Mirasdan məhrum vərəsələrin hüquqları
13:10 04-10-2014
SİYASƏT
Mirasdan məhrum vərəsələrin hüquqları
Mirasın qəbulu vərəsəliklə bağlı çoxsaylı mübahisələrə yol açır
Ölkə vətəndaşları müxtəlif dövlət aktları, özgənikiləşdirmə və ya vərəsəlik hüququ əsasında əmlak sahibi olurlar. Vəfat etmiş şəxsdən miras qalmış əmlakın onun vərəsələrinin adına rəsmiləşdirilməsi vərəsəlik hüquq normaları ilə nizamlanır.
Bu baxımdan vərəsəlik hüququ önəmli bir institutdur. 1964-cü ildə qəbul olunmuş Azərbaycan SSR Mülki Məcəlləsinin cəmi 41 maddəsi vərəsəlik hüquq münasibətlərinin tənzimlənməsinə həsr olunduğu halda 2000-ci ildə qəbul olunmuş yeni Mülki Məcəllənin 192 maddəsi məhz bu münasibətlərin nizama salınması ilə bağlıdır. Bu da ölkəmizdə vətəndaşlarımızın əmlak hüquqlarının qorunmasına yönəlmiş addımlardan biri kimi qiymətləndirilməlidir. Vətandaşa çatası miras əmlakın qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə onun adına rəsmidləşdirilməsinin əhəmiyyəti böyükdür. Nəzərə alınmalıdır ki, indi ölkə əhalisinin böyük bir hissəsi ya fərdi qaydada, ya da xüsusi müəssisələr vasitəsi ilə sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Notariuslar vərəsəlik hüququnu rəsmiləşdirilərkən, miras əmlakın mühafizəsini təşkil etmək və vərəsələrin dairəsini dəqiq müəyyənləşdirməklə insanların əmlak hüqüqlarının qorunması yolu ilə sahibkarlığın inkişafına da kömək edirlər. Təminatı mülkiyyət hüququnun qorunması olan sahibkarlığın inkişaf etdiyi bir dövrdə insanların vərəsəlik, mirasın qəbul olunması ondan imtina edilməsi haqqında bilgilərə malik olmaları vacibdir. Qanunvericiliyə nəzər saldıqda görürük ki, vərəsələr vərəsəlik hüquqlarını təmin etmək üçün qanunla müəyyən olunmuş zəruri hüquqi hərəkətləri etməyə borcludurlar.
Misalçün, həmin hərəkətlərdən biri miras açıldıqdan sonra mirasın qəbulu və şəhadətnamənin istənilməsi barədə ərizə ilə notariusa müraciət etmələridir. Bu hal vərəsələrə həm qanun, həm də vəsiyyət üzrə heç bir fərq qoyulmadan eyni dərəcədə aiddir.
Mirası qəbul edib-etməməsi vərəsələrin öz iradəsinə bağlıdır. Qanunvericilikdə onların arzularına zidd heç bir məcburi qayda nəzərdə tutulmayıb. Lakin bəzən elə hallar olur ki, miras qoyanın vərəsələrinin mirasın qəbulu ilə əlaqədar hüquqi hərəkətləri vaxtında yerinə yetirməmələri onun qəbulu ilə bağlı müddətin buraxılması ilə nəticələnir. Bu halda mirasın qəbuluna, buraxılmış müddət məhkəmə qaydasında bərpa edildikdən sonra yol verilir ki, bu da əlavə vaxt itkisi deməkdir. Ona görə də mirasın qəbul olunması müddətini və qaydasını bilmək çox önəmlidir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Həmin qaydalar vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanmasından ibarətdir. Amma bəzən qanunvericilikdə göstərilmiş vaxt müddəti vətəndaşlara ata-babasından qalmış mülkə sahiblənməyə maneə yaradır. Loru dildə desək, qanunvericiliklə gərək sənə çatacaq miras mülkə sahib çıxmaq üçün də gedib notariusda onu qəbul edəsən. Qəbul etdin sənindi. Etmədin də istəyir mülk doğma atandan qalsın, həmin əmlaka sahib olmaq üçün gərək ömür-gününü məhkəmə qapılarında çürüdəsən.Baxmayaraq ki, qanunla vərəsənin miras mülkdə yaşaması elə həmin mirası qəbul etməsi deməkdir".
