Uşaq hüquqları nədən ibarətdir?
08:30 18-11-2014
SİYASƏT
Uşaq hüquqları nədən ibarətdir?
Azərbaycan qanunvericiliyində uşaq hüquqları
Bu gün insan hüquq və azadlıqlarının qorunması dünyanı düşündürən bir nömrəli məsələyə çevrilib və bununla bağlı müxtəlif fikirlər səsləndirilir. Əksər ekspertlər hesab edir ki, insan hüquq və azadlıqları əslində ailə və uşaq hüquqlarının qorunması ilə başlayır. İlk növbədə bu sahələrə dövlətlər daha ciddi yanaşmalı və bununla da ümumilikdə insan haqlarının qorunmasına nail olmaq mümkündür. Ekspert Baba Yaşaroğluda uşaq hüquqlarının qorunmasını vacib hesab edir və məsələyə maraqlı yanaşma qoyur: "Bir vaxtlar uşaq hüquqları dedikdə onların qula çevrilməsinin qarşısının alınması nəzərdə tutulurdu
Çağdaş dövrümüzdə uşaqların düzgün tərbiyyəsində onların öz hüquqlarını və qanuni mənafelərini müdafiə edən qanunlar, normativ aktlar barədə məlumat almaları olduqca vacibdir. Uşaqların erkən yaşlarından öz hüquqları barədə məlumatlandırılması cəmiyyət və dövlət üçün yararlı olan vətəndaşların yetişdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq normativ aktlar və Azərbaycanın milli qanunvericiliyi uşaqların hüquqlarının qorunması baxımından əhəmiyyətli təminatlar verir.
Uşaq hüquqları haqqında qanuna və Ailə Məcəlləsinə əsasən, uşaq dedikdə 18 yaşına çatmamış və hələ tam əmək qabiliyyəti əldə etməmiş şəxslər başa düşülür.
Ümumiyyətlə, uşaqların hüquqlarının qorunması və onların reallaşdırılmasına təminatlar verilməsi məsələləri həmişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Hələ 1924-cü ildə Millətlər Liqası "Uşaq hüquqları haqqında Cenevrə bəyannaməsi"-ni qəbul edib. O dövrdə uşaq hüquqları dedikdə əsasən uşaqların qula çevrilməsinin, uşaq əməyindən istifadənin qarşısının alınmasına yönəldilən tədbirlər nəzərdə tutulurdu.
Uşaq hüquqları haqqında daha bir mühüm addım ötən əsrin ortalarında atıldı. 1959-cu ildə BMT Uşaq hüquqları bəyannaməsini qəbul edib. Bu sənəddə uşaqların qorunmasının hüquqi və sosial prinsipləri öz əksini tapıb. Amma, zaman keçdikcə yalnız uşaq hüquqlarının təsbit edildiyi sənədlə kifayətlənməyin yetərli olmadığı aydınlaşdı. Uşaq hüquqlarının qorunması tədbirlərinin hüquq normaları şəklində təsbit olunacağı yeni sənədin qəbulu artıq, zəruri idi. 1979-89-cu illərdə bir çox dünya ölkələri mütəxəssislərinin iştirakı ilə BMT-nin İnsan Haqları üzrə Komissiyası Uşaq hüquqlarına dair konvensiyanın mətnini hazırladı. Əvvəlki sənədlərdən fərqli olaraq tam olaraq 54 maddədən ibarət konvensiya uşaqların cəmiyyətdə həyatı və vəziyyəti ilə bağlı, demək olar ki, bütün məqamları əhatə edir. Uşaq hüquqlarına dair konvensiya 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunub və 2 sentyabr 1990-cı ildə qüvvəyə minib.
Uşaq hüquqları haqqında bəyannamədə qeyd olunur ki, uşaq mümkün olan hallarda öz valideyinlərinin himayəsində və məsuliyyəti altında, mənəvi və maddi təminat mühitində böyüməlidir. Yox, əgər ən müxtəlif səbəblərdən bu mümkün olmasa, uşaqların dövlət tərbiyəsinə verilməsi və yaxud övladlığa götürülməsi zamanı ilk növbədə uşaqların maraqları əsas götürülməlidir.
Uşaq hüquqlarına dair konvensiyada bəyan edilir ki, uşaq cəmiyyətdə müstəqil həyata hazırlanmalı, həmçinin qanunda nəzərdə tutulan qaydada vətəndaşlıq, ad və ailə əlaqələri də daxil olmaqla uşağın öz fərdiliyini saxlamaq hüququna hər kəs hörmətlə yanaşmalıdır. Əgər uşağın bu hüquqları pozulmuşsa, dövlət dərhal müdaxilə etməli və uşağın pozulmuş hüquqları bərpa olmalıdır.
