"Müxalifət" lideri baş nazirlə quda oldu
10:38 22-11-2014
İQTİSADİYYAT
"Müxalifət" lideri baş nazirlə quda oldu
Qohum qohuma qarşı mübarizə apara bilərmi? Və yaxud qudalar arasında amansız qarşıdurma mümkündürmü?! Ola bilər, çünki pul, maraqlar və emosiyaların çulğadığı situasiyalarda qohumluq əlaqələri arxa plana keçir, öndə isə tələbat, maraq və ya qisas olur.
Ermənistanın baş naziri Ovik Abramyanla ölkənin ən varlı oliqarxı, "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyan quda olmağa hazırlaşırlar.
Onların övladları evlənəndən sonra iki oliqarx maraqlarını daha yaxşı təmin edə biləcəklər - bu nikah Abramyanla Sarukyanın imkanlarını artırmaqla yanaşı, onların müdafiəsini gücləndirəcək, mühafizə imkanlarını daha dayanıqlı formaya salacaq.
Ovik Abramyan baş nazir olmaqla yanaşı, hakimiyyətdəki komandanın ən hiyləgər və eyni zamanda qəddar fiqurlarından biridirsə, Qagik Sarukyan bu hakimiyyəti devirmək niyyətində olduğunu üstüörtülü şəkildə açıqlayan və eyni zamanda, müxalifət "lider"lərindən olduğunu bəyan edən adamdır.
"Çiçəklənən Ermənistan" Partiyasının (ÇEP) sədri müxalifət düşərgəsininin "lokomotiv"ləri olduqlarını vurğulayan Erməni Milli Konqresi və İrs Partiyasının da yer aldığı "Üçlük" formatındakı mübarizənin aktivləşdirilməsində müstəsna rol oynadığını da deyir.
Sarukyanın ÇEP-də nominal lider olduğu, bu partiyanın gerçək sahibinin və rəhbərininsə Ermənistanın sabiq prezidenti Robert Köçəryan olduğu bəlli.
Bəzi müşahidəçilərin fikrincə, Q.Sarukyanın baş nazir O.Abramyanla qudalıq ssenarisinin müəllifi də elə Robert Köçəryandır: böyük siyasətə qayıtmaq niyyətini bildirmiş sabiq prezident bu minvalla hakimiyyətin maliyyə dayaqlarından sayılan adamlar arasında yer alan baş naziri öz tərəfinə çəkmək, mümkün perturbasiyalar zamanı prezident Serj Sarkisyanın fiqurlarını zəiflətmək fikrindədir.
Ermənistanın sabiq ədliyyə naziri və keçmiş deputat David Harutyunyanın dediyinə görə, mövcud iqtidarı hakimiyyətdən kənarlaşdırmaq niyyətində olan "Üçlük" liderlərindən biri Qagik Sarukyanın baş nazir Ovik Abramyanla qudalığı ilə bağlı jurnalistlərin suallarına maraqlı cavab verib: "Bu suala cavab vermək üçün ilk əvvəl özünüz məntiqi düşünməlisiniz. Məndən heç nə soruşmayın".
Qısa, lakonik cavab - yəni, hər şey, onsuz da, aydındır və qaranlıq məqamlar da yoxdur.
Baş nazir Ovik Abramyansa tam əksinə, "Çiçəklənən Ermənistan" Partiyasının lideri ilə qudalığı barədə suallara cavab vermək istəmədiyini deyib.
Zatən onun cavab vermək niyyətində olması paradoks sayılardı.
Ermənistanda hakimiyyətlə müxalifət münasibətləri, iqtidardakı komanda ilə siyasi mübarizənin forma və metodları, habelə müxalifət liderlərinin Yerevandakı rejimə qarşı qətiyyətli, aqressiv mövqe tutmaları ilə bağlı dediklərinin aşkar yalan olduqlarını indiyədək dəfələrlə demişik.
Ermənilər də bunu bilirlər, amma acı taleləri ilə barışdıqlarından, yaxud da baş verənlərin komizm səviyyəsində ləngər vuran hadisələrə bənzədiyindən genişmiqyaslı müzakirələr aparılmır.
Niyə də aparılmalıdır ki?!
