Bivec rəhbərliyin ölkəsi uduzur
Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyi Ermənistana nümayəndəsini yollayıb. Məqsəd ölkədəki durumu, habelə Azərbaycanın Dağlıq Qarabağ vilayəti ilə Ermənistanı birləşdirən Kəlbəcər, Laçın rayonlarındakı "sərhəd"dəki durumu araşdırmaqdı.
Səfər ermənilər üçün təhqir, aşağılanmadır.
Ermənistan prezidenti Serj Sarkisyan postsovet məkanında Rusiyanın yeni layihəsi olan Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşulmaqla bağlı sazişi imzalayanda bu anlaşmaların ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, "suverenlik və müstəqilliyinin daha dayanıqlı olacağına" xidmət edəcəyini vurğulamışdı.
Rəsmi Yerevan Avropa Birliyi ilə assosiativ anlaşmadan boyun qaçıraraq Moskvanın göstərişlərini yerinə yetirəndə və Avrasiya İqtisadi Birliyinin ermənilərin perspektivi baxımından daha effektiv model olduğunu vurğulayanda artıq təbliğat maşını işə düşmüşdü. Sarkisyan rejimi Moskvanın layihəsini Ermənistan üçün xilas yolu, ölkədəki iqtisadi problemlərin həlli ilə yanaşı, müdafiə məsələlərinin çözümündə ən uğurlu "variant" kimi vəsf edirdi.
Hakimiyyətlə yanaşı, rejimin nəzarətində olan "müxalifət qüvvələri" və "müstəqil siyasətçi"lər də Rusiyanın "təklif"inin qəbul olunmasından sonra Ermənistanın bölgədəki çəkisi ilə geosiyasi rolunun artacağından, inkişafın "sürətlənəcəyin"dən danışırdılar.
Aylarla davam edən boşboğazlıq iqtidarın seçiminə ermənilərin inandırılmasına yönəlmişdi.
Və o da vurğulanırdı ki, Avrasiya İqtisadi Birliyinə (AİB) qatılmaq "Ermənistanla Dağlıq Qarabağ arasında sərhədlərin, əslində, olmamasının Rusiya, Qazaxıstan və Belarus tərəfindən dolayı yolla olsa belə, etirafı ilə nəticələnəcək".
Serj Sarkisyan və onun komandası AİB-ə qatılandan sonra Rusiya-Ermənistan münasibətlərinin az qala həndəsi silsilə qanunları ilə inkişaf edəcəyini, ermənilərin maraqlarının Moskva tərəfindən tam nəzərə alınacağını söyləyirdilər.
Lakin hər şey tərsinə oldu.
Əvvəlcə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın AİB-ə məhz öz sərhdələri daxilində qəbul ediləcəyini dedi və bununla da S.Sarkisyan iqtidarının "qarabağlı ermənilər də bizimlədir" prinsipi üzərində qurulmuş vədləri puç oldu.
Geri çəkilmək gecdi və üstəlik, Sarkisyan bunu edə də bilməzdi. Şayət rəsmi Yerevan fikrini dəyişsəydi, Ermənistanda hakimiyyət dəyişikliyi prosesinin başlanacağına, proseslərin Moskvadan idarə olunaraq Rusiyanın yeni kreaturasının iqtidara gətiriləcəyinə və Serj Sarkisyanın da siyasi zibilxanaya atılacağına şübhələr azdı.
Yerevan susdu, tapşırığa tam əməl etdi.
İndi də Rusiya Ermənistana gömrük məsələləri ilə bağlı "situasiyanı araşdırmaq" üçün AİB nümayəndəsini yox, öz Federal Gömrük Xidmətinin əməkdaşını yolladı.
Göründüyü kimi, Ermənistanı tam nəzarətdə saxlamaq və dövlət strukturlarının istisnasız olaraq hamısının bütün kuluarlarından informasiyalar əldə etmək üçün Rusiya ən kiçik imkanlardan da yararlanmaq niyyətindədir.
