"Siyəzən Broyler"də müəmmalı yanğınlar
"Siyəzən Broyler"də müəmmalı yanğınlar
Bu fabrikdə nələr baş verir?

Bir neçə gün əvvəl Siyəzən rayonunun Kiçik Həmyə kəndi ərazisində yerləşən "Siyəzən Broyler" müəssisəsinin ərazisində yanğın baş verdiyi barədə xəbər yayıldı.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyulun 6-da saat 15:00 radələrində Siyəzən rayonu ərazisindəki "Siyəzən Broyler" fabrikinin sexlərinin birində yanğın hadisəsi baş vermişdi. Əsən külək yanğının daha geniş ərazilərə yayılmasına şərait yaradıb.
Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondu torpaqlarını da, əhatə edib. Daha dəqiq
desək, Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometrliyində Siyəzən Broyler ASC-yə məxsus ümumi sahəsi 8960 kv.m olan sökülmüş sexlərin içərisində məişət tullantıları yanıb. Yanğın nəticəsində ərazidə 3 hayabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.
Yanğın ərazisində 6 yanğınsöndürən maşın və FHN-in aviasiya dəstəyinin bir helikopteri də yanğını söndürməyə çalışıb Yanğının söndürülməsi işinə həmçinin yerli sakinlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Siyəzən RİH-də fəaliyyət göstərən fövqəladə hallar komissiyasının üzvləri də cəlb olunub.
Maraqlı olan isə odur ki, bu, adıçəkilən broyler fabriki ilə bağlı ikinci yanğın faktıdır. Belə ki, ötən il iyul ayının 18-də də məhz eyni indiki kimi, "Siyəzən Broyler" fabrikinin sexlərinin birində yanğın hadisəsi baş vermişdi. İndi "doğrutv" bu məqamı xatırladaraq həmin yanğınların müəyyən suallar yaratdığını qeyd edir və bu sualların cavabını aidiyyatı qurumların araşdırmalı olduğuna diqqət çəkir.
Qeyd edək ki, "Siyəzən Broyler" ölkənin ən iri toyuq məhsulları istehsalçılarından biridir. Hazırda yerli bazarda "Siyəzən Broyler" məhsullarının satışı üstünlük təşkil edir.
Ülviyyə Qasımlı