Novella Cəfəroğlu: "Xədicə İsmayılova yorğan davası döyür"
İşçi Qrupu üzvlərinin fikrincə, onun əsas məqsədi qurumun fəaliyyətini əngəlləmək, oradakı hüquq müdafiəçiləri ilə münaqişəyə girib özünü qəhrəman elan etməkdir
"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı vətəndaş cəmiyyəti və hakimiyyət nümayəndələrindən ibarət İnsan Haqları üzrə Birgə İşçi Qrupun fəaliyyətini tənqid edən bəyanat yayıb. Qeyd olunub ki, ölkədə real şəkildə insan haqları və siyasi məhbus problemi ilə məşğul olan aparıcı müstəqil hüquq müdafiəçiləri quruma daxil edilməyib.
Bəyanatla bağlı fikirlərini bölüşən hüquq müdafiəçisi, Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib ki, sözügedən sənədi yayanları bu gün fəaliyyətini bəyənmədikləri İşçi Qrupu üzvləri vaxtilə həbsxanalardan qurtarıb:
"Bu faktı hamı bilir. Halbuki o zaman heç İşçi Qrupu da yox idi. Bizlər müstəqil hüquq müdafiəçisi kimi işimizi görürdük. O insanların azadlığa çıxması, məhbəsdən qurtulması üçün gərgin işləmişik, ölkə Prezidentinə məktublar yazmışıq. Daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, onun müavini Rüstəm Usubov, Prezident Administrasiyanın şöbə müdiri Fuad Ələsgərov, Ombudsman Elmira Süleymanova, ədliyyə nazirliyinin rəsmisi Faiq Qurbanov, millət vəkilləri Azay Quliyev, Səməd Seyidovla görüşüb çoxsaylı danışıqlar aparmışıq, bu insanların azadlığa qovuşması üçün fikirlərimizi əsaslandırmışıq. Gördüyümüz işlərin müqabilində isə onlar indi bəyanat yayıb bizi tənqid edir, ünvanımıza müxtəlif ittihamlar səsləndirirlər. Bunların əxlaqı budur".
İşçi Qrupunun fəaliyyətini bərpa etməsinə gəlincə, N.Cəfəroğlu bununla bağlı mətbuat konfransı keçirdiklərini və hər kəsi əməkdaşlığa səslədiklərini dilə gətirib. Bildirib ki, əgər qarşı tərəfin həqiqətən də hüquq müdafiəçisi kimi əməli iş görmək istəkləri var idisə, o zaman buyurub tədbirə qatılmalı, sözlərini orada deməli, yaxud görüşüb bu çərçivədə müzakirə aparmalı idilər: "Amma onlar bunun heç birini etmir, sözü üzə deməkdən çəkinir, mətbuatda bəyanatla çıxış edirlər. Guya bununla bizim işimizə kölgə salmağa çalışırlar. Mən Eldar Zeynalov, Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı ilə birlikdə 24 ildir ki, insan haqları ilə bağlı Azərbaycanda fəaliyyət göstərirəm. İstər ölkə daxilində, istərsə də ölkə xaricində hüquq müdafiəçisi kimi bir çox işlər görmüşük. İndi də İşçi Qrupunun tərkibində fəaliyyətimizi davam etdiririk. Belə olan halda İşçi Qrupla bağlı söylənilənlər, səsləndirilən ittihamlar əsassızdır. Xədicə İsmayılın və ya başqa kiminsə adının çəkilərək, onların bizdən daha üstün hüquq müdafiəçisi, daha müstəqil şəxs kimi qələmə verilməsi o deməkdir ki, siz pis işləyirsiniz, çəkilin kənara, İşçi Qrupunda biz təmsil olunaq. Hökumətlə belə dialoqa girənsinizsə, iş görənsinizsə, gedin nəyi bacarırsınızsa, edin də. Kimdir sizlərin qabağını kəsən? Bu dava, - "Molla Nəsrəddin"in dediyi kimi, "Yorğan" davasıdır.
