Bakının məşhur mağazalar şəbəkəsi niyə nazirliyin qəzəbinə gəldi?
"Fresko" haqqında son vaxtlar artan şikayətlərin haqlılığı rəsmən təsdiqləndi
Gündəlik tələbat malları bazarının təmərküzləşməsi daha da sürətlənib. Əgər 2005-ci ilə qədər Bakı əhalisinin ərzaq məhsullarına tələbatını kiçik dövriyəli ticarət obyektləri təmin edirdisə, hazırda vəziyyət fərqlidir. Böyük market şəbəbkələrinin yaradılması prosesi genişlənməkdədir.
Ekspertlər bunu təqdirəlayiq hesab edirlər. Bildirilir ki, əvvəla belə marketlərdə mənşəyi bilinməyən və yaxud keyfiyət sertifikatı olmayan məhsullar satışa buraxılmır. Bu tip ticarət obyektlərinə çıxış əldə etmək istəyən hər bir sahibkar məhsullar üçün sertifikatların alınmasında maraqlı olur. Eyni zamanda supermarketlər firmalara daha iri partiyalı mallar sifariş vermək imkanındadırlar. Bu onları alqı-satqı şərtərində üstün tərəf olmasını təmin edir. Eyni zamanda bazarda qiymət rəqabətliliyini artırır. Müəyyən qədər aşağı gəlirli təbəqənin sosial rifahına xidmət edir, aralıq infilyasiyanı azaldır.
Bununla belə, zaman-zaman iri marketlər, məşhur mağazalar şəbəkələri barədə xoşagəlməz hallar da müşahidə olunur. Sonuncu belə neqativ fakt Bakının ən tanınmış marketlər şəbəkəsindən biri olan "Fresko" marketlər şəbəkəsi ilə bağlı ortaya çıxıb. Belə ki, Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı yayımlanan "Fresko" marketlər şəbəkəsinin reklamında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.
Nazirlikdən verilən məlumata görə, bu marketlərdə satılan məhsulların digər marketlərdə satılan məhsullardan üstünlüyü fikrini yaradan "Fresko" market-ən yaxşısı sizin üçün" məzmunlu ifadədən istifadə edildiyi müəyyən edilib.
Bununla əlaqədar "Fresko" marketlər şəbəkəsinin məxsus olduğu "Azəri Retail" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Araşdırmalar davam edir.
Qeyd edək ki, son vaxtlar "Fresko" marketləri ilə bağlı şikayətlərə KİV-də rastlamaq mümkün idi. Məsələn, ilin əvvəlində day.az saytının redaksiyasına Oleysa adlı oxucu tərəfindən məktub daxil olmuşdu. Məktubda belə deyilirdi: "Bu günlərdə ərim və uşağımla şəhərdə gəzirdik. "Fresko" adlı supermarketə girdik və oradan quru kilkə aldıq. Evə gəlib kilkənin paketinə baxanda şok olmuşduq. Sən demə, market heç nədən çəkinmədən paketin üzərində başqa qiymət, çəki və son istifadə tarixi yazıb. Məhsulun çəkisi 100 qramdan 450 qrama qədər "qaldırılıb". Bəli, biz günahkarıq ki, mağazada paketə diqqətlə baxmamışıq. Biz sadəcə belə özbaşınalıq gözləmirdik".
Məsələ ilə bağlı həmin vaxt saytın əməkdaşı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovla əlaqə saxlamışdı. Hüseynov isə oxucunun qeyd etdiyi faktı istehlakçının aldadılması kimi qiymətləndirmişdi: "Bu gün bir çox məhsulların qiymətləri mağazaların xəzinələrində dəyişir. Piştaxtalarda bir qiymət, xəzinədə isə başqa qiymət olur. Misal üçün, piştaxtadan məhsulu 80 qəpiyə götürürsən, xəzinəyə çatanda bu qiymət 1 manat olur. "Fresko" mağazasında bu cür hadisələrin baş verdiyi barədə bizim təşkilata şikayətlər daxil olub".
Azad İstehlakçılar Birliyinin sədrinin dediklərindən belə anlaşılırdı ki, sözügedən fakt "Fresko" ilə bağlı ilk dəfə baş verməyib və bu marketlər şəbəkəsindən ayrı-ayrı vaxtlarda da adıçəkilən quruma şikayətlər ünvanlanıb.
İndi Şahin Mustafayevin nazirliyinin yoxlaması isə "Fresko" ilə bağlı narazılıqların təsadüfi olmadığını, bu marketlər şəbəkəsinin fəaliyyətində həqiqətən müəyyən nöqsanlara yol verildiyini söyləməyə əsas yaradır.
Sonda onu da deyək ki, "Fresko" marketlər şəbəkəsi 2010-cu ilin iyununda Avstriyanın Emsa Capital İnvestisiya Fondunun təşəbbüsü ilə Azeri Retail Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Daxili bazarda Azeri Retail Azərbaycan şirkəti Fresco brendi ilə təmsil olunur.
"Yaradıldığı ilk gündən Fresco supermarketlər şəbəkəsi əsas prinsipinə - Azərbaycan bazarına dünya keyfiyyət standartlarına uyğun, müasir texnologiyaların tətbiqi prinsipinə sadiqdir. Hazırda Fresco təkcə keyfiyyətli deyil, həmçinin tələbkar istehlakçı üçün əlçatan bir brenddir" - adıçəkilən marketlər şəbəkəsinin rəsmi İnternet ünvanında belə qeyd olunur. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar isə mənzərənin heç də tamamilə belə olmadığını göstərir.
İndi qalır marketlər şəbəkəsinin nazirliyin aaraşdırmalarından zəruri nəticə çıxarıb-çıxarmayacağı. Bunu isə yəqin ki, zaman göstərəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08