Moskva bu dəfə AİB pərdəsi ilə Yerevana yerini göstərir və o yerin də kontrolda olduğunu S.Sarkisyan rejiminin nəzərinə çatdırır.
Rusiya Gürcüstan ərazisi olan, amma separatçı rejim tərəfindən idarə edilən Abxaziya ilə də eyni şəkildə davranır. Moskva abxazlarla "Əməkdaşlıq müqaviləsi" adlı sənəd imzalamağa çalışır ki, Suxumi də həmin sənədə imzasını atandan sonra faktiki olaraq Rusiyanın ərazisinə çevrilə bilər. De-fakto indi belədir - Moskva vəziyyətə legitimlik görüntüsü verməyə can atır.
Abxazlar qondarma da olsa, "müstəqillik"lərini itirmək istəmədiklərindən etiraz edirlər və hadisələrin gedişatı göstərir ki, Suxumidəki separatçı rejim, ümumiyyətlə, devrilə bilər.
Abxazlar Rusiyanın təzyiqlərinə müqavimət göstərir, köləyə çevrilmək istəmir - Abxaziyadan fərqli olaraq Ermənistanda rəhbərlik Moskvanın təzyiqlərini qaçlımaz reallıq kimi qəbul edir və müqavimət fikrindən də çox uzaqdır.
Yerevandakı rejimin mənəviyyatını və nəyə qadir olduğunu bilən Rusiya Ermənistanı aşağılamağa, ermənilərə onların Cənubi Qafqazda, sadəcə, Moskvanın quberniyasında, forpostunda yaşadıqlarını göstərməyə çalışır.
Məsələn, Çeçenistanın "Qroznıy Avia" aviaşirkətinin təyyarələri Krımdan Yerevana uçuşlara başlayacaqlar. Bu isə Rusiyanın nəzərində Ermənistanın statusunun ilhaq olunmuş Krım yarımadası səviyyəsinə salınmasıdır.
Bu siyasətə uyğun olaraq Rusiya öz gömrükçülərini Ermənistana yollamaq fikrindədir. Ermənistan sərhədlərində erməni və ya Avrasiya İqtisadi Birliyinin gömrükçülərinin duracağı ilə bağlı məsələ hələ həll olunmayıb. Anlaşılan budur ki, Rusiya Ermənistan sərhədlərində erməni gömrükçülərinin xidmətinə etiraz etməyəcək. Amma bu gömrükçülər bütün məlumatları Yerevanla yanaşı, Avrasiya İqtisadi Birliyinin Gömrük Mərkəzinə yollamalıdır.
Yəni Ermənistanın İran, Türkiyə və Gürcüstanla yanaşı, Azərbaycanla sərhədində də AİB gömrük postları qoymaq niyyətindədir.
Yerevanın problemləri bununla bitmir.
Gürcüstanın Yerevandakı səfiri Tengiz Şarmanaşvilinin dediyinə görə, noyabrın ortalarında rəsmi Tiflis Ermənistana nümayəndə heyəti yollayacaq. Onun sözlərinə görə, Tiflislə Yerevanın ticari-iqtisadi münasibətlərində problemlər yaranıb və onların həlli gərəkdir.
Ermənistanın AİB-ə qoşulmasından sonra Yerevanın İranla münasibətləri də sərinləşməyə başlayıb. Rusiyanın müttəfiqləri olmayan İranla Gürcüstan hesab edirlər ki, Rusiya istənilən an hər hansı bəhanə ilə bu ölkələrin Ermənistanla sərhədini bağlaya bilər.
Rusiya Ermənistanla münasibətlərində zərurət yaranacağı təqdirdə əl ata biləcəyi variantlardan yararlanmaq üçün ilk baxışdan qəribə ssenarilər tətbiq etməyə başlayıb.
Yerevan Krımdan aviareyslər təklifini qəbul edəndən sonra sərhədlərində də rus gömrükçülərinin "nəzarətçi" qismində durmaları ilə barışmalıdır.
Ermənilərin başqa yolu qalmayıb.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-06 00:42:16
2024-11-05 23:55:53
2024-11-05 23:38:03
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26