Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
11:01 05-12-2014
SİYASƏT
Binəqədi rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
ABŞ-ın Roçestr ştatının eyniadlı şəhərinə səfərimiz nədənsə, daha çox yadda qaldı. Çünki şəhərdəki tikililər, gözəlliklər, ətraf mühit bütövlükdə insan faktoru üçün hesablanmışdı və demək olar ki, bu şəhərdə zövq almadan yaşamaq mümkünsüz idi.
Görünür, buna görə Roçestr şəhərinin sakinləri digər amerikalılardan səbrli və gülərüz olmalarına görə fərqlənirdilər. Bu şəhərdə olduğumuz müddətdə insanların bir-birinə mülayim yanaşmasından, ictimai yerlərdə insanların bir-birinə dəstək olmağa çalışmalarından başqa nə isə görmədik. Axşam saat 6-dan sonra şəhər sanki istirahətə çıxır... Yol boyu dirəklərə quraşdırılmış radiolarda həzin musiqi səslənir və insanlar geniş parklarda, kafelərdə günün yorğunluğunu çıxarırdılar. Bir sözlə, insanın normal yaşaması üçün nələr lazımdırsa, hər şeyi tapmaq mümkün idi. Və onda da bir sual məni çox düşündürürdü, Azərbaycanda da buna nail olmaq mümkündürmü, əsəbdən, gərginlikdən uzaq, ətrafdakılardan zövq alaraq yaşamağı bizlər nədən bacarmayaq? Roçestr şəhərinə səfərimdən artıq 8 ildir ki, vaxt keçib və bu şəhəri bir də bu günlərdə yada saldım və bununda səbəbi var.
İş yerimiz Binəqədi rayonunda yerləşdiyindən tez-tez binaların arasındakı sakit küçələrdə gəzişirik. Və diqqəti cəlb edən ilk fərqlilik haqqında bəzi qeydləri nəzərinizə çatdırmaq istəyirəm. Adətən Bakı şəhərinin rayonlarında diqqəti cəlb edən küçələr təmir edilir, yollar çəkilir və az qala, bu ənənə halını alıb. Amma Binəqədi rayonunda deyəsən, bu ənənə pozulub. Çünki binalar arasındakı az istifadə olunan yollar belə təmir edilib, binaların fasadları yeniləşdirilib və demək olar ki, bir harmoniya hiss olunur. Sankt-Peterburq küçələrini xatırladan Binəqədi rayonundakı küçələr həm də Roçestr ştatını bir daha yadıma saldı. Çünki Binəqədi rayonunda görülən hər bir iş sadəcə insanların daha yaxşı yaşaması və asudə vaxtlarını rahat keçirtmələri üçün görülüb. Binaların arasında açıq havada və pulsuz idman parklarınını yaradılmasını xüsusi olaraq qeyd etməyə dəyər. İstər böyüklər üçün, istərsə də uşaqlar üçün xüsusi idman qurğuları yerləşdirilib və rayon sakinləri bundan rahatca istifadə edə bilirlər. Binəqədi rayonuna həm də ən çox parkları olan rayon kimi baxmaq olar. Binəqədi rayonunda yerləşən mikrorayonlardakı parkların sayı kifayət qədər artırılıb və istirahət etmək üçün bütün şəraitlər yaradılıb. Bunuda qeyd edək ki, Binəqədi rayonu uzun illər ən problemli rayon kimi tanınmışdı və illərlə yığılıb qalan problemləri bir neçə ay ərzində həll etmək sözsüz ki, mümkünsüz idi. Bu problemlərin həlli üçün ictimai dəstəkdə çox vacib faktor idi.
Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bunun çox rahat həlli yolunu tapdı. Belə ki, Binəqədi rayonunda "Təmiz Binəqədi" layihəsinə start verildi. Bu layihənin bir sıra ciddi nəticələri ortaya çıxdı. Öncəliklə rayonda həyata keçirilən quruculuq işlərinin sürəti bir neçə dəfə artdı. Digər tərəfdən isə insanlarda bir inam və ümid yarandı. Rayon sakinləri özlərini cəmiyyətin aktiv bir təbəqəsi hiss etməyə başladı və rayonda həyata keçirilən yenidənqurma işlərinin iştirakçısına çevrildilər. Psixoloq və sosioloqlar da hesab edir ki, bir cəmiyyət o zaman inkişaf edər, o zaman hərəkətli olar ki, cəmiyyətin bütün təbəqələri özlərini aktiv təbəqə olaraq hiss edib, hər hansı prosesdə əsas yükün onlarda olmasını anlasınlar.
Bu gün Binəqədi rayonunda "Təmiz Binəqədi" layihəsinin ilk uğurlu nəticəsi məhz bu oldu. Parklarda səliqə-səhmanın gözlənilməsi, abadlıq işlərinə yardımçı olmaq hər bir sakinin də vəzifəsinə çevrilib və insanlar da artıq tam əmindirlər ki, görülən bu işlər elə onların daha rahat yaşaması üçündür. Apardığımız araşdırmalar göstərdi ki, yalnız "Təmiz Binəqədi" layihəsi çərçivəsində diqqəti cəlb edəcək qədər işlər görülüb, yaşıllıqlar salınıb və bu proses davam etdirilir. Çox maraqlı haldır ki, yaşıllaşdırma aksiyalarında orta məktəb şagirdlərinin də aktiv iştirakı təmin olunub.Bununla, hələ orta məktəb yaşında olan yeniyetmələrdə ətraf mühitə bir sevgi və məsuliyyət hissi yaradılır. Məsələn, bir müddət öncə "Təmiz Binəqədi" sosial layihəsinə dəstək məqsədilə Binəqədi rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında "Avto Akademiya Binəqədi" layihəsinə də start verildi.
Bununla yanaşı, "Təmiz Binəqədi" layihəsi çərçivəsində təmizlik aksiyası keçirilib. Rayon ictimaiyyəti və könüllü gənclər Binəqədi rayonunda yerləşən çimərlik ərazilərində təmizlik işləri aparıb və əhalini layihə ilə ətraflı tanış edib, sakinlərə maarifləndirici təbliğat vasitələri paylayıblar.
Həmçinin layihə çərçivəsində "Polietilensiz gün" devizi altında aksiya keçirilib. Layihə barədə gənclərin fikir və təkliflərini dinləmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Binəqədi rayonunun fəal gəncləri və "Təmiz Binəqədi" layihəsinin könüllü gəncləri ilə görüşü keçirilib.Könüllü gənclər qrupu "Yaşıl Adam" personajını yaradıb və tanıtım videosunu təqdim ediblər.
"Təmiz Binəqədi" layihəsi çərçivəsində həyata keçirilən növbəti aksiya isə Binəqədi rayonu, A.Kunanbayev küçəsini və 7-ci mikrorayonun bir hissəsini əhatə edib. "HB.Co.LTD" şirkətinin təşəbbüsü ilə təşkil olunmuş aksiya iştirakçıları ərazinin müxtəlif məişət tullantılarından təmizlənməsi, qurumuş kolların ərazidən götürülməsi, ağaclara qulluq edilməsi, ərazidə olan polietilen torbaların yığılması və s. kimi təmizlik işlərində yaxından iştirak ediblər.
Bundan əlavə, "Təmiz Binəqədi" layihəsi çərçivəsində təmizlik aksiyası keçirilib. 8-ci mikrorayonda Şövkət Məmmədova küçəsindən başlayan, İbrahimpaşa Dadaşov küçəsində davam edən və Nizami Nərimanov küçəsində yekunlaşan təmizlik aksiyası zamanı ərazi tullantılardan təmizlənib.
