Oliqarxlardan xalqın maraqlarına daha bir zərbə
10:21 20-12-2014
İQTİSADİYYAT
Oliqarxlardan xalqın maraqlarına daha bir zərbə
İnhisarçı məmurlar ölkəyə gətirilən rus mallarının ucuzlaşmasına imkan vermir
Rusiyada rublun məzənnəsi enməyə başlayandan Azərbaycana ixrac olunan məhsulların qiymətində ciddi fərq yoxdur. Bakının iri marketlərində Rusiyadan idxal olunan və satışa çıxarılan məhsulların qiymətində son bir həftə ərzində heç bir fərq nəzərə çarpmır.
BBC-yə danışan bəzi market sahiblərinin sözlərinə görə, yeni ildən qiymət dəyişikliyinin olacağı gözlənilir.
"Araz" marketin adının çəkilməsini istəməyən inzibatçısı son bir ay və bir həftədə Rusiya istehsalı olan süd və süd məhsullarında, ət və ət məhsullarının qiymətində nə enmənin, nə də qalxmanın müşahidə olunmadığını deyir. "Qiymətlərdə bir qəpik də dəyişiklik yoxdur" - deyə inzibatçı qeyd edib.
"Rahat" marketin müdir müavini Telman Məmmədov Rusiyada istehsal olunan malların satış qiymətində fərqin hiss olunmadığını desə də süd və süd məhsullarının qiymətində bir neçə qəpik artımın olduğunu bildirir. "Ət və ət məhsullarının qiymətləri sabitdir. Ümumiyyətlə, yeni il öncəsi adətən qiymətlərin enməsi yox, daha çox qalxması müşahidə olunur" - deyə T.Məmmədov əlavə edib.
"Sarı" marketin direktoru Şakir Hüseynovun sözlərinə görə, Rusiya istehsalı olan duru yağın, süd və süd məhsullarının, ət və ət məhsullarının qiymətində qalxma yoxdur."Amma yanvarın 1-dən xaricdən idxal olunan bəzi məhsulların qiymətinin qalxacağını deyiblər. 5-10 qəpik artım olacağını gözləyirik" - Ş.Hüseynov qeyd edib.
İqtisadçı-ekspertlər Rusiya istehsalı olan bəzi məhsulların ucuzlaşdığını, bəzilərinin isə əksinə, bahalaşdığını bildirirlər. Məsələn, iqtisadi təhlilçi Samir Əliyevin sözlərinə görə, Rusiya Türkiyə ilə yanaşı Azərbaycana ən çox məhsul ixrac edən ölkələr sırasında birincidir və rublun ucuzlaşması iqtisadiyyat üçün müəyyən təhlükələr yaradır: "Rusiyadan bizə müxtəlif məhsullar gəlir - süd və süd məhsulları, ət və ət məhsulları, bəzi kənd təsərrüfatı məhsulları. Rusiyanın daxilində satılan məhsulların qiyməti qalxır və Azərbaycan fermerlərinin apardığı məhsulun rəqabət qabiliyyəti aşağı düşür. Azərbaycana gələn məhsullar isə əksinə, yüngülvari ucuzlaşır".
Bununla belə S.Əliyevin sözlərinə görə, Rusiya rublunun iki dəfə ucuzlaşması fonunda Azərbaycana idxal olunan məhsulların qiyməti iki dəfə aşağı enməyib. "Bu, qiymətlərə əhəmiyyətli dərəcədə təsir etmir və bu ucuzlaşma rublun ucuzlaşmasına adekvat deyil" - ekspert əlavə edib.
Rusiya istehsalı olan avtomobillərin ucuzlaşmasının dünya bazarında müşahidə olunduğunu qeyd edən S.Əliyev deyir ki, bu qiymət fərqi Azərbaycanda çox cüzidir: "Bu halda təbii ki, əhəmiyyətli ucuzlaşmadan söhbət getməlidir və məntiqlə qiymət düşməlidir. Məlumatlara görə, müəyyən ucuzlaşma var, amma çox cüzidir.
Başqa bir iqtisadçı ekspert - Natiq Cəfərli də bildirib ki, Rusiyanın daxili bazarında Qərbin sanksiyalarından sonra ərzaq məhsullarının qiyməti sürətlə bahalaşır: "Embarqolardan sonra Rusiyanın daxili bazarında qıtlıq yaranıb. Daxili tələbat artdığından Azərbaycana gətirilən Rusiya istehsalı olan məhsulların Bakının pərakəndə satış məntəqələrində son bir ayda nəzərə çarpacaq dərəcədə qiymət artımı olub. Məntiqlə azalma olmalıdır, çünki məhsullar rublla alınır. Amma görünür ki, bu, Azərbaycana gətirilən mallara ciddi təsir göstərməyib".
Heç hübhə yoxdur ki, burada da təbii yox, süni səbəblər həlledici rol oynayır.
Açıq şəkildə görünən odur ki, ölkədə biznes sektorunu demək olar ki, tamamilə inhisarda saxlayan bəzi oliqarxların şəxsi maraqları sonda vətəndaşların mənafeyinə ziyan vurur. Onların sayəsində ölkəyə gətirilən rus mallarının qiymətində hər hansı ucuzlaşma müşaiyət olunmur.
Halbuki böyük əksəriyyəti maddi problemlər yaşayan Azərbaycan əhalisi üçün belə bir ucuzlaşma çox faydalı olardı. Bir daha təsdiq olunur ki, monopoliyalaşma xalqın maraqlarına böyük zərbədir. Elə ona görə də, məmurların inhisarçı meyllərinin qarşısının alınması böyük önəm daşıyır.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53