İslamçılar hərəkətə keçir

Mitinq keçirməyi planlaşdıran İslam Partiyasının ölkədə aranı qatmaq istəyi sezilir

Azərbaycan İslam Partiyası noyabrın 16-da mitinq keçirməyə razılıq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bu haqda məlumat verən partiya sədrinin müavini Akif Heydərli deyib ki, mitinqin keçirilməsi üçün meriyadan metronun "İnşaatçılar" stansiyası yaxınlığındakı stadionun ayrılmasını istəyiblər: "Bakı Şəhər İcra Hakimiyyətindən cavab almamışıq. Amma hələ vaxta var. Mitinqdə səsləndiriləcək şüarlar, toxunulacaq məsələlər bəllidir. İslamçılar beynəlxalq təşkilatlardan siyasi məhbus statusunu müəyyənləşdirmək üçün konkret addımlar atmağı, Azərbaycanda insanların sosial həyat tərzinin ağırlaşmasına təsir edən amilləri aradan qaldırmağı, Dağlıq Qarabağ münaqişəsinə ikili standartla yanaşmaya son qoymağı, Ermənistana qarşı sanksiyalar tətbiqini tələb edəcək...".
Milli Şuranın 10 noyabr mitinqində islamçıların iştirakı məsələsinə gəldikdə, Akif Heydərli hələ partiyada bu haqda müzakirələrin aparıldığını bildirib: "Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşdən sonra iştirak haqda qərar verdik. Amma Milli Şuranın Koordinasiya Mərkəzinin bəzi üzvlərinin İslam Partiyasının mitinqdə iştirakından narahatçılığı bizə çatıb. Bu məqamlara həssas yanaşırıq, ona görə müəyyən tərəddüdlər yaranıb".
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Konstitutsiyaya görə, istənilə vətəndaş, təşkilat, siyasi partiya piket, mitinq keçirtmək hüququ var və kimsə bunun əleyhinə ola bilməz: "Hər kəsin sərbəst toplaşmaq azadlığı var. Və bu hüquqdan istifadə olunur. Əgər bu gün islamçılar bu hüquqdan sitifadə etmək istəyirlərsə, buyursunlar. Ancaq mən düşünürəm ki, İran molla rejiminin Azərbaycanda olan əlaltıları özlərini "islamçı" kimi qələmə verirlər və bunlar birbaşa İran dövlətindən təlimat alırlar. Bu qüvvələrə Azərbaycan cəmiyyəti dəstək verməyəcək və necə ki, indiyə qədər verməyib. Müstəqil Azərbaycanın ən böyük uğurlarından biri də dövlətimizin dünyəviliyidir. Heç bir qüvvə bunu bizim əlimizdən ala bilməz"."Unikal"ın məlumatına görə, İslam Partiyasının birdən-birə ayaqlanması sadə məsələ deyil. Bu barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, burada İrandakı müəyyən daiərələrin Azərbaycanda qarışıqlıq yaratmaq niyyəti var. Hələlik ilk olaraq, bunu İslam Partiyasının vasitəsi ilə həyata keçirmək istəyirlər. Bu barədə araşdırmamızdan sonra ətraflı məlumat verəcəyik.
Qərib Gərayzadə