Azərbaycanda insan hüquqları
08:01 09-12-2014
SİYASƏT
Azərbaycanda insan hüquqları
Bu gün Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə qorunur və bununla bağlı ciddi qanuni baza yaradılıb. Həmçinin beynəlxalq normalar qəbul edilir və buna uyğun institutlar formalaşdırılır. Azərbaycan Respublikasının 2001-ci ildə Avropa Şurasına üzv olmasından sonra, ölkədə insan hüquqlarının təmin edilməsi, qanunun aliliyinin gücləndirilməsi və demokratikləşdirmə məsələlərinə istər hökumətin, istər vətəndaş cəmiyyətinin, istərsə də dünya ictimaiyyətinin diqqəti artmışdır. Bu, bir tərəfdən ölkəmizin öz iradəsi ilə Avropa Şurası qarşısında üzərinə müvafiq öhdəliklər götürməsindən irəli gəlirsə, digər tərəfdən həyatın müxtəlif sahələrinə aid daim təkmilləşən və özünü müxtəlif sənədlərdə əks etdirən Avropa standartlarına uyğunlaşma tələbi ilə bağlıdır.
Azərbaycan Avropa Şurası ilə demokratik dövlət quruculuğu, insan hüquqlarına hörmət və ölkədə qanunun aliliyinin tam təmin edilməsi sahəsində hərtərəfli əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan məhkəmə sisteminin islahatı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, ictimai televiziyanın fəaliyyətə başlaması istiqamətində mühüm tədbirlər görmüşdür.
İnsan hüquqları məsələlərinə Avropa İttifaqı ilə genişlənməkdə olan əməkdaşlıq kontekstində ayrıca diqqət yetirilir. Bu baxımdan, xüsusilə 2006-cı il noyabrın 14-də qəbul olunmuş, Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmin edilməsi və eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar. Digər tərəfdən, Avropa İttifaqının bu Fəaliyyət Planın icrasının dəstəklənməsinə yönələn 2007-2010-ci illər üçün Azərbaycan üzrə Milli İndikativ Proqramında insan hüquqları sahəsində konkret əməkdaşlıq fəaliyyətlərinin müəyyən edilməsini nəzərdə tutmuşdur.
Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə və standartlara uyğunluğunun təmin edilməsi istiqamətində Avropa Şurasının müvafiq qurumları ilə, xüsusilə də Venesiya Komissiyası ilə əməkdaşlığın inkişaf etdirilmiş, Azərbaycan Respublikasının defamasiya haqqında qanun layihəsinin hazırlanmasında ölkəmizə köməklik göstərilməsinə razılıq əldə edilmişdir.
8 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyasına 15 may 2013-cü il tarixli Əlavə Protokolu"imzalamışdır.
14 may 2012-ci il tarixində Azərbaycan Respublikası Avropa Şurasının Ekstradisiya haqqında Konvensiyasının Üçüncü Əlavə Protokolunu imzalamışdır.
2012-ci ilin oktyabr ayının 29-31 tarixlərində, Avropa Şurası Baş katibinin müavini xanım Qabriela Draqoni-Battaininin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər etmişdir. Səfər zamanı, Avropa Şurasının Azərbaycan üzrə 2013-2015 illər üçün Fəaliyyət Planının əsas mövzuları ətrafında Azərbaycanın müvafiq dövlət qurumları ilə fikir mübadiləsi aparılmışdır.
2012-ci ilin dekabr ayının sonunda Avropa Şurası tərəfindən Fəaliyyət Planının layihəsi hazırlanaraq Azərbaycan hökumətinə rəy və təkliflər üçün təqdim edilmişdir..
İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də ATƏT-dir. 1998-ci il noyabr ayının 26-da Azərbaycan Respublikası Prezidenti və ATƏT-in Fəaliyyətdə olan Sədri tərəfindən Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Bakı Ofisinin dəstəyi ilə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, fikir və ifadə azadlığının təşviqi, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıqla mübarizə, işgəncələrin qarşısının alınması, insan hüquqları üzrə maarifləndirmə, azad və ədalətli seçkilər sahələrində mühüm layihələr və tədbirlər həyata keçirilmişdir. 2002-2005-ci illərdə ATƏT-in DTİHB Avropa Komissiyası ilə birlikdə Cənubi Qafqaz ölkələrində 3 illik "Münaqişələrin qarşısının alınması və insan hüquqları sahəsində imkan quruculuğu" adlı proqram həyata keçirmişdir. Proqram penitensiar sistemin islahatı və penitensiar sistem işçilərinin treninqi, insan hüquqları sahəsində yerli QHT-ləri treninqi, insan alverinə qarşı mübarizə sahəsində QHT-lərə dəstək göstəriməsini əhatə etmişdir.
