Azərbaycan dilində olan xoşagəlməz meyllər
Onların qarşısını almaq yolları
Dildə və dilçilikdə olan xoşagəlməz meyllərin qarşısını almaq üçün görülən işlərlə bağlı fikir və mülahizələrimizi qeyd etməyi vacib sayırıq.
Birincisi, Respublikada dilin tətbiq sahələrində olan qüsurların təhlili ilə bağlı xeyli sayda dilçilərin, ziyalıların məqalələri çap olunur. Həmin məqalələrdə dildə gedən proseslər diqqət mərkəzində saxlanılır və bu prosesin müsbət və mənfi cəhətləri araşdırılır. Ancaq oxu vərdişinin geriləməsi, eyni zamanda çap olunan qəzet, jurnalların çoxlugu və digər səbəblər imkan vermir ki, geniş oxucu kütləsi həmin məqalələrlə tanış olsun. Ona görə də dillə bağlı yazılan məqalələrin geniş oxucu auditoriyasına çatdırılması yollarından biri də odur ki, hər bir müəssisədə, təşkilatda, idarədə dillə bağlı yazıların guşəsi yaransın. Müntəzəm olaraq dillə bağlı hər bir yeni yazı özünə yer alsın. Bu yazıların ən vacib və əhəmiyyətli olanları müzakirə olunsun. Müzakirələri kütləvi informasiya vasitələri işıqlandırsın. Bir də görürsən ki, hər hansı bir hadisədən şou düzəldirlər və bəzi televiziya kanalları, bəzi qəzetlət həmin şoudan dəfələrlə bəhs edirlər. Cəmiyyətin zövqünə xələl gətirən belə şoulardan bəhs etməkdənsə, vətən, torpaq və millət qədər müqəddəs olan dildən söhbət açmaq insanlarda dilə, torpağa, dəyərlərə bağlılıq hisslərini daha da artırar. Heç uzağa getmək lazım deyil. Elə bu yaxınlarda filologiya üzrə elmlər doktoru Cəlal Bəydilinin (Məmmədovun) "Ədəbiyyat" qəzetinin 2014-cü il 24 oktyabr tarixli sayında çap olunmuş "Dil düşüncəsizliyi məqaləsi niyə müzakirədən kənarda qalmalıdır? Axı bu məqalədə qoyulan məsələlərlə bağlı müzakirələr açmaq olar. Həmin müzakirələr işin xeyrinə olar. İnsanların dilə bağlılığını, sevgisini artırar. Məqalədəki kütləvi informasiya vasitələrinin səhifələrindəki dil qüsurları ilə bağlı dəyərli fikirləri rəğbətləndirməmək olmur. Məqalədə kütləvi informasiya vasitələrində özünə yer alan qüsurlu söz və ifədələr göstərilir ki, bunların hər biri tez-tez gözümüzü deşir. Ancaq bu söz və ifadələr qüsurlu olduğunu onu işlədənlər bilirmi? Onlar bilirmi ki, publik etirazlar, banal əhvalat, iyi oxumalar, qeyri-rəsmi vizit, tərpənməz əmlak, vəziyyət kritikləşib, başın cırılıb, çamadan əhval-ruhiyyəsi, pik hədd, özünü lezvaladı, sensasion açıqlama, kuryoz hadisə, dahiyanə şoular, travma, dokumental kino və s. söz və ifadələr dilin lüğət tərkibinə yamaqdır. Dilin lüğət tərkibinə yamaq olan belə sözlərin dili korladığını ya onu işlədənlər bilmir, ya da bilmək istəmirlər. Ona görə də müzakirələr məsələni ictimailəşdirməklə yanaşı, həm də məsələ ətrafında insanları düşündürə bilər. Nəticədə ictimaiyyətin hər bir üzvü dilin keşiyində dayanmalı olar. Bir daha qeyd etmək istərdik ki, kütləvi informasiya vasitələrinin dili geniş müzakirələr əsasında təhlil olunarsa, xeyli dil qüsurları aradan qaldırıla bilər. Məsələyə bu mövqedən yanaşanlar və bu cür düşünənlər də olubdur. Məsələn, S.Kapitsanın haqlı fikri və mövqeyi bizi təmin edir və razı salır. Onun fikrincə, "Əgər bir vaxt dövrümüzə məhkəmə qurulsa, KİV-lər cinayətkar təşkilatlar sırasına aid ediləcəklər, onların ictimai şüurun başına gətirdiklərini başqa cür qiymətləndirmək də olmaz". Bu mənada kütləvi informasiya vasitələrinin bəziləri dili və onun qayda-qanunlarını pozmaqla ictimai şüuru sındırır, şikəst edirlər.
İkincisi, dil fərdi deyil, ictimai hadisədir. O ictimai hadisə olmaqla millətin hər bir üzvünün sərvətidir. Lakin bəzən bu sərvətə fərdi mülkiyyət kimi yanaşanlar olur və onlar dilin qayda-qanunlarına tabe olmaq əvəzinə, dili öz "qanunlarına" tabe edirlər. Ancaq onlar barədə ictimai rəy yoxdur, ictimai rəy hələ də susur. Heç olmasa, əməkdaşı olduqları kütləvi informasiya vasitələrinin redaktorları, eləcə də sahələr üzrə redaktorlar onları tənbeh edirmi? Əlbəttə yox. Ona görə də kütləvi informasiya vasitələrində çalışanların fəaliyyətinə ictimai rəyi yönəltməyin vaxtı çoxdan çatıbdır. İctimai rəy, ictimai qınaq, ictimai danlaq dilə laqeyd yanaşanların da başının üstünü Domokl qılıncı kimi almalıdır. Dilə laqeyd münasibət bəsləyənlərə qarşı ictimai rəyi ifadə edən vasitələr formalaşmalıdır. Ancaq bir qrup dilçilərin, filoloqların, ziyalıların münasibəti ilə problemi həll etmək mümkün deyildir. Ona görə ki, dili bir qrup dilçi, filoloq, ziyalı yaratmır və ondan istifədə etmir. Həm də dildən həmin dilə mənsub olan hər kəs istifadə edir. Nə qədər ki cəmiyyət dili dilçilər tədqiq edib öyrənir və öyrədirlər deyəcək, bir o qədər də dil əziyyət çəkəcəkdir. Dili millətin hər bir üzvü öyrənir və öyrədir və dilə olan münasibətdə ictimai məsuliyyət də buradan başlayır. Bəli millətin hər bir üzvü elə ilkin mərhələdə ailədə dili öyrənir və ailədə də həmin dili övladlarına öyrədir. Deməli, dili öyrənmək və öyrətmək prosesinin ilkin mərhələsində hər bir kəs iştirak edir. Sonra isə bu prosesin iştirakında mütəxəssislər, peşəkarlar, ən başlıcası dilçilər aparıcı mövqedə olurlar. Dili öyrətmək və öyrənmək prosesi belə də olmalıdır.
(ardı sabahkı sayımızda)
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru,
professor
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22