Ermənistanda cinayətkarla polis, hakimlə müttəhim, müxalifətçi ilə iqtidar funksioneri arasında mərhəm münasibətlərdən tutmuş, qohumluq əlaqələrinədək ən geniş spektrdə təmaslar var.
İlk baxışdan anormal sayılmayacaq durumdur. Müxalifətçinin övladı iqtidardakı fiqurun ailə üzvlərindən biri ilə nikaha hazırlaşırsa, bunu qətiyyətlə pisləmək yox, təqdir etmək gərəkdir.
Ən azı Montekki və Kapuletti ailələri arasındakı düşmənçiliyin sonradan hansı faciəyə səbəb olduğunu xatırladaq.
Di gəl, çağdaş erməni cəmiyyətində Romeo və Cülyetta münasibətlərini xatırladacaq hisslərə köklənmiş nikahın baş nazirlə oliqarxın qudalığına inikası mümkün deyil.
Oliqarxlar arasında qohumluq əlaqələri sırf maraqlar kontekstində olur və nikah da tərəflərin müttəfiqlik paktı sayıla bilər.
Qohumluq Ermənistandakı siyasət və hakimiyyət-müxalifət münasibətləri sistemində önəmli rol oynayır. Bu səbəbdən də nə müxalifətçilər, nə də iqtidar mənsubları sözügedən məqamla bağlı çox danışmaq istəmir, əlaqələrini pərdələməyə çalışır, ən pis halda isə qohumluqların mediada müzakirəsinə yol verməməyə can atırlar.
Demokratiyanın əlaməti olmayan, cəmiyyətdə fərdlər arasındakı münasibətlərin, əsasən, "yazılmamış qanunlar" toplusu ilə tənzimləndiyi, hakimiyyətlə insan arasındakı əlaqələrin vətəndaşlıq prinsiplərini nəzərə almadığı və iqtidarın da cəmiyyəti idarə olunan kütlə saydığı ölkələrdə qohumluq xüsusi əhəmiyyət kəsb edir.
Ermənistanda hakimiyyət sisteminin əsasında iri kapital durursa, o kapitalın məhvərində qohumluq, ailə və tanışlıq əlaqələridir.
Feodal ənənə, inkişaf etməməmiş cəmiyyətlərə xas bir durum.
Ermənistandakı hakim komanda son vaxtlar ciddi problemlərlə üzləşdiyindən və iqtidarda iri kapital mənsubları arasındakı münasibətlərdə gərginliklər yarandığından, habelə maliyyə imkanlarının zəifləməsi müşahidə olunduğundan Serj Sarkisyan qohumluq əlaqələrinin ön plana çıxmağa başlamasına maneələr yaratmır.
Dövlət başçısının mövqeyinin açıqlanması mümkün deyildi və bu da Ermənistan üçün təbii məsələdir. Hakimiyyət düşərgəsindəki fiqurlar prezidentin nələr istədiyini və nələrə qarşı olduğunu bildiklərindən maliyyə və siyasi kapitalların qohumluq əlaqələri vasitəsilə artırılması variantının işlək olduğunu anladılar.
Son aylarda iqtidar mənsubları arasında ailəvi "bağ"ların artmasının əsas səbəblərindən biri də budur.
Hakimiyyət sisteminin bütün seqmentlərində feodallaşma prosesləri aktivləşirsə, oliqarxlar nazirlərlə, nazirlər "müxalifət" siyasətçiləri ilə qohum olmağa can atırlar və Sarkisyan da gördüklərinə göz yumur.
Çünki onun özü də Konstitusiya Məhkəməsinin sədri Qagik Harutyunyanın qohumu olub.
Qagik Sarukyanın Ovik Abramyanla qudalığına gəldikdə isə, bu durum "Çiçəklənən Ermənistan" Partiyasının sədrinin bəyanatlarına da artıq təsir edib.
Belə ki, müxalifətin son iki mitinqində hakimiyyəti "yıxıb-sürüyən" Qagik Sarukyan baş nazirin adını, ümumiyyətlə, çəkməyib.
Halbuki, Q.Sarukyan son vaxtlaradək baş nazirin istefasını tələb etmək niyyətində olduğunu deyirdi.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17