Müsavatda qarşıdurma kritik həddə keçib
13:27 30-12-2014
İQTİSADİYYAT
Müsavatda qarşıdurma kritik həddə keçib
Tərəflər "qırmızı xətti" keçdilər,
İsa Qəmbərə qarşı şok ittihamlar səsləndi
Müsavat Partiyası daxilində baş qaldıran narazılıq artıq bütün kriteriyaları aşıb. İş o yerə çatıb ki, tərəflər arasında mənəvi mübarizə prinsipləri də qalmayıb.
"Unikal"ın məlumatına görə, partiyanın dekabrın 27-də keçirilən Məclisin iclasında hər kəs kartlarını açıq şəkildə oynadı. Belə ki, Müsavatın yeni başqanı Arif Hacılı keçmiş Divan üzvü Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılmasını təklif edib. O, mövqeyini belə əsaslandırıb ki, Vurğun Əyyub Məclisin toplantılarında qəsdən iştirak etmir və bunu gizlətmir: "Bir gün əvvəl də onu Məclisin iclasına dəvət etmişik. Ancaq o, Məclisə gəlməyəcəyini və özünü Məclis üzvü hesab etmədiyini deyib. Hesab edirəm ki, