Azərbaycanda yetkinlik yaşına çatmadan həbsxanaya düşənlərin hüquqları necə qorunur?
10:31 20-11-2014
SİYASƏT
Azərbaycanda yetkinlik yaşına çatmadan
həbsxanaya düşənlərin hüquqları necə qorunur?
Müzəffər Baxışov: "Müstəntiq 14 yaşına çatmamış şəxsi onun qanuni nümayəndəsinin iştirakı ilə dindirməlidir"
Yaşları az olduğundan, onları cinayətkar adlandırmağa adamın dili gəlmir. Amma, hələ yetkinlik yaşına çatmadan törətdiyi əmələ görə, yeniyetmə dövrünü dəmir barmaqlıqlar arxasında yaşayanlar da az deyil. Rəsmi statistikaya görə, Azərbaycanda qeydə alınan cinayətlərin 4 faizini uşaqların törətdikləri cinayətlər təşkil edir.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov nazirliyin sonuncu kollegiya iclasında çıxışı zamanı bildirib ki, son 1 il 6 ay ərzində 117 cinayət törətmiş 124 yetkinlik yaşına çatmayandan ibarət 41 qrup zərərsizləşdirilib, 729 cinayət törətmiş 756 azyaşlı müəyyən edilib. Onun sözlərinə görə, bu müddət ərzində müxtəlif qanun pozuntularına və nəzarətsizliyə görə polis orqanlarına, xususi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 7890, o cümlədən dilənçilik edən 985 azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən və cəmiyyətə zidd həyat tərzi keçirən 297 valideyn gətirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Orta statistik məlumatlara görə Azərbaycanda hər il qanun ilə ziddiyyətdə olan təxminən 400 azyaşlı qeydiyyata alınır. Rəsmilər qeyd edir ki, Azərbaycanda bu sahədəki vəziyyət postsovet ölkələri ilə müqayisədə daha nümunəvidir. Belə ki, Rusiyada hər 100 min əhaliyə düşən cinayətlərin sayı 10, Ukraynada 7.5, Belarusda 9, Tacikistanda 2 dəfə çoxdur. Cinayət törədən uşaqların əksəriyyəti 16-17 yaş kateqoriyasındadır. Uşaqlar tərəfindən törədilən cinayətlərin 60-65 faizi, bəzən 70 faizi əmlak xarakterli cinayətlərdir. Azərbaycanın Cinayət Məcəlləsinə görə, uşaqlar 16 yaşından cinayət məsuliyyətinə cəlb oluna bilər. Lakin ağır cinayətlərdə uşaqlar üçün cinayət məsuliyyəti 14 yaşdan başlayır. Qeyd edək ki, uşaqların kiçik yaşlardan ağır cəzalara məruz qalması onların sonrakı həyatına təsirsiz ötüşmür. Məhz bu təsirlərin aradan qaldırılması üçün ötən əsrdən uşaqlarla bağlı cinayət işlərinin araşdırılması xüsusi mexanizmlər əsasında həyata keçirilir. Xarici ölkələrin əksəriyyətində, cinayət əməlində təqsirli bilinən uşaqlar istintaq aparıldığı dövrdə valideynlərindən kənarda saxlanılmır. Onların dindirilməsi, saxlanılması xüsusi şəraitdə icra edilir. Bəs görəsən Azərbaycanda necə, cinayət əməlində təqsirli və şübhəli bilinən uşaqların müvəqqəti saxlanma təcridxanalarında saxlanılması, dindirilməsi üçün şərait əlverişlidirmi? Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, cinayətdə şübhəli və təqsirli bilinən uşaqlar çox vaxt saxlanma təcridxanalarında saxlanılmır. Onlar valideynlərinin iştirakı ilə dindirildikdən sonra evə buraxılır. "Hüquqi Dövlət" Araşdırmalar Fondunun prezidenti, hüquqşunas Müzəffər Baxışov isə yetkinlik yaşına çatmayan uşaqların valideynləri və qanuni nümayəndələrinin xəbəri olmadan polis tərəfindən saxanılması, istintaq təcridxanalarına yerləşdirilərək uşaqlarla vaxtında və müntəzəm şəkildə əlaqə saxlamağa icazə verilmədiyi faktlarının olduğunu söyləyir. Həmsöhbətim deyir ki, hətta onların çağırılması üçün xüsusi qayda nəzərdə tutulub ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 226.3 -cü maddəsinə görə, yetkinlik yaşına çatmayan şəxslər, bir qayda olaraq, qanuni nümayəndələri vasitəsi ilə çağırılırlar. M. Baxışovun sözlərinə görə, bundan əlavə, yetkinlik yaşına çatmayanların şahid kimi dindirilməsi qaydaları da qanunla müəyyən olunsa da, qanunun bu tələbi də çox vaxt əməl olunmamış qalır: "CPM-nın 228.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya digər formada təqdim edə bilərsə, o, yaşından asılı olmayaraq dindirilə bilər. Amma həmin maddənin 2-ci bəndində bildirilir ki, 14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır. Belə qayda olsa da, istintaqçılar bunu formal qəbul edir, qanuni nümayəndələrin
iştirakını qanunda olduğu kimi təmin etmirlər. Yaxud da müəyyən təyziqlər tətbiq edirlər. Bu çox vaxt müstəntiqlərin savadsızlığından irəli gəlir. Yetkinlik yaşına çatmayanların məhkəmə işləri göstərir ki, qanunda bu barədə tələblər olsa da, real həyatda onun tətbiqində problemlər yaranır".
