Ermənistan qorxu və təlaş içində
Hökumətin təcili iclası keçirildi, müdafiə nazirinin müavini jurnalistlərdən qaçdı, hərbi parad təxirə salındı
Ermənistan silahlı qüvvələrinə məxsus "Mi-24" hərbi helikopterin Azərbaycanın işğal altında olan ərazilərində məhv edilməsi dünya gündəminin başlıca xəbərlərindən birinə çevrilib. Təəssüf doğuran haldır ki, onların bir çoxu ermənipərəst mövqedən və birtərəfli qaydada təqdim edilir. Və heç kim də sual vermir ki, erməni hərbi texnikasının Azərbaycan ərazisində nə gəzirdi?
Axı rəsmi Bakı dəfələrlə bəyan edib ki, işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib. Və müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini də bu barədə məlumatlandırıb. Baş verən insident - Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması bu ölkənin Azərbaycana qarşı təcavüzünün və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı zordan istifadə siyasətinin davamı kimi qəbul edilməlidir. Ən dəhşətlisi isə odur ki, informasiyaları yayanlar diqqəti daha çox vertolyotun vurulmasına ayıraraq, Azərbaycan tərəfinin insidentlə bağlı yaydığı rəsmi xəbəri yayımlamırlar.
Məlumat üçün bildirək ki, Ermənistan Silahlı Qüvvələrinin son təlimləri zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçiriblər. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası mövqelərimizə atəş açmağa cəhd edib. Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
"Təlim" və yaxud
planlaşdırılan hücum
Bu xəbər yayıldıqdan dərhal Ermənistanın təbliğat maşını həyasızcasına Azərbaycanı atəşkəsi pozmaqda, guya təlim adı ilə qoşunların təmas xəttində uçuşlar keçirdiyini bəyan edib. Dəfələrlə atəşkəsi pozan, dinc sakinləri öldürən və Azərbaycan tərəfi bununla bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldıranda bundan xəbərsiz kimi susan Ermənistan indi xüsusi canfəşanlıq göstərməyə başlayıb. Maraqlıdır ki, düşmən tərəfinin hərbi texnikası vurulandan sonra yalanları bir-birinin ardına qoşmağa başladı. Əvvəlcə vurulan helikopterin Ermənistana deyil, qondarma Dağlıq Qarabağ Respublikasına məxsus olduğunu bəyan etdi. Sonradan ölən hərbçilərin adlarını da açıqladılar və bununla da öz yalanlarını faş etdilər. Azərbaycan mövqelərinə hücuma keçmək cəhdi edərkən məhv edilən erməni hərbçiləri mayor Sergey Saakyan, ekipaj üzvləri - baş leytenant Sarqis Nazaryan və leytenant Azat Saakyan olub.
Maraqlısı olan nədir? Ermənilər iddia edirlər ki, həmin vertolyotun silahı olmayıb. Adama deyərlər, "Mi-24" nə vaxtdan təlim vertolyotu olub? Bu vertolyotların modifikasiyasına nəzər saldıqda, ermənilərin nə qədər gülünc iddia ortaya qoyduqlarının şahidi olursan.
Erməni nazir müavini
jurnalistlərin suallarından niyə yayındı?
Yeri gəlmişkən, "təlim" adı ilə ərazilərimizdə uçuşlar həyata keçirən həmin helikopterlərin vurulması ilə bağlı Ermənistanda aləm bir-birinə dəyib. Hətta bununla bağlı hökumətin iclası da keçirilib. İclasda hesabat verən müdafiə nazirinin müavini David Tonoyan əsəbi halda "məsələ ilə bağlı artıq-əksik yazmaq lazım deyil" bəyanatını verib. Helikopterin vurulması xəbərini şərh edərkən sərt şəkildə jurnalistlərə arxası ilə gəlməməyi də buyurub və heç bir suala cavab verməyəcəyini deyib. Şübhəsiz ki, jurnalistlər helikopterin qoşunların təmas xəttini keçərək Azərbaycan ərazisində hansı səbəbdən uçmasını ondan soruşacaqdılar.
İrəvan helikopterə görə cavab zərbəsi endirmək iqtidarında deyil
Erməni mətbuatının üstüörtülü yazılarından və ermənilərin sosial şəbəkələrdəki yazışmalarından, eyni zamanda Ermənistan Müdafiə Nazirliyinin bununla bağlı son bəyanatından məlum olur ki, Ermənistanda ciddi narahatçılıq var. Tanınmış erməni jurnalist, "REGNUM" agentliyinin İrəvan bürosunun redaktoru Ruben Qrdzelyan maraqlı mövqe ortaya qoyub. O, yazdığı məqaləsində bildirib ki, İrəvan Qarabağda vurulmuş helikopterinə görə cavab zərbəsi endirməyəcək. Bu "Dağlıq Qarabağda son 20 il ərzində bərqərar olmuş atəşkəs dövründə baş vermiş çoxsaylı insidentlərin nəticəsinə görə qeyd etmək olar ki, Ermənistan tərəfi heç zaman kəskin və cəld əməliyyatlar apara bilməyib"-, deyə jurnalist vurğulayıb. O, Ermənistan Müdafiə Nazirliyinin məsələ ilə bağlı kəskin açıqlama verməsini də şərh edib və bunun yalnız daxili siyasətə ünvanlandığına işarə vurub: "Ancaq erməni tərəfindən güc reaksiyasını gözləməyə dəyməz. Rəsmi İrəvanın ilk reaksiyası da bunu göstərir. Hadisədən 10 saat sonra Xarici İşlər Nazirliyi yığcam bir bəyanat verdi. Belə görünür ki, baş verənləri İrəvan döyüş meydanında deyil, tamamilə başqa müstəvidə istifadə edəcək", - deyə Ruben Qrdzelyan vurğulayıb.
Hərbi parad da olmayacaq
Pessimizm və qorxu dərhal özünü büruzə verib. İş o yerə çatıb ki, Yerevanda Rusiya Silahlı Qüvvələrinin iştirakı ilə planlaşdırılan hərbi parad keçirilməyəcək. Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovannisyan deyib. Qeyd edək ki, noyabrın 11-də Rusiya Müdafiə Nazirliyindən xəbər vermişdilər ki, Ermənistan və Rusiya müdafiə nazirlərinin görüşündə rusiyalı hərbçilərin Yerevanda keçiriləcək Böyük Vətən müharibəsinin 70 illiyinə həsr olunmuş hərbi paradda iştirakına dair razılaşma əldə olunub. Onun sözlərinə görə, gələn il mayın 9-da Gümrüdə kiçikmiqyaslı parad olacaq: "Yerevanda böyük paradın keçirilməsi barədə razılıq əldə olunmayıb".
Şübhəsiz ki, bu hadisə ermənilər üçün bir dərs olacaq. Bu bir daha göstərdi ki, ermənilərin istənilən təxribatının qarşısını almaq mümkündür və onlar heç müqavimət göstərmək gücündə də deyillər. Təsadüfi deyil ki, ermənilər bu insidentdən sonra dünya birliyini kəskin şəkildə ittiham etməyə başlayıblar. Ancaq anlamırlar ki, artıq dünya birliyi işğalçının və işğala məruz qalanı gec də olsa ayırd etməyə, Azərbaycanın apardığı mübarizənin isə haqq işi olduğunu anlamağa başlayır.
Fuad
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35