Oqtay Əsədov: "Nazirin yanına on dəfə adam göndərmişəm"
12:41 21-11-2014
CƏMİYYƏT
Oqtay Əsədov: "Nazirin yanına on dəfə adam göndərmişəm"
Milli Məclisin sədri Oqtay Əsədov davam edən büdcə layihəsinin müzakirəsi zamanı deputatları və bəzi dövlət qurumlarını büdcədən maliyyə vəsaitlərinin artırılması ilə bağlı təkliflərində diqqətli olmağa çağırıb. Modern.az saytının məlumatına görə, spiker deyib ki, müzakirələr başlayandan bəri 54 deputat çıxış edib:
"Mən indiyəcən dünyanın heç yerində büdcədən hamının razı qalmasına rast gəlməmişəm. Büdcədə istər-istəməz hansısa çatışmayan məsələlər ola bilər. Ancaq bilmək lazımdır ki, büdcə heç də bir-iki aya hazırlanmır. Bu sənəd Maliyyə Nazirliyi başda olmaqla bütün dövlət strukturları ilə birlikdə işlənir. Hər kəs də çalışır ki, öz mövqeyini müdafiə etsin. Sonra hazırlanmış sənəd hökumətə, ardınca prezidentə göndərilir və razılaşdırılmış, balanslaşdırılmış büdcə layihəsi parlamentə daxil olur.
Özünü tərifləmək olmasın, şəxsən mən maliyyə naziri Samir Şərifovla beş dəfə telefon əlaqəsi saxlamışam, on dəfə adamları göndərmişəm. Nəyi razılaşdırmaq mümkündürsə alınıb, mümkün olmayanlar isə alınmayıb. İndi hər kəsin, təşkilatın öz maliyyəsini artırmaqla bağlı təklifi düzgün deyil. Deputatlar da bu məsələdə diqqətli olsunlar".
"Həmsədrlərin
bəyanatı təxribatdır"
"Büdcəmizə nə qədər vəsait qoyulubsa, xərcləri də ona görə tənzimləyirik. Necə deyərlər, ayağımızı yorğanımıza görə uzadaq. Hamı çalışır ki, təmsil etdiyi sahəyə ayrılan vəsait artsın".
Bu açıqlama ilə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Ötən illərlə müqayisədə Azərbaycanın hər bir sahədə əhəmiyyətli irəliləyişə nail olduğunu qeyd edən Ziyafət Əsgərov gələcəkdə cüzi problemlərin də həllini tapacağna inanır.
O, ATƏT-in Minsk qrupu həmsədrlərinin məlum helikopter məsələsi ilə bağlı bəyanatını da şərh edib. Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan hərbçilərinin erməni helikopterini vurması barədə həmsədrlərin bəyanatı mənasız, məntiqsiz və təxribat xarakterlidir: "Necə yəni helikopter düşən yer neytral ərazidir? Minsk qrupu həmsədrləri özləri deyiblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar".
Minsk qrupunun həmsədrləri noyabrın 12-də Azərbaycan hərbçilərinin məhv etdiyi Ermənistan ordusuna məxsus helikopterin düşdüyü ərazini "neytral zona" adlandırıb.
"Azərbaycanda ixtisaslı kadrlara, yüksək
keyfiyyətli toxumlara
ehtiyac var"
"Dövlət büdcəsinin neft amilindən asılılığı ildən-ilə azalır. Bu, qeyri-neft sektorunda innovasiyalı texnologiyaların inkişafı ilə bağlıdır".Bunu Milli Məclisin Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, fermerler il ərzində 55-60 milyon manat subsidiya ala biləcəklər. Komitə sədri bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlərə 2015-ci il ərzində ayrılacaq kredit və subsidiyaların miqdarı 236 milyon manat olacaq.
Deputat bitkiçilik və heyvandarlıqda inkişafın ləng getdiyini də söyləyib. Eldar İbrahimovun fikrincə, bunun qarşısını almaq üçün bu sahələrə ayrılan vəsait artırılmalıdır: "İxtisaslı kadrlara, yüksək keyfiyyətli toxumlara və heyvanların ölkəyə gətirilməsinə ehtiyac var".