Konvensiyada, həmçinin, bəyan olunur ki, üzv-dövlətlər uşaqların hər cür fiziki və psixi təsirlərdən, təhqir və zorakılıqdan, istismardan qorunması üçün bütün zəruri qanunverici, inzibati, sosial və maarifləndirmə tədbirlərini görməlidirlər. Ailə qayğısından məhrum olmuş uşaqların qayğısına bir ana kimi dövlət qalmalıdır. Üzv-dövlətlər uşağın yüksək səhiyyə xidmətlərindən istifadə etmək hüququnu tanıyırlar. Çalışmaq lazımdır ki, heç bir uşaq bundan məhrum olmasın. Uşaqların sosial müdafə sisteminin verdiyi imkanlardan yararlanmaq hüququ da tanınır. Dövlətlər bunun üçün məsuliyyəti öz üzərilərinə götürməlidir.
Konvensiyaya qoşulan dövlətlər uşaqların eləcə də təhsil almaq hüququnu tanıyırlar və uşaqların bu hüquqdan bərabərhüquqlu bəhrələnməsi üçün pulsuz və icbari ibtidai təhsil sistemini tətbiq edirlər. Həmçinin, uşağın yaşına uyğun istirahət, əyləncəli oyunlar və tədbirlərdə iştirakını, sərbəst şəkildə yaradıcılıqla məşğul olmaq hüququnu da tanıyırlar.
Azərbaycan Respublikası bu konvensiyaya qoşulub və milli qanunvericilikdə müvafiq dəyişikliklər həyata keçirilib. Təbii ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunması ilə bağlı müvafiq normativ aktlar da qəbul olunub. Əlbəttə, bu məsələlər ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapıb. Konstitusiyamızda qeyd olunub ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Həmçinin, Konstitusiyamızda bəyan edilib ki, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsidir. Bu beynəlxalq aktlardan bəziləri uşaq hüquqlarını müdafiəsinə dair mühüm müddəaları özündə əks etdirir. Hələ 1998-ci ilin 19 may tarixində "Uşaq hüquqları haqqında" qanun qəbul edilmişdi. Qanunda qeyd olunurdu ki, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qanunda deyilir ki, dövlət orqnları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətlərində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ-hüquqi aktları da uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
Qanunda göstərilib ki, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideyinlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, dinindən, təhsilindən, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Eyni zamanda, uşaqlar valideyinlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideyinləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.
Adıçəkilən qanunda bir məqamı da vurğulamaq istərdim. Qanunda deyilir ki, uşaqların sosial müdafiəsi məqsədi ilə dövlət uşaqlara birdəfəlik yardımlar, aylıq müavinətlər, konpensasiyalar formasında sosial yardımlar verir. Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə bilər. Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır. Qanunda əlil, əqli və fiziki çatışmazlıqları olan uşaqların müdafiəsi üçün tədbirlər də nəzərdə tutulub. Bu kateqoriyaya aid olan uşaqların növbədənkənar tibbi, defektoloji və psixoloji yardım almaq hüququ vardır. Dövlət bu uşaqların sosial və psixoloji reablitasiyasına, imkanlarına uyğun təhsil almalarına, istəyə bağlı peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir. Uşaq əlilliyinin qarşısını almaq üçün müvafiq tədbirlər görür.
Qanunda daha bir məqam da diqqət çəkir. Qeyd olunur ki, təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində zərərçəkmiş uşaqların, həmçinin, qaçqın və ya məcburi köçkün uşaqların müdafiəsinə təminat verilir və dövlət öz üzərinə müvafiq tədbirlər görmək öhdəliyi götürür.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Körpələrin və erkənyaşlı uşaqların qidalanması haqqında", "Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və s. bu kimi mühüm qanunlar qəbul edilib. 1999-cu il dekabrın 28-də qəbul olunan Ailə Məcəlləsində də uşaqların hüquq və azadlıqlarına, qanuni mənafelərinə dair mühüm müddəalar əks olunub. Bu qanunlarda da uşaq hüquqlarının qorunması ilə bağlı beynəlxalq normativ aktların əsas müddəaları öz əksini tapıb.
Sonda, bir daha bu əlamətdar gün münasibəti ilə bütün uşaqları təbrik edir, onlara can sağlığı, təbəssüm dolu həyat, Vətənə, valideyinlərinə layiqli övlad olmalarını arzulayıram".
Digər Xəbərlər
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00