Qadın hüquqları və Azərbaycan
10:20 27-11-2014
SİYASƏT
Qadın hüquqları və Azərbaycan
Bu gün insan haqlarının baza rolunu oynayan qadın hüquqları hamını düşündürən məsələdir. Maraqlıdır,bəs Azərbaycanda qadın hüquqları necə tənzimlənir?
Qeyd edək ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu daha da artmağa başlamışdır.
1992-ci ildə Azərbaycan BMT və ATƏT- in, 2001-ci ildə isə Avropa Şurasının üzvü oldu.Bu təşkilatların hər birinin tərkibində gender məsələləri,qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturlar var.Azərbaycan dövləti də bu qurumlara üzv olduğu vaxtdan həmin strukturların hər biri ilə sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikası 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqları haqqında" 1952-ci il BMT Konvensiyasına,1995-ci il iyunun 30-da "Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də "Nigaha daxil olma,nigaha daxil olmaq üçün minimal yaş həddi,nigahların qeydə alınması haqqında"1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat" Regional Məlumatlandırma Kompaniyasına,2001-2002 –ci illərdə "Qafqazda cender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulmuşdur.
Ekspert Nazir Quliyevin fikrinə görə Azərbaycan Respublikası bir çox beynəlxalq təşkilatlarla əmkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı,ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul etmişdir:" 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etmiş və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır.
Konstitusiyanın 25-ci maddəsində deyilir ki,kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.İrqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən,qulluq mövqeyindən,əqidəsindən,siyasi partiyalara,həmkarlar ittifaqlarına və digər içtimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət təminat verir.İnsan və vətəndaş hüquqlarını irqi, milli,dini,dil,cinsi,mənşə,əqidə,siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.Bu prinsiplərin əsas məqsədi həyatın bütün sahələrində kişilərlə qadınların bərabər hüquqlara malik olmasından əlavə,həm də qadınların cəmiyyətin fəal və aparıcı üzvünə çevrilməsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən qadınlar 17 yaşından nigaha daxil ola bilərlər.Müstəsna hallarda tərəflərin qarşılıqlı xahişi və müvafiq icazə ilə bu müddət bir il azaldıla bilər
Ailə cəmiyyətin xüsusi özəyi və əsasıdır.Ailədə qadın ana kimi əsas aparıcı vəzifə daşıyıcısıdır.Uşaqların tərbiyəsi və təhsili,eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsipinə uyğun olaraq birgə həll edilir.Nigaha daxil olduqdan sonra ər-arvad tərəfindən qazanılmış,əldə edilmiş əmlak onların ümumi şəxsi mülkiyyəti hesab olunur.
Respublikamızda ailənin inkişaf dinamikasına və gender araşdırmalarına baxdıqda məlum olur ki,son 15 ildə nigahların bağlanmasının illik sayı iki dəfə azalıb.Bunun əsas səbəbi əhalinin gəlirlərinin aşağı olması, ailəni saxlamaq üçün imkanların zəif olması və yeni qurulan ailələrin mənzil problemlərini həll edə bilməməsidir.Digər bir səbəb isə gənc oğlanların iş axtarmaq məqsədilə ölkəni tərk edərək,başqa dövlətlərin vətəndaşları ilə ailə qurmalarıdır.Nigahların bağlanmasının ilbəil azalması ilə yanaşı,boşanmaların illik sayı da çoxalmışdır.Bunun da əsas səbəbi yeni qurulan ailələrin öz maddi problemlərini həll edə bilməməsidir. Uşaq doğulduqdan sonra gənc ailənin problemləri daha da çoxalır.Ailələrin maddi problemlərlə üzləşməsi,ərin öz ailəsini dolandıra bilməməsinin son nəticəsi boşanmaya gətirib çıxarır.
