Roma Papası: Türkiyəyə qarşı, Ermənistanın yanında
Roma Papası da Türkiyə-Ermənistan sərhədlərindən danışdı, bununla da, problemə yeni çalarlar əlavə etdi.
Birtərəfli, qeyri-səmimi və absurd məqamlarla dolu bəyanatın iki tərəfi var. Birincisi, Papa bu çağırışı ilə Türkiyəyə qarşı, Ermənistanın yanında yer aldığını rəsmiləşdirdi, ikincisi, bəyanata veriləcək reaksiya Türkiyənin Ermənistan siyasətində açıqlanmayan "yol xəritəsi"nin konturlarını cızmağa əsas verəcək.
Verilən bəyanat katolik kilsəsinin Türkiyə-Ermənistan münasibətlərinə faktiki müdaxiləsidir. Roma Papası dini hakimiyyəti təmsil etsə də, katolik kilsəsi dünyada ciddi gücə sahib olsa da, Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlı olması dünyəvi problemdir. Məntiqlə Vatikan rəhbərinin bu prosesə birtərəfli formada müdaxiləsi yolverilməz və absurddur (baxmayaraq ki, Vatikan tarixi və Papanın siyasətdə rol almasına dair minlərlə belə absurd faktla doludur). Elə qondarma "erməni soyqrımı"nı tanımış dövlətin və kilsənin rəhbərini ən yüksək səviyyədə qarşılanmasının absurd olduğu kimi...
Mahiyyət Roma Papasının hansısa dünyəvi problemin həllinə çağırışında deyil, çağırışın birtərəfli olmasındadır. Türkiyə Ermənistanla sərhədləri Azərbaycan torpaqlarının işğalı ilə yanaşı, həm də özünə qarşı yönələn qondarma "soyqırımı" tələblərinə görə bağlayıb. Papanın bu çağırışı Türkiyənin mövqeyi ilə daban-dabana ziddir, çünki katolik kilsəsinin rəhbəri faktiki olaraq türklərin 1915-ci ildə ermənilərə qarşı soyqırımı törətdiyi "gerçəyindən" çıxış edir və sərhədlərin açılmasını tələbini irəli sürməklə, Türkiyənin mövqeyini qəbul etmədiyini nümayiş etdirir.
Digər birtərəfli yanaşma kilsənin 1915-ci il hadisələrinə münasibəti ilə bağlıdır. Vatikan "soyqırımı" tanıyan ölkə kimi "bu hadisələrə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir" prinsipinin üzərindən qalın bir xətt çəkib və məsələdə Ermənistanın yanında yer alıb. I Fransiskin bəyanatında səmimi notlar yoxdur, çünki Roma Papasının "erməni soyqırımı"na münasibəti o zaman səmimi qəbul edilərdi ki, o, Xocalı soyqırımına, Srebrenitsa soyqırımına da eyni münasibəti bəsləsin. Eyni zamanda Papanın sözləri o zaman səmimi olardı ki, o, Türkiyə-Ermənistan sərhədlərinin açılması çağırışından əvvəl sərhədlərin bağlanmasının əsas səbəblərini açıqlamış olsun.
Roma Papasının Ermənistanla sərhədlərin açılması tələbi Türkiyəyə təzyiq vasitəsidirmi? Əslində, deyil, çünki Papa I Fransisk erməni lobbisinin ən güclü mövqedə olduğu ölkənin - Argentinanın təmsilçisidir və hazırda qondarma "erməni soyqırımı"nı tanımış bir dövlətin - Vatikanın rəhbəridir. Bu səbəbdən Papa Ermənistanla sərhədlər məsələsinə toxunmasaydı, daha maraq kəsb edərdi. I Fransiskin "Türkiyə-Ermənistan sərhədləri açılsın" bəyanatı gözlənilən idi, prosesin maraqlı tərəfi bu deyil, rəsmi Ankaranın verilən bəyanata münasibətidir.
Çünki bu münasibət Türkiyənin Ermənistanla sərhədlərin açılması məsələsində gerçək mövqeyini ortaya qoyacaq. Ankaranın bu bəyanata reaksiyası üç formada ola bilər:
Sərt mövqe - Türkiyə Ermənistanla sərhədlərin niyə bağlı olduğunu və hansı şərtlər daxilində açıla biləcəyini bir daha rəsmi şəkildə bəyan edə, Vatikanı bu prosesdə birtərəfli mövqe tutmaqda ittiham edə bilər.
Yumşaq mövqe - Türkiyə Ermənistanla sərhədlərin açılmasına hazır olduğunu, bu istiqamətdə zamanında addımlar atıldığını, lakin bu addımların nəticəsiz qaldığını açıqlaya, hər şeyə rəğmən Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində işlər görülə biləcəyinə işarə vura bilər.
Dolayı mövqe - Ankara Roma Papasının bəyanatına reaksiya vermir, əvəzində mətbuat vasitəsilə "Türkiyəyə qarşı ciddi təzyiqlər mövcuddur" şəklində ictimai rəy formalaşdıra, medianın imkanlarından yararlanaraq 100 illik ərəfəsində Ermənistanla münasibətlərin yumşaldılmasının zəruri olduğunu əsaslandırmağa çalışa bilər.
Sərt mövqe nümayişi Türkiyənin öz maraqları ilə yanaşı, strateji müttəfiqi Azərbaycanın maraqlarını nəzərə alacağı halda mümkündür. Lakin Türkiyənin Ermənistan siyasətində tutduğu yol göstərir ki, Roma Papasının bəyanatına qarşı sərt mövqe qoyulmayacaq.
Yumşaq mövqe katolik kilsəsinə, Ermənistana, Azərbaycana və daxili ictimai rəyə hesablanan mövqedir və Ankara bu mövqedən çıxış edərsə, bütün tərəflər arasında manevr etmək (hamını razı salmaq) imkanı qazanar.
Ankaranın dolayı mövqe nümayiş etdirməsi Ermənistan siyasətində ciddi dəyişikliklərə hazır olduğunu göstəricisi sayılacaq. Bu baxımdan Papanın bəyanatından sonra mətbuatın tutacağı mövqeni izləmək, monitorinq etmək vacibdir.
Vüqar Məsimoğlu
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35