Əli Hüseynli: "Bölgələrdə məişət səviyyəsində
cinayətlər artır"
"Bədən tərbiyəsi fənninin nəticələri qəbul imtahanlarında nəzərə alınmalıdır".Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O bildirib ki, vaxtı ilə Azərbaycanda da mövcud olan "vətənin müdafiəsinə hazıram" normativləri bərpa olunmalıdır:
"Bir il bundan əvvəl Rusiya qətiyyətli addım ataraq "vətənin müdafiəsinə hazıram" normativlərini bərpa etdi. Bundan sonra Təhsil Nazirliyi tərəfindən əmr verildi. Artıq qəbul imtahanlarında "vətənin müdafiəsinə hazıram" normativlərinin nəticələri mütləq nəzərə alınır. Əgər biz də bunu edə bilsək, o zaman tədrisdə idman artıq məcburi şəkildə bərpa olunacaq. Bununla da məktəbdən sonra ordu quruculuğuna tövhə vermiş olacağıq".
Komitə sədri bununla yanaşı, ölkədəki parklar və kütləvi tədbir yerlərindən də danışıb. Onun fikrincə, bu yerləri təkcə istirahət və əyləncə məqsədi üçün yox, həm də idman tədbirlərinin keçirilməsi üçünü formalaşdırmaq lazımdır: "Bunun kiçik bir epizodu Bakı bulvarında var. Bu nümunənin bütün layihələrdə nəzərə alınması vacibdir".
Əli Hüseynli bir neçə maraqlı təkliflə də çıxış edib. O bildirib ki, Bakı Dövlət Sirki və Azərbaycan Dövlət Kinostudiyası yenidən formalaşdırılmalıdır:
"Bakı Dövlət Sirkinə yeni bina tikilməlidir. Müasir standartlara cavab verən dövlət sirkinin formalaşdırılmasına ehtiyac var. Azərbaycan Dövlət Kinostudiyası da yenidən formalaşdırılmalıdır. Bunların hər ikisi vətəndaşlarımızın daha mədəni mühitdə formalaşmasına xidmət edəcək. Bu, bir növ sosial sifariş kimi qəbul olunmalıdır. Ölkənin bölgələrində məişət səviyyəsində cinayətlər artır. Bunun yeganə səbəbi sosial islahatlarla bağlıdır. Mədəni və idman layihələrinin maliyyələşdirilməsinə və həyata keçirilməsinə üstünlük verilməsinə ehtiyac var".
Deputat təhsil sahəsi ilə bağlı təkliflərlə də çıxış edib. Onun sözlərinə görə, xarici ölkələrə təhsil almağa göndərilən gənclərlə bağlı ciddi nəticələr var: "Amma burada praktikanı dəyişdirmək olar. Xaricdən Azərbaycana müəllimləri dəvət etmək mümkündür. Bundan təkcə şagird və tələbələr deyil, minlərlə insan bəhrələnə bilər".
Rektor: "Magistrlərə möhlət hüququ
verilməlidir"
Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bir neçə təkliflə çıxış edərək elmi dərəcələrə görə əmək haqlarının müəyyən edilməsinin vacibliyini bildirib:
""Elm haqqında" qanun təcili qəbul olunmalıdır. Magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir".
Rektor qeyd edib ki, təhsil sahəsində himayədarlar şurası da yaradılmalıdır. Onun sözlərinə görə, bəzi xarici dövlətlərdə belə bir təcrübə var.
Komitə sədri:
"Doğum və hamiləliyə görə ödənilən vəsait 30 faiz artacaq"
"Təkcə bu il sığortaya cəlb edilənlərin sayı 1.5 milyon nəfər olub". Bunu parlamentin iclasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Onun sözlərinə görə, Azərbaycanda sığorta haqqı ödəyənlər 3 milyon nəfərdir.
Komitə sədri qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun xərclərinin bir hissəsi sosial müavinətlərə xərclənəcək: "2015-ci ilin dövlət büdcəsindən doğum və hamiləliyə görə ödənilən vəsait 30 faiz artacaq".