ATƏT insan hüquqları sahəsində maarifləndirmə istiqamətində də ölkəmizdə əhəmiyyətli tədbirlər görmüşdür. 2005-ci ilin sentyabr-dekabr aylarında ATƏT sədrliyi çərçivəsində Uşaq Hüquqları Konvensiyasına əsaslanan 10-12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş "İnsan Hüquqlarının Tədrisi üzrə Xüsusi Pilot Layihə" həyata keçirilmişdir. Layihənin tətbiqinə başlamazdan öncə Sloveniya Xarici İşlər Nazirinin müşaviri, ATƏT məsələlərinə məsul Blanka Yamnişek 2005-ci il sentyabrın 20-22-də ölkəmizə səfərdə olmuşdur. Səfər çərçivəsində B.Yamnişek bir sıra dövlət rəsmiləri, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri ilə görüşlər keçirmişdir. Layihə 5 məktəb, 14 müəllim və 476 şagirdi əhatə etmişdir.
Azərbaycan çoxmillətli ölkədir və burada yaşayan etnik qruplar müxtəlif din və məzhəblərə etiqad edir. Ölkədə bütün dini azlıqların hüquqlarına hörmətlə yanaşılır. Azərbaycanda məscidlərdən başqa pravoslav kilsələri, erməni apostol kilsələri, yəhudi, gürcü, malakan, protestant, krişna və bəhai dini cəmiyyətləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycanda din dövlətdən ayrıdır.
2012-ci ilin 8-12 oktyabr tarixlərində ATƏT-in hazırkı sədrinin üç din (müsəlman, xristian və yəhudi) üzrə xüsusi nümayəndələri Azərbaycana səfər etmiş və aidiyyəti üzrə dövlət qurumları, dini icmaların rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirmişlər.
Bu gün Azərbaycanda 600-dən artıq informasiya agentlikləri və qəzetlər rəsmi olaraq dövlət reyestrində qeydiyyata alınmışdır. Siyasi partiyaların əksəriyyəti öz qəzetlərini nəşr etdirirlər. ATƏT-in KİV azadlığı üzrə Nümayəndəsinin Ofisi və Azərbaycan Hökuməti arasında aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin inkişafına dövlət dəstəyi fondunun maliyyə dəstəyi, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin ofisinin və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə 2012-ci ilin noyabr ayında Azərbaycanda iki layihə həyata keçirilmişdir. Sözügedən layihələr "İctimai nümayişlərdə KİV nümayəndələrinin təhlükəsizliyi üzrə təlim seminarı" və "Azərbaycandan olan jurnalistlər və dövlət qurumlarının mətbuat katibləri üçün hökumətin malik olduğu informasiyaya çıxışına dair seminar" adlı layihələr idi. Hər iki layihənin ümumi büdcəsi təxmini 36 515 avro təşkil etmişdir. ATƏT-in KİV azadlığı üzrə Nümayəndəsi D.Miyatoviç 2012-ci il noyabrın 6-9-da Bakıda keçirilmiş "İnternet idarəçiliyi Forumu"na qatılaraq sözügedən layihələrdə iştirak etmiş, habelə Azərbaycanın müvafiq dövlət qurumlarında görüşlər keçirmişdir.
"Ekstremal şəraitdə polis və jurnalist münasibətləri" mövzusunda Bakıda və ölkənin bir sıra digər regionlarında ATƏT və respublika Mətbuat Şurası tərəfindən birgə tədbirlər təşkil edilmişdir. Hazırda ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması, habelə hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə etmək məqsədilə respublikanın bir sıra şəhər və rayon polis orqanlarında eksperiment qaydasında "İctimai polis" layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində ATƏT-in təşəbbüsü ilə polis orqanlarının bir sıra əməkdaşları mart ayında bəzi Avropa ölkələrində təcrübə keçmişlər.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin Qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi haqda 2007-ci il, 27 iyul tarixli və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqda 2007-ci il, 13 dekabr tarixli Fərmanları bunu göstərir. 2008-ci ilin martında Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasına QHT-lər tərəfindən namizədlərin seçilməsi il əlaqədar iclaslar keçirilmiş, bu iclaslarda Şuraya seçilmək üçün QHT-lər tərəfindən 24 nəfərin namizədliyi irəli sürülmüşdür. 2008-ci il, 18 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqda sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq 3 üzvü dövlət orqanları, 8 üzvü isə QHT-lərin təklif etdiyi nümayəndələrindən olmaqla Şuranın 11 üzvü təyin edilmişdir. Aprelin 21-də Şuranın ilk iclası keçirilərək, onun sədri, sədr müavini və katibi seçilmiş və Şura artıq fəaliyyətə başlamışdır. 2012-ci ildə Xarici İşlər Nazirliyinin dəstəyi ilə Azərbaycanın və Hindistanın insan hüquqları sahəsində araşdırmalar aparan 7 elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlıq qurulmuşdur.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35