VHP-də gərginlik artır
14:44 05-05-2012
SİYASƏT
VHP-də gərginlik artır
Sədr müavini ilə şöbə müdiri üz-üzə
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) funksionerləri - partiya sədrinin müavini, deputat Fəzail İbrahimli ilə partiyanın təşkilat şöbəsinin müdiri Samir Əsədli arasındakı mübahisə səngimir. Xatırladaq ki, mübahisə S.Əsədlinin Facebook sosial şəbəkəsində F.İbrahimli haqqında yazdığı statusdan sonra yaranmışdı.
Belə ki, o, F. İbrahimlinin Milli Məclisdəki çıxışını özündə əks etdirən yazının linkini paylaşıb. AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin Azərbaycanla bağlı bəyanatlarının arxasında erməni lobbisinin durmadığını yazaraq bu fikri söyləyən F.İbrahimlini tənqid edib. O əlavə edib ki, F.İbrahimlinin dedikləri VHP-nin mövqeyini əks etdirmir.
Deputat Fəzail İbrahimli isə APA-ya açıqlamasında partiyada Samir adlı şəxsi tanımadığını deyib: "Mən neçə illərdir VHP-dəyəm, orda elə adamı tanımıram. İndi kimsə mənim haqqımda bir düşüncə yazacaq. Mən də ona cavab verəcəyəm? Tanımıram onu".
Tərəflər arasındakı qarşıdurmanın nə yerdə qaldığını öyrənmək üçün S.Əsədli ilə əlaqə saxladıq. Təşkilat şöbəsinin müdiri deputat barədə dediyi fikirlərdən vaz keçmədiyini söylədi və onu iqtidara yaxınlıqda ittiham etdi. VHP-nin müxalifət partiyası olduğunu deyən S.Əsədli deputatın parlamentdəki çıxışını tənqid etdi. O, F.İbrahimli ilə fikirlərinin heç vaxt üst-üstə düşmədiyini və aralarındakı bu müsahibənin ilk olmadığını bildirdi: "Mən başa düşmürəm: müxalifət partiyasının Siyasi Şurasının üzvü olan bir şəxs necə parlamentdə belə çıxışlar edə bilər? Onun mənim haqqımda dediklərinin hamısı ağ yalandır. Guya ki, məni tanımır. Fəzail İbrahimli ilə eyni şöbədə, partiyanın Siyasi Şurasında təmsil olunuruq. Demək olar ki, iclaslarda mütəmadi görüşürük. Elə orada da hər hansı bir məsələ ətrafında müzakirələr aparan zaman da mübahisə edirik. Mən onun parlamentdəki çıxışını tənqid etmişəm, edəcəyəm də. Partiyada ya o qalacaq, ya da mən. Düşünürəm ki, məsələ qısa zamanda partiyada müzakirəyə çıxarılmalıdır".
VHP sədrinin müavini F.İbrahimli isə S.Əsədlinin dediklərinə münasibət bildirmək istəmədi və qısaca təşkilat şöbəsinin müdiri ilə aralarındakı mübahisəni şişirtməyin tərəfdarı olmadığını qeyd etdi.
Partiya sədri, deputat Sabir Rüstəmxanlı da F.İbrahimlinin fikirləri ilə tam razı olduğunu vurğuladı və bildirdi ki, məsələnin tezliklə öz həllini tapacağına inanır. Tərəflər arasındakı qarşıdurmanın elə də ciddi olmadığını düşünən partiya sədri qeyd etdi ki, sadəcə anlaşılmazlıq baş verib: "Məncə, burada ciddi bir şey yoxdur. Samir hər halda gəncdir, gərək Fəzail bəyin mövqeyinə bir az hörmətlə yanaşaydı, qəzetlərə danışmazdan əvvəl bir az gözləyəydi. Bunlar hamısı partiyada iki funksionerin arasındakı anlaşılmazlıqlardır. O qədər partiyalarda buna bənzər söhbətlər olur ki. Bu, birinci deyil ki. İki nəfərin mövqeyidir. Hesab edirəm ki, çox yaxın vaxtlarda məsləyə aydınlıq gələcək və hər iki şəxs əvvəlki qaydada öz işləri ilə məşğul olacaq".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35