Elman Rüstəmov:
"Kreditlər üzrə
faiz dərəcələri
aşağı salınacaq"
"Gələcəkdə biznes kreditlərinin faiz dərəcələrini bir rəqəmli səviyyəyə salmağı hədəfləyirik, Maliyyə Nazirliyi ilə bu istiqamətdə işlər aparılır".
Bunu 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov səslənən təkliflərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əhaliyə verilən kreditlərin orta faizi 2014-cü il üzrə 14,4 faiz təşkil edib: "Biznes kreditləri üzrə faizlər 10, 8, istehlak kreditləri üzrə 18 faiz təşkil edir. İstehlak kreditləri həm təminatlı, həm də təminatsızdır. Təminatlı kreditlər dedikdə avtomobil kreditləri (14 faiz), dövlət hesabına verilən ipoteka kreditləri (4,8 faiz), bank ipoteka kreditləri (9-10 faiz) nəzərdə tutulur. Təminatsız istehlak kreditləri üzrə faizlər hazırda 35 faizə çatır. Çoxlarınızın da istifadə etdiyiniz kredit kartları tam təminatsız sahəyə aiddir. Banklarda hesabınızın olması kredit kartı almağınıza kifayət edir. Ona görə də bu növ kreditlər çox risklidir. Telefonla belə kredit kartı almaq mümkündür".
Mərkəzi Bankın rəhbəri qeyd edib ki, geri qaytarılmayan kreditlərin payı 15-18 faizə çatır: "Kreditlərin faizlərinin yüksək olmasının səbəbi əhalinin öz vəsaitlərini banklara çox yüksək faizlə yerləşdirməsidir. Bu gün banklar daha çox əmanətlərə görə pul ödəyirlər, nəinki özləri faizlərdən qazanc əldə edirlər".
Elman Rüstəmov bildirib ki, Mərkəzi Bank son illər iqtisadiyyata vəsait qoyuluşunu 34 dəfə artırıb: "Bununla belə, kreditlərə olan tələbat çoxdur. Buna səbəb isə bazarın təklif bazarı olmaması ilə əlaqədardır: Bəziləri təklif edir ki, bank faizləri administrativ üsullarla aşağı salınsın. Amma bizim hədəflədiyimiz siyasətlə bunu həyata keçirmək mümkün deyil. Çünki bu zaman kölgə bankçılığı yaranır. Bəzi ölkələrdə belə bankların payı 30-50 faizə çatır. Sələmçilik yaranmasını istəmirik və şəffaflığın olmasının tərəfdarıyıq".
Dünya Bankının araşdırmalarına diqqət çəkən sədr onu da qeyd edib ki, Azərbaycanda ipoteka kreditlərinə olan ilkin tələbat 6 milyard dollardır: "Biz gələn il üçün bu istiqamətdə ayrılan vəsaitlərin əsaslı şəkildə artırılmasını hədəfləyirik. Maliyyə Nazirliyi ilə bu məsələ barədə ı müzakirələr aparılır. Mənzil problemi təxirə salınan tələbatdır. Bu, bizə babalarımızdan ötürülən problemdir".
Siyavuş Novruzov:
"Özlərini ağsaqqal kimi aparmasınlar"
"Biz dəfələrlə ATƏT-in qeyri-obyektivliyinin, Azərbaycanın daxili işlərinə qarışmasının şahidi olmuşuq. Seçkilərdə verdiyi rəylərin şahidi olmuşuq".
Bunu Milli Məclisin iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, ATƏT-ə xahiş etmək lazımdır ki, mandatından kənar işlərlə məşğul olmasın:
"Özlərini ağsaqqal kimi aparmasınlar. Azərbaycan xalqının dəyərləri ATƏT-in dəyərlərindən xeyli üstündür. Minsk qrupunun dünənki bəyanatı da onların Azərbaycana qarşı münasibətlərindən xəbər verir".
Parlamentin spikeri Oqtay Əsədov isə deputatın bu iradlarına münasibət bildirib. Spiker qeyd edib ki, məhz belə hallar olduğu üçün ATƏT-in Bakı ofisinin layihə formasında fəaliyyət göstərməsinə nail olunub.
Qeyd edək ki, bu çıxışlar "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı olub. Sonda layihə qəbul edilib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50