M. Baxışov deyir ki," Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən, məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Ali Məhkəməsinin Plenimumunun qərarı nəzərə alınmalıdır:"Həmin qərarda deyilir ki, məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimatlara baxılarkən təqdimatın dəlilləri tam və hərtərəfli yoxlanılmaqla ilk növbədə belə şəxslərin haqqında digər, daha yüngül qətimkan tədbirinin seçilməsinin mümkünsüzlüyü müzakirə edilməlidir. Bildirilir ki, CPM-nin 434.1 və 434.2-ci maddələrinin tələblərinə əsasən, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinə yalnız ona az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə müstəsna tədbir kimi və mümkün qədər qısa müddət ərzində yol verilir. Bu, qanunun imperativ normasıdır və deməli yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxs haqqında onlar tərəfindən böyük ictimai təhlükə törətməyən cinayətlər törədilməsi hallarında məhkəməyə qədər həbs qətimkan tədbiri seçilə bilməz. Yetkinlik yaşına çatmadığı dövrdə cinayət törətməkdə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən onun təqdimata baxılana qədər 18 yaşına çatmasından asılı olmayaraq işə baxılmasında müdafiəçinin iştirakı məcburidir. Bu tələb təqsirləndirilən şəxsin cinayətlərdən bir hissəsini yetkinlik yaşına çatanadək, digər hissəsini isə bundan sonra törətməsi hallarına da aiddir. Hər iki halda müdafiəçi ilə yanaşı yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi də məhkəmə iclasında iştirak edə bilər".Hüquqşunas deyir ki, Cinayət-Prosessual Məcəlləsinə görə, yetkinlik yaşına çatmayan şəxs barəsində iş üzrə onun müdafiəçisinin iştirakı məcburidir: " Amma faktlar var ki, müstəntiq yetkinlik yaşına çatmayan şəxsin valideyninin qanundan xəbərsiz olduğundan istifadə edib onu qapı arxasında qoyur".
Hüquqşunasın sözlərinə görə, qanunun tələbinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaqın bütün mərhələlərində aşağıdakı hüquqların təmin edilməsinin əsas prosessual təminatlarına riayət edilməlidir: "Bunlar, irəli sürülmüş ittiham barəsində məlumat almaq,ifadə verməkdən imtina etmək, müdafiə, valideynlərin və ya digər qanuni nümayəndələrin iştirak etmək və məxfilik hüququdur. Amma əksər hallarda yetkinlik yaşına çatmayanlar bu hüquqlarından xəbərsiz olduqlarından istifadə edə bilmirlər".
M. Baxışov deyir ki, yetkinlik yaşına çatmayanların tutulması üçün də CPM-nin 433-cü maddəsinin 1-ci bəndinə əsasən tələblər mövcudur. Bu qanunla yetkinlik yaşına çatmayan şəxsin tutulması zamanı bu barədə dərhal onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə məlumat verilir: " Məlumatın dərhal verilməsi mümkün olmadıqda, yetkinlik yaşına çatmayan şəxsin valideynlərinə və ya digər qanuni nümayəndələrinə mümkün qədər qısa müddətdə tutulma barədə məlumat verilir. CPM-nin 434.3-cü maddəsində göstərilib ki, həbsdə saxlanılan yetkinlik yaşına çatmayan şəxslər digər şəxslərdən ayrı saxlanılmalıdırlar. Onlar yaşının, cinsinin və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin edilməlidirlər. Amma çox vaxt yetkinlik yaşına çatmayanların saxlanıldığı zaman bu tələbə əməl edilmir. Onlar müxtəlif yaş qruplarından olan şəxslərlə bir kamerada saxlanılırlar. Ailələri saxlanıldıqdan bir neçə gün sonra bu barədə xəbər tutur".
Həmsöhbətim deyir ki, ölkədə qanunların tətbiqində ciddi formalizm mövcuddur. M. Baxışov bütün bunların baş verməsinin səbəbini Azərbaycanda hüquq dövlətinin mövcud olmamasında görüdüyünü söyləyir. Onun sözlərinə görə, qanunların olduğu kimi tətbiqi hüquq mühafizə orqanlarından tələb olunmur. Bu da yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına qədər gətirib çıxardır: "Məsələn, müstəntiq 14 yaşına çatmamış şəxsi onun qanuni nümayəndəsinin iştirakı ilə dindirməlidir. Amma qanuni nümayəndəni bayırda saxlayır, azyaşlıya müəyyən təyziqlər göstərərək ondan istədiyi ifadəni aldıqdan sonra qanuni nümayəndəni dəvət edir ki, güya qanuni nümayəndənin iştirakı təmin edilib. Yetkinlik yaşına çatmayanların məhkəmələrinin təyin edilən vaxtda keçirilməməsi də, onların hüquqlarının pozulmasına gətitib çıxarır. Hakimlərin kefləri istədiyi vaxtda məhkəməni təxirə salması yetkinlik yaşına çatmayanlara da psixi təsir göstərir".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53