Müsavatda "Anar polemikası
12:02 20-08-2014
CƏMİYYƏT
Müsavatda "Anar polemikası"
Arif Hacılı Elnur Astanbəyliyə cavab verdi
"Anar uzun illər Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etmiş, xeyli oxucusu olan əsərlər yazmış bir yazıçıdır. Onun namizəd olduğu bütün seçki dairələrində Müsavat Partiyası kifayət qədər güclü alternativ namizədlər irəli sürüb. Və müstəqil müşahidəçilərin rəylərinə görə, bizim namizədimiz Anardan daha çox səs toplamağa nail olub. Bütün bunları ona görə deyirəm ki, Anara müxalifət arasında, xüsusilə müsavatçılar arasında hansısa əlahiddə sevgi olması barədə şayiələr çox şişirdilib". Bunu 1937.az saytına müsahibəsində Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.
Jurnalistin "Elnur Astanbəyli də məhz Müsavat Partiyasından küsüb ki, niyə Anarı çox istəyirsiniz" sualına cavabında Hacılı deyib: "Müsavat Partiyası ədəbiyyatşünaslıqla məşğul deyil, siyasətlə məşğuldur. Bu partiyanın hansısa şairlə, yazıçı ilə problemləri olması barədə fikirləri də haqlı saymıram. Elnur Astanbəylinin səhv etmirəmsə, yalnız bir şeirlər kitab var və o bir kitabın təqdimatı Müsavat Partiyasının qərargahında və partiya rəhbərliyinin iştirakı ilə keçirilib. Müsavat Partiyası fikir müxtəlifliyini normal qəbul edir. Deyək ki, Hikmət Hacızadə bu yaxınlarda Səməd Vurğun haqqında birmənalı fikir səsləndirdi. Müsavat Partiyası üzvləri arasında bu fikirlə razılaşanlar da oldu, razılaşmayanlar da. Burada nə var ki? Müsavatda normal bir atmosfer mövcuddur".
Xatırladaq ki, bir müddət əvvəl eyni sayta müsahibəsində Müsavat Partiyasının üzvü, şair-publisist Elnur Astanbəyli deyib: "ən belə qərara gəlmişəm ki, Azərbaycanda ən böyük problem daxili azadlıq problemidir. Bəzən görürsən ki, qışqıran, bağıran, əlində "azadlıq" şüarı tutan adamın özünün də daxili azadlıq problemi var. Yəni belə bir insan - İsa Qəmbər Anarı və bütün varlığı ilə dəyişməyə, yeniləşməyə qarşı olan başqa adamları necə müdafiə eləyə bilər? Onların necə təəssübünü çəkə bilər? Mənim bundan başım çıxmır". O daha sonra belə bir iddia irəli sürmüşdü: " İsa Qəmbər fikirləşir ki, mən Anar haqqında xoş olmayan nəsə deyərəm, partiyamın yarısı gedər. Çünki sıravi müxalifətçilərin 70-80 faizi belə qənaətdədir bu boyda böyük yazıçıya, milli brendə heç güldən ağır söz demək olar?!"
İsa Qəmbər isə həmin iddiaya çox keçmədən 1937.az saytında belə münasibət bildirmişdi: " Doğrudan, çox qəribə səslənir. (gülür)… Anar kifayət qədər diqqət mərkəzində olan bir şəxsdir. Diqqət eləyirsinizsə, ziyalılıqdan, yazarlıqdan və Yazıçılar Birliyindən söz düşəndə birinci adı çəkilən şəxs Anar olur. Bu, təsadüfi deyil. Və mənim Anara münasibətim də daşlaşmış bir münasibət deyil. Mən hər bir şəxsin yaradıcılığındakı müsbət tərəfləri görüb qiymətləndirməyin tərəfdarıyam, eyni zamanda zəiflikləri də görüb qiymətləndirirəm. Yeni nəsil yazarlarla əvvəlki nəsil yazarlar arasında savaşın obyektiv tərəfləri var. Aydındır ki, hər zaman yeni gələn nəsil əvvəlkilərlə ədəbi mübarizəyə girir. Bu, qaçılmazdır. Biz məsələnin bu hissəsinə qarışmırıq. Amma yeni yazar nəsli ilə əvvəlki nəsillərin ictimai-siyasi proseslərdə mövqeyi, mövcud vəziyyətə mövqeyi, xalqın problemlərinə mövqeyinə və bütün bu kimi şeylərə yanaşma məsələsinə gəlincə, təbii ki, bizim simpatiyamız yeni yazarların tərəfindədir. Bunu heç zaman gizlətməmişik, yeni yazarları da hər zaman müdafiə eləmişik, dəstək vermişik...".
Lalə Yusifli
Digər Xəbərlər
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43