bağlı təklif irəli sürməyib: "Ermənistanın Azərbaycanla ikitərəfli və ya regional əməkdaşlıq ideyaları Azərbaycana kənardan daxil olub və Azərbaycan həmişə bu ideyalara müsbət münasibət bildirib. Təbii ki, regional əməkdaşlıq işğalçılığın möhkəmlənməsinə xidmət edə bilməz. Ona görə əvvəlcə işğal faktı aradan qalxmalıdır. Bunu həm sağlam məntiq, həm də əməkdaşlığın metodologiyası deyir: Regional əməkdaşlıq layihələrinin real nəticəsi yaxşı halda 5-6 ildən sonra görünür. Amma Ermənistanın 20 min hərbçini və 200 tankını Dağlıq Qarabağ ərazisindən çıxarmaq üçün 5-6 gün, lap uzağı 5-6 həftə vaxt lazımdır. Azərbaycan isə bir neçə dəfə ikitərəfli və regional əməkdaşlıq təklifləri irəli sürüb: Azərbaycan Ermənistana ucuz qaz vermək təklifini ortalığa qoydu. Qazının bir qisminin hər 1000 m3 Gürcüstana 56 dollara satan Azərbaycan Ermənistana tutaq ki, 156 dollara sata bilər. Hər halda bu 189 dollardan ucuzdur. Rəsmi Bakı Ermənistanı regional əməkdaşlığa qoşmağa hazır olduğunu bildirdi".
M.Əhmədoğlu xatırladıb ki, ABŞ-ın dövlət katibi C.Kerri regionda silahlanmaya ayrılan pulun region xalqlarının rifah halının yaxşılaşdırılmasına yönəldilməsi təklifini irəli sürdü: "Rəsmi Bakı bu təklifi qəbul etdi. Ermənistan bu təklifi və eləcə də bütün təklifləri rədd edib. Amma gürcülər və ermənilər elə başa düşürlər ki, regional əməkdaşlığın maneəsi Ermənistan deyil, Azərbaycandır. ARDNŞ Gürcüstandakı bütün dinlərə aid məbədləri, ibadətgahları qazla pulsuz təmin edir; Gürcü patriarxlığı ilə müqavilə var. Erməni Apostol kilsəsinin Gürcüstan yeparxiyasının kilsələri həmin müqavilə yə əsasən Azərbaycan qazını havayı almalıdır. Erməni Apostol kilsəsinin Gürcüstan yeparxiyasının başçısı V.Mirzəxanyan dərhal Dağlıq Qarabağa, B.Saakyanın hüzuruna aparıldı. Ermənistandan gələnlərlə birlikdə B.Saakyan onu möhkəm danladı; Niyə Azərbaycan qazından imtina etməmisən?! Gürcüstandakı ermənilər və onların təsiri altında olan gürcülər bu faktı öyrənib mətbuata çıxara bilərlər. Yeri gəlmişkən, rəsmi Tbilisi Erməni Apostol kilsəsinin Gürcüstan yeparxiyasının başçısı, Gürcüstan vətəndaşı V.Mirzəxanyanın Dağlıq Qarabağa qanunsuz səfəri ilə maraqlansa, daha yaxşı olar".
Politoloq bildirib ki, digər dövlətlərdə olan erməni diasporu da Dağlıq Qarabağ münaqişəsinin inkişaf perspektivlərinə eynilə Ermənistan rəsmiləri kimi yanaşır: "Gürcüstan erməniləri də bu kontekstdə digər ölkələrdəki ermənilərdən fərqlənmir; mövcud olduqları dövlətə problem yaratmaqla məşğuldurlar. Əgər ermənilər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərini partladacaqsa bu ilk növbədə Gürcüstana ziyandır. Deməli Gürcüstan təminatlı tranzit ölkə deyil. Gürcüstan pul itirəcək. Azərbaycanın 55 milyard dollarlıq qızıl-valyuta ehtiyatı var. İran Azərbaycanın bütün neft və qazını SWAP əməliyyatı ilə Qərb bazarlarına çıxarmaq təklifini rəsmən irəli sürüb. Hər halda Gürcüstandan da Ermənistana qaz kəməri, avtomobil və dəmir yolu keçir. Görünür, ermənilər yalnız özlərini dağıdıcı hesab edirlər. Bəlkə də bu məsələdə düzgün fikirdədirlər. 2008-ci ilin avqust hadisələrinin 3-cü günündə Ermənistanda un və benzin qıtlığı yarandı. İran Ermənistana un və benzin verdi. Gürcüstan ərazisindəki kommunikasiya infrastrukturu dağılsa, 1 aydan sonra Ermənistan dövləti olmayacaq.
Gürcüstan ermənilərinin antigürcüstan strategiyası gec-tez özlərinə qarşı çevriləcək. Azərbaycan hərtərəfli üstündür və güclü inkişaf perspektivlərinə malikdir. Ona görə Q.Marqvelaşvilinin Fransaya səfəri ərəfəsində Gürcüstan ermənilərinin Gürcüstan-Ermənistan münasibətlərini işıqlı, Gürcüstan-Azərbaycan münasibətlərini isə dumanlı təqdim etmə cəhdləri strateji cəhətdən perspektivsizdir".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53