Yaslara əncam çəkildi, qaldı toylar...
11:34 22-08-2014
CƏMİYYƏT
Yaslara əncam çəkildi, qaldı toylar...
Kədərdən doğan sevincli xəbər yayılıb. Saytlar tirajlayıb. Bu xəbəri çox gözləmişik. Çox deyinmişik. O qədər demişik ki, "toylarda sevinmək, yaslarda kədərlənmək olmur". Nəhayət eşidildik. Görünür, yasında çal-cağır etdiyimiz, yeyib-içdiyimiz adamların ruhları da bizə qoşulub hayqırıblar.
Ölülər dirilərlə birləşəndə nəticə ürəkaçan olurmuş. Buyurun, Azərbaycanda dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edəcək. Məqsəd yas mərasimlərində israf hallarının qarşısını almaqdır.
Ortada rəsmi qərar yoxdu. Prosesin hansı qurum tərəfindən tənzimlənəcəyi barədə bir-iki cümlə yazılsa da rəsmi göstəriş hələ ki, gözə dəymir. "Yaslar və toylar haqqında" qanunun qəbul olunmasının vacibliyi ilə bağlı bir ara mətbuatda israflığa açıq mətinlərlə etiraz edənlər də oldu. Oldu və bitdi. Qapandı. Kim deyir ki, ümid ölmür?.. Ölür. Ümidin dirilməsi mümkünsüzdü. Bizim məmləkətdə bu da mümkün oldu. Əsasən yas mərasimlərinin kədərə adekvat olacağına inanmağımız bizi peşman etdi. İnam yoxa çıxdı, əvəzinə ortaya aş gəldi, ardından dolma, dovğa, banan, ananas, kivi, şirələr… Yedik, narazı olduq, içdik, etiraza qalxdıq. 40 gün 40 gecə yas aşı ilə dolandıq. Düşüncəmizlə əməlimiz arasında qırğın çıxdı. Əməlimiz qalib gəldi. Ümidin dəfn mərasimində iştirak etməyə vaxtımız da olmadı. Başımız bəzəkli-düzəkli, allı-güllü yas mərasimlərində yeyib-içməyə qarışdı. Ümidin kimi var ki... uzağı çay verə bilərdi, o da xurmasız.
Nəhayət cındırından cin ürkən əməlimiz saf su kimi duru olan düşüncəmizə uduzdu. Ümid dirildi. Bu sözləri oxumaq necə də xoşdu. Bir də oxuyaq: "Hökumət konkret standartlar - menyu müəyyənləşdirib. Bundan sonra yas mərasimlərində israf qida məhsullarının verilməsinə qadağa qoyulur. Hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət qoyulmayacaq".
Qadağaya əməl olunmasına nəzarət etmək rayon icra hakimiyyətləri başçılarının 1-ci müavinlərinə tapşırılıb. Hətta inzibati ərazilər üzrə toplantılar keçirilib. Yerli din xadimlərinə, axund və mollaların diqqətinə çatdırılıb ki, məclislərdə qoyulan təlimatlardan kənara çıxılması hallarının qarşısını alsınlar.
Xəbər bu dəfə güllə yox, gül effekti verdi. 1 saat ərzində Qafqazinfo.az saytında yazılan 35 şərhin üzü gülür. Şərhçilər hökumətə afərin deyir. Xəbərdəki xatırlatma da oxuculara ləzzət edib.
Xatırlatmada deyilir: "Azərbaycan dövləti regionda və dünyanın bir sıra bölgələrində baş verən milli, dini və məzhəbi qarşıdurmaları əvvəlcədən önləmək, profilaktik tədbirlər görmək, problemlərin maarifləndirmə yolu ilə həllinə nail olmaq məqsədilə rayon icra hakimiyyətlərində Dini Məsələlər üzrə Komissiyalar yaradılıb. Komissiyalara sədrlik isə rayon icra hakimiyyətlərinin 1-ci müavinlərinə həvalə edilib. Rayonlardakı komissiyalar bu istiqamət üzrə işlərini yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirəcəklər. Ümumi nəzarət isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullaya tapşırılıb. Yeni yaradılan komissiya sədrləri bir başa ona tabe olacaq".
Çox gözəl. Artıq biliyin hakimi-mütləq olduğu dövr gəlib. Bilik Fondu ilin sonuna qədər respublika ərazisində 10-a yaxın layihəyə başlayıb. Layihələr hər bir insanın həyatına müsbət təsir edəcək səviyyədə qurulub. Görüləcək işlər qalaq-qalaqdı. Növbə toylarındı. Növbə köhnədən qalan ziyanlı ənənələrindi. Daha bitdi. Ölkə var, dövlət var, cəmiyyət var. İndi bu cəmiyyətdə yaşayanların azadlıq və rahatlığı təmin olunsun. Hamının atası öləcək. Atamın ölümündən sonra ehsan üçün aldıqlarımın borcu altında əziləcəyəmsə, bəs o kişinin ruhu necə rahatlıq tapacaq? Hamının balasının toyu olacaq. Toydan sonra şadlıq sarayının müdirinin otğaında girov qalacağamsa, oğluma ən xoş günündə peşmanlıq yaratmış olmayacağam?
İnkişaf etmiş cəmiyyətlər yeməkdən lap çoxdan imtina edib. Dəqiqləşdiriblər ki, bütün xəstəliklərin əsas səbəbi qidadı. Kababın üstündən balıq, balığın üstündən aş, aşın üstündən tort, tortun üstündən dondurma yeməzlər. Onda mədəmiz bakteriyalar üçün zibilxanaya dönəcək.
Biz isə biliyimizlə, intellektimizlə, istedadımızla, mədəniyyətimizlə, çağdaş dünya göürüşümüzlə təmizlik qoxuyan cəmiyyət qurmaq istəyirik. Və qururuq!
Ceyhun Musaoğlu
Digər Xəbərlər
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43