Bir çox hallarda ərindən ayrılmış qadın doğmaları üçün arzuedilməz şəxsə çevrilir.Boşanmadan sonra uşağın ana ilə qalması qadının çətinliklərini daha da artırır.Çünki,ərindən və doğmalarından ayrılmış qadınlar öz uşaqlarını saxlamaq üçün iş tapmadıqda və maddi problemlərini həll edə bilmədikdə,bəzən əxlaqsızlıq yuvalarının daimi sakinlərinə çevrilirlər.
İşləməyən qadınınn uşaq pulu və ər tərəfindən verilən alimentlə üşağını saxlaması çox çətindir.Hal-hazırda qanunvericiliyə görə bir uşağa görə qazancın dörddə bir hissəsi,iki uşağa görə qazancın üçdə bir hissəsi,üç və daha çox uşağa görə isə qazancın yarısı aliment kimi tutulur.Əhalinin əmək haqqının azlığı,alimentlərin də az olmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər bir qadının sərbəst surətdə özünə fəaliyyət növü,peşə,məşğulliyət və iş yeri seçmək hüququ vardır.Qadınların və 16 yaşa qədər uşaqları olan çoxuşaqlı anaların əmək hüququ və sosial müdafiəsi Konstitusiyadan əlavə "Əmək Məcəlləsində","Məzuniyyətlər haqqında","Vətəndaşların pensiya təminatı haqqında" və "Əhalinin məşğulluğu haqqında" qanunlarda da öz əksini tapmışdır".
Konstitusiyanın 42-ci maddəsində deyilir ki,hər bir vətəndaşın təhsil almaq hüququ var."Təhsil haqqında"Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində cinsindən asılı olmayaraq vətəndaşların təhsil almaq hüququ göstərilmişdir.Bu da qadınla kişi arasında təhsil sahəsində hüquq bərabərliyinin əsas göstəricisidir.
1990-cı ildə keçirilən təhsil üzrə Ümümdünya Konfransı zamanı bütün ölkələr üzrə hamı və xüsusilə də qadınlar üçün icbari təhsilin vacibliyi qeyd edilmişdir.
Respublikamızın elmi- tədqiqat müəssisələrində kişilərlə bərabər qadınlar da böyük yaradıcılıq fəaliyyəti ilə məşğul olurlar.Azərbaycanda elm sahəsində çalışanların 43%-i qadınlardır.
Konstitusiyanın 56-cı maddəsinə əsasən qadınların dövlət orqanlarına seçmək və seçilmək hüququ,həmçinin referendumda iştirak etmək hüququ var.Qadınların seçki hüquqlarının tənzimlənməsi və həyata keçirilməsi "Seçki Məcəlləsində" öz əksini tapmışdır. Qadınlar seçib-seçilmək hüququnu dünyada ilk dəfə 1893-cü ildə Yeni Zellandiyada nümayişlər,aclıq aksiyaları nəticəsində qazanmışlar.Azərbaycan qadınları isə seçki hüququna ilk dəfə 1919-cu ilin sentyabrında Azərbaycan Demokratik Respublikasının parlamentinə seçkilər zamanı nail olmuşlar.Həmin dövrdə qadınlar seçmək və seçilmək hüququnu qazanmalarına baxmayaraq,parlamentə üzv kimi seçilə bilməmişlər.
Statistika məlumatlarına əsasən ölkəmizdə qadınlar kişilərdən çoxdur.Amma seçib seçilmək prosesi zamanı bu mütənasiblik pozulur.Həm seçilən,həm də səsverməyə gələn qadınlar azlıq təşkil edirlər.Qadınların seçkilərdə fəallığının artırılması üçün onların maarifləndirilməsinə böyük ehtiyac var.Xüsusən respublikamızın bölgələrində qadınların seçki fəallığının artırılması üçün seminarların keçirilməsinə və bukletlərin,kitabçaların çap olunub paylanmasına daha çox diqqət yetirilməlidir.
Müstəqilliyin bərpa edilməsindən sonra Azərbaycanda iki parlament seçkisi keçirilmişdir.İlk dəfə 1995-ci ildə keçirilən parlament seçkilərində 15 qadın millət vəkili seçilmişdir ki,bu da ümumi millət vəkillərinin 12%-ni təşkil etmişdir.
2000-ci il parlament seçkiləri zamanı isə Milli Məclisə 13 qadın deputat seçilmişdir.Bu ümumi millət vəkillərinin 10%-i deməkdir.Bu olduqca çox aşağı nisbətdir.İnkişaf etmiş ölkələrdə seçkili orqanlarda qadınların iştirakı nisbəti daha çoxluq təşkil edir. Qadınların seçkili və dövlət orqanlarında aktiv fəaliyyəti onların öz hüquqları uğrunda daha əzmlə mübarizə aparmasına geniş imkanlar açır.
Qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi və qadınların problemləri ilə daha aktiv məşğul olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti 1998-ci il yanvarın 24-də Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamış, 1998-ci il fevralın 20-də isə Komitənin Əsasnaməsi təsdiq edilmişdir.Komitənin əsas məqsədi respublikamızda qadınlar və kişilər arasında bərabərlik siyasətinin həyata keçirilməsi,qadınların ölkəmizdə baş verən içtimai-siyasi proseslərə cəlb edilməsi,siyasi,iqdisadi və sosial sahələrdə onların hüquqlarını müdafiə etmək,qadın problemlərinin həllinə nail olmaqdır.
Qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2000-ci il martın 6-da "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman vermişdir.Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması,Statistika Komitəsinə qadınlar haqqında geniş məlumatların hazırlanması və yayılması,Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini əsas tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması,qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər irəli sürülməsi kimi tapşırıqlar verilmişdir.Bu fərmandan sonra nazirlik,komitə və icra hakimiyyəti başçılarına qadınların rəhbər vəzifələrə irəli çəkilməsi tapşırılmışdır.
Lakin, bu sahədə olan normativ hüquqi aktların mövcudluğuna və aparılan işlərə baxmayaraq hələ də qadınlar hakimiyyət orqanlarında və rəhbər vəzifələrdə az təmsil olunurlar.Hal-hazırda Milli Məclis sədrinin üç müavinindən biri qadındır.Bir qadın parlament komissiyasının sədri,bir nəfər Milli Məclis aparatında ,bir nəfər Prezidentin İcra Aparatında və bir nəfər Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində çalışır.31 nazirlik,dövlət komitə və komissiyasından yalnız bir qadın dövlət komitəsinin ,bir nəfər də dövlət komissiyasının sədridir.5 məhkəmə rəhbərindən ikisi qadındır.Azərbaycanı xarici ölkələrdə təmsil edən səfirlərdən yalnız bir nəfəri qadındır.Siyasi partiyalardan isə birinin rəhbəri qadındır.2002-ci ildə Azərbaycanda ilk İnsan Hüquqları üzrə Müvəkkil(Ombudsman)də qadın seçilmişdir.
Qadınların hüquqlarının qorunmasını və onların rəhbər orqanlarda təmsil olunmasını təmin etmək məqsədilə dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı respublikada fəaliyyət göstərən qadın və insan huquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların üzərinə böyük vəzifə düşür.
Bu sahədə geniş işlər görülməsini nəzərdə tutan fondumuz artıq bir neçə planlarını həyata keçirmişdir. "İnsan hüquqları XXI əsr-Azərbaycan" Fondu qadınların 2004-cü il bələdiyyə seçkilərində fəallığını artırmaq məqsədilə buklet buraxmış və qadınlar arasında paylanmışdır.Bundan başqa fondumuz qadın hüquqlarının qorunması ilə məşğul olan təşkilatlarla sıx əməkdaşlıq edir.Görülən işlərdən əlavə fondumuz qadınların bələdiyyə seçkilərində fəallığını təmin etmək məqsədilə bölgələrdə silsilə seminarlar,dəyirmi masalar,görüşlər və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.
Digər Xəbərlər
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55