Hüquqşunas Nadir Məmmədov da məhkəmə təcrübəsində ən çox hüquq pozuntularının vərəsəlik hüququnda mirasın qəbul olunması faktı ilə bağlı olduğunu söyləyir. Hüquqşunasın sözlərinə görə, MM-nin 1243 və 1246 maddələrinə əsasən mirasın qəbulu qaydaları nizama salınır: "Mirasın qəbulu həm qanun, həmçinin də vəsiyyət üzrə həyata keçirilir. Mirasın bir hüququ, birdəki faktiki qəbulu var. Mirasın hüququ qəbulu o deməkdir ki, miras qoyan öldükdən sonra üç, yaxud altı ay ərzində, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməlidir. Faktiki qəbul dedikdə isə vərəsənin mirasın bir hissəsinə faktiki sahiblik etməyi və ya onu faktiki idarə etməsi başa düşülür. Vərəsənin mirası faktiki idarə etməsi elə mirasın qəbulu kimi qiymətləndirilir. Amma təcrübə göstərir ki, əksər hallarda mirası faktiki idarə edən vərəsələr heç də qanunla onlara çatmalı əmlaka sahiblənə bilmirlər. Vərəsədən mirası idarə etdiyini təsdiqləyən müxtəlif sənədlər, şahid ifadələri və sair tələb olunur. Yaxud da vərəsələrdən biri daha cəld tərpənərək, saxtakarlıq yolu ilə miras əmlakı hüquqi qəbul etməklə miras mülkdə yaşayan vərəsəni bayıra atır".
N.Məmmədovun sözlərinə görə, bu işdə notariat kontorları öz maraqları üçün digər vərəsələrin gizlədilməsinə şərait yaradır: "Notariat Haqqında qanunun 55-ci maddəsinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin miras əmlakı siyahıya almalı, onu qorumalı, əmlak idarəçisini təyin etməli, vərəsələrin dairəsini müəyyənləşdirməlidir. Miras əmlaka başqa vərəsənin olub-olmadığını dəqiqləşdirmək üçün notarius ailə tərkibi haqqında forma 2 saylı, mirasın həbsdə olub-olmadığını aydınlaşdırmaq üçün isə forma 1 arayışı tələb etməlidir. Əgər həmin sənədləri tələb etmədən, digər vərəsələrin olub-olmadığını aydınlaşdırmadan miras əmlakı vərəsələrdən yalnız birinin adına keçirib şəhadətnamə verirsə, həmin şəhadətnamə qanun üzrə etibarsız sayılmalıdır. Amma məhkəmə çəkişmələri göstərir ki, əksər hallarda notariat kontorları qanunla üzərlərinə düşən işi yerinə yetirmirlər. Nəticədə miras əmlakla bağlı çoxsaylı mübahisələr yaranır".
Hüquqşunas deyir ki, vərəsəlik hüququnda yaranmış bu kimi problemlərin kökündə mirasın qəbulu anlayışının durduğunu bildirir: "Miras əmlakının qəbul edilməsi ilə bağlı dünya hüquq sistemində iki yanaşma var. Bunlardan biri Alman hüquq sistemindədir. Bu hüquq sistemində mirasdan imtina institutu formalaşıb. Alman qanunvericiliyində belə bir müddəa var ki, vərəsə notariusa yazılı müraciət edib mirasdan imtina etməyibsə, mirası qəbul etmiş sayılır. Ən sağlam və məntiqli hüquqi tələb də elə budur. Bizdə isə mirasın qəbul institutu var. Açıq-aşkar görünür ki, qanunu qəbul edəndə korrupsiya elementini elə onun bətninə yeridiblər. Çünki yaxşı bilirlər ki, vətəndaşların çoxu qanunu bilmədiyindən ata-anası vəfat edəndə notariusa bir ərizə yazaraq mirası qəbul etməyəcək. Bəzilərinin isə başı valideynini itirdikdə 40 gün dəfn-kəfn işlərinə, daha sonra onların yoxluğunun ağrı-acısını yaşamağa qarışdığından miras əmlakın qəbulu yada düşməyəcək. Nəticədə miras əmlakın qəbulu üçün tələb olunan müddət başa çatacaq. Bundan sonra isə vərəsə məhkəmə qapılarına düşüb miras əmlaka mülkiyyət hüququnu bərpa etməlidir. Bu isə vərəsəyə elə də asan başa gəlmir. Birdə görür ki, məhkəmələrdə mübahisələndirdiyi mənzilin yarı qiyməti gedib. Mənim fikrimcə, bu problemi aradan qaldırmaq üçün vərəsəliklə bağlı qanunvericilikdə dəyişiklik olunmalıdır. Mirasın qəbulu, mirasdan imtina ilə əvəzlənməlidir. Bu notariat orqanlarında və məhkəmələrdə korrupsiyanın da qarşısını alar".
Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü, millət vəkili Fazil Mustafa da mirasın qəbulunun insanların hüquqlarını pozmağa şərait yaratdığını söyləyir. Millət vəkili deyir ki, Notariat Haqqında qanuna dəyişiklik etməklə, vərəsəliyin müəyyənləşdirilməsi, eləcədə miras əmlaka mülkiyyət hüququnun verilməsi qaydaları vətəndaşların xeyrinə asanlaşdırılmalıdır: "Düzdür vətəndaşlar nəyinsə notarial qaydada təsdiqlənməsinə maraq göstərmirlər. Amma etiraf etmək lazımdır ki, notariat sisteminin özü də vətəndaşlara xidmət edəcək istiqamətə yönəlməyib. Xaricdə notarius evlərə gəlib miras məsələlərini həll edir. Bizdə isə vəziyyət əksinədir. Notarius əksər hallarda üzərinə düşən vəzifələri belə icra etmir. Qanunla vərəsələrin dairəsini müəyyənləşdirmək, miras əmlakı qorumaq notariusun borcudur. Amma notarius bu zəruri hüquqi hərəkətləri etməyə, vərəsəni axtarıb tapmağa maraq belə göstərmir. Çünki notariuslara məsələnin mürəkkəbliyi xeyirlidir. Miras əmlakın qəbul olunması üçün tələb olunan müddət bitdikdə, vətəndaş işin məhkəməyə düşməməsi üçün notariusu "razı salmağa" məcbur olur. Yaxud da digər vərəsələri miras əmlakın açılması barədə məlumatlandırmadıqda, mülkün yalnız bir vərəsənin adına keçirilməsinə şərait yaradır".
Millət vəkili deyir ki, qanunla mirasın qəbulu insanların hüquq əldə etmə prosesini mürəkkəbləşdirir: "Ona görə də ya cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Yaxud da, notariat haqqında qanuna dəyişiklik etməklə vərəsələrin miras əmlakla bağlı məlumatlandırılmasının mexanizmləri açıq-aydın göstərilməlidir. Düzdür, hazırkı "Notariat haqqında" qanunda məlumatlandırılmanın forması göstərilib. Amma dəqiq mexanizmin necə olduğu açıqlanmayıb. Qeyd edilir ki, notarius mətbuatda elan verməklə vərəsəni çağıra bilər. Sual olunur ki, bu cür elanlar hansı KİV-də verilməlidir. Ölkədə mindən çox qəzet və jurnal var. Bəlkə vərəsə elanın verildiyi qəzetin oxucusu deyil. Belə halda notariuslar "x" adlı qəzetdə elan verməklə vərəsənin mətbuat vasitəsilə çağırılması barədə üzərlərinə düşən vəzifəni icra etmiş hesab oluna bilməzlər. Məlumatlandırmanın mexanizmləri qanunla dəqiq göstərilməlidir".
Məlumat üçün bildirək ki, Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi xidməti hazırda "ASAN" xidmətdə mümkündür. Vətəndaşlar asan yolla bu sənədi "ASAN" xidmət mərkəzlərindən əldə edə bilərlər. Bunun üçün zəruri olan sənədlərin siyahısı:
1. Miras qoyanın ölümü haqqında şəhadətnamə
2. Miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında mənzil-istismar sahələrinin arayışı, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd
3. Vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən verilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
4. Vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri
5. Qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.)
6. Miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
7. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış.
İştirak etməli olan şəxslərin siyahısı:
1. Vərəsə və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi
2. Qəyyum və ya himayəçi
3. Vərəsənin valideynləri və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi
Dövlət rüsumunun (haqqın) məbləği:
1. Qanunla müəyyən edilən bütün növbəli vərəsələrə dövlət rüsumu 20 manat
2. Vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə 40 manat.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50