Layihə çərçivəsində keçiriləcək "Ən təmiz obyekt", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz məktəb", "Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi", "Ən təmiz fərdi ev" müsabiqəsi rayon ərazisində yerləşən müəssisələrə elan olunub. Gördüyünüz kimi həyata keçirilən bu addımlar bir tərəfdən rayonun təmizliyi üçündürsə, digər tərəfdən rayonda gənclərin və yeniyetmələrin aktivləşçdirilməsi, aparıcı gücə çevrilməsi məqsədini daşıyır. Bu gün dünyanın sivil ölkələrində bu tip aksiyaların keçirilməsində də əsas məqsəd gənclərin özlərinə inamının artırılmasını təmin etməkdir.
İcra başçısı Xaləddin İsgəndərovun gənclərin fikir və təkliflərini eşitməsi, belə görüşlərin keçirilməsi əslində insan faktoruna verilən dəyərdir. Cənab prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, insan faktoru hər bir işdə nəzərə alınmalı və beyin mərkəzlərinin formalaşması əsas məqsəd olmalıdır. Heydər Əliyev Fondunun prezidenti ,millət vəkili Mehriban xanım Əliyeva da hər zaman insan faktoruna önəm verməyin vacibliyini bildirir və bütün uğurları da məhz bununla əlaqələndirir: "Azərbaycanın dinamik inkişafında məqsədyönlü siyasi və iqtisadi islahatların, neft strategiyasının, neft-qaz gəlirlərindən səmərəli istifadənin və güclü sosial siyasətin rolu böyükdür. Bütün bunların mərkəzində insan faktoru dayanır. Hər şey insan üçündür. Onun azadlığını, təhlükəsizliyini, yaşayışını təmin etmək dövlətin əsas vəzifəsidir. Biz 21 ildir ki, müstəqil dövlətik. Müstəqillik - bizim xalqımız üçün çoxdan gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz və arzumuz inkişaf etmiş, güclü, azad ölkədə yaşamaqdır. Sözsüz ki, bu, çox güclü motivasiyadır. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə real və obyektiv imici formalaşıb. Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə dünyaya açığıq. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizim təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir. Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sferalarda çox sayda beynəlxalq konfrans, forum və görüşlərin keçirildiyi ölkədir. Bu qədim ənənələrin müasir tendensiyasıdır. Ölkəmizə gələn hər bir qonaq xalqımızın qonaqpərvərliyi və genişürəkliliyinin şahidi olur".
Beləliklə hesab etmək olar ki, bu gün Binəqədi rayonunda həyata keçirilən "Təmiz Binəqədi" layihəsinin ən ümdə vəzifələrindən biri də layiqli vətəndaş yetişdirmək və cəmiyyətdə sağlam fikirlərin formalaşmasına nail olmaqdır. Biz Amerikada olanda bir ailə bizim xüsusiyyətləri, azərbaycanlıların adət-ənənələrini öyrənmək üçün qonaq dəvət etdi. Bir neçə saatlıq tanışlıq söhbətlərindən sonra Marşal adlı amerikalı təxminən bu sözləri dedi:"Sizin xalq çox səmimidir. İnsanlığa dəyər çox verirsiniz. Biz amerikalılar isə daha çox praktikiq".
Əslində, Marşalın dediyi o sözlərdə bir həqiqət var. Amma müəyyən yad vərdişlərə görə genetik kodlardan uzaqlaşma meyilləri ortaya çıxmışdı. Ancaq həyata keçirilən islahatlar, adət-ənənələrin qorunması istiqamətindəki addımlar, peşəkar vətəndaşların formalaşması üçün dövlət səviyyəsində həyata keçirilən islahatlar bir toplu olaraq dəyərlərimizin qorunamsına təkan verdi. Bu gün Binəqədi rayonunda həyata keçirilən islahatlar da bu baxımdan bir nümunə sayılacaq islahatlardır. "Təmiz Binəqədi" layihəsi özlüyündə həm də peşəkar vətəndaş yetişdirmək kimi qəbul olunmalı və bu layihənin fəlsəfəsi olduğu kimi qəbul olunmaldıır.
Hüseyn İsgəndərov
Yazı Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35