Mirmahmud Mirəlioğluna yeni tapşırıq verilib
Mirmahmud Mirəlioğluna yeni tapşırıq verilib

KXCP sədri radikal düşərgənin digər qanadını Milli Şuraya qarşı

Daha bir siyasi partiyaların ittifaqı həbsdəki fəallarla bağlı aksiyaya hazırlaşır. "Unikal"ın məlumatına görə, 11 siyasi partiyanı (Klassik Xalq Cəbhəsi; Müsavat; Demokrat; Ümid; Azadlıq; Liberal Demokrat; Vətəndaş və İnkişaf; Aydınlar; Böyük Azərbaycan; Xalq; Azad Demokrat partiyaları) özündə birləşdirən Demokratiya və İnsan Haqları Mərkəzi yaxın günlərdə aksiyanın vaxtını açıqlayacaq.
Qeyd edək ki, Milli Şura noyabrın 10-da İnşaatçılar metrosunun yaxınlığındakı Məhsul stadionunda aksiya keçirməyi planlaşdırır. Demokratiya və İnsan Haqları Mərkəzinin keçirəcəyi aksiya buna alternativ kimi qiymətləndirilir. "Unikal"ın əldə etdiyi məlumata görə, bu birliyin aparıcı qüvvəsi, yəni, təşkilatçısı Müsavat Partiyası olsa da, hazırda daxildə baş verən qarşıdurmalar bu qurumun ittifaqda öncüllük etməsinə imkan vermir: "Müsavat Partiyasında qurultaydan sonra ara itib məzhəb qarışıb. Özü də İsa Qəmbər proseslərdən tamamilə kənarlaşdığı üçün avanqard qüvvə kimi önə çıxa bilmir. Ona görə də sözügedən ittifaqda lider kimi önə çıxacaq şəxs Mirmahmud Mirəlioğludur. Bu səbəbdən də danışıqlar Mirmahmud Mirəlioğlu ilə aparılır. Məndə olan məlumata görə, müəyyən dairələr Mirmahmud Mirəlioğlu ilə müəyyən təmas qurublar. Müzakirələrin mövzusu isə müxalifət daxilində gərginlik mühiti saxlamaqla bağlıdır. Bunun üçünsə Mirmahmud Mirəlioğluna verilən göstəriş yeni birlik yaradıb Milli Şuraya alternativ olmaqdır".
Bizi bilgiləndirən şəxsin sözlərinə görə, bu istiqamətdə ilk addım Milli Şuranın mitinqinə adekvat mitinq keçirməkdir. Bundan sonra isə növbəti addımların atılacağı planlaşdırılır.
Qərib Gərayzadə