Birgə İşçi Qrupun digər üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı Alyans təmsilçilərinin İşçi Qrupda təmsil olunan hüquq müdafiəçiləri ilə yanaşı, qrup ideyasının özünü də tənqid etdiklərini, əsassız ittihamlar səsləndirdiklərini dilə gətirib: "Alyans üzvləri yaddan çıxarırlar ki, məhz bu İşçi Qrupda bir araya gələn hüquq müdafiəçilərinin həmin şəxslərin azadlığa çıxmasında çox böyük əməyi olub. Bu kimi səbəblərdən Birgə İşçi Qrupunun yenidən fəaliyyətini bərpa etməsində qəbahətli heç nə görmürəm. Alyansın yaydığı bəyanata imza atanlar işin məğzini bilmədiklərindən belə bir səhvə yol veriblər. Hər şeyin zamana ehtiyacı olduğu kimi, yenidən bərpa olunan İşçi Qrupunun fəaliyyətinin qiymətləndirilməsi üçün də zaman gərəkdir. Bizim gördüyümüz və görəcəyimiz işlər Alyans adından bəyanat yayanlara ən tutarlı cavab olacaq. Biz sadəcə siyasi məhbus məsələsi ilə deyil, məhkəmələrdə hüquqları pozulan, bununla da azadlığı məhdudlaşdırılan insanların müdafiəsi ilə məşğul oluruq. Birgə İşçi Qrupuna üzv olan hüquq müdafiəçiləri geniş miqyasda kifayət qədər tanınmış insanlardır. İqtidar nümayəndələrinin bu qrupda təmsil olunması isə ümumi işin xeyrinədir. Bu qrup dialoq formasıdır, orada iqtidar nümayəndələri də olmalıdır ki, sözümüzü onlara deyə, mövcud qanun və hüquq pozuntusunu birgə fəaliyyət nəticəsində aradan qaldıra bilək".
Birgə İşçi Qrupun başqa bir üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı özünün və həmkarlarının ünvanına səsləndirilən tənqid və ittihamlarla birinci dəfə rastlaşmadıqlarını xatırladıb. Deyib ki, hətta Alyansın bəyanatı ilə tanış olmasa belə, orada nələrin qeyd edildiyini, nədə "günahkar" hesab olunduğunu təsəvvür edə bilər: "Birgə İşçi Qrupu fəaliyyətini bərpa edəndən sonra, qurum ətrafında müxtəlif söz-söhbətlər getməyə başlayıb. Hər kəs özünü həmin İşçi Qrupunda görmək istəyir. Yeri gəldi-gəlmədi hökuməti söyən, əsassız yerə ən sərt şəkildə tənqid edən, iqtidarla dialoq aparmanın əhəmiyyətsiz olduğunu vurğulayan insanlar da Qrupun üzvü olmağa can atırlar. Alyansın bəyanatı da buna xidmət edir. Bundan başqa, keçmişə nəzər salsaq, görərik ki, o Alyansda təmsil olunanlar vaxtilə biz hüquq müdafiəçilərinin fəaliyyəti nəticəsində zindandan azad olunanlardırlar. Belə olan halda İşçi Qrupun fəaliyyətini hansı məntiq və əsasla tənqid edir, ünvanımıza nədən ittihamlar səsləndirirlər? Məgər onlar bizdən daha təcrübəlidirlərmi? Konkret Xədicə İsmayıla gəlincə, o, hüquq müdafiəçisi deyil. Xədicə İsmayıl lazım olan yerdə özünü gah jurnalist, gah da hüquq müdafiəçisi kimi təqdim edir. Əsl gerçəklikdə o, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən "Azadlıq" Radiosunun Bakı bürosunda çalışan jurnalistdir. Göründüyü kimi Xədicə İsmayılın hüquq müdafiəçiliyinə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, Xədicə İsmayıl da İşçi Qrupuna dəvət almışdı. Lakin o, Qrupa üzv olmazdan əvvəl Facebook-da xoşagəlməz statuslar yazdı, qurumun fəaliyyətini aşağıladı, etimadsızlıq nümayiş etdirdi. Onun əvvəldən bizimlə birlikdə işləmək arzusu yox idi. Xədicə İsmayılın əsas məqsədi İşçi Qrupun fəaliyyətini əngəlləmək, oradakı hüquq müdafiəçiləri ilə münaqişəyə girmək, dava-dalaş edərək qapını çırpıb getmək, sonda da özünü qəhrəman elan etmək idi".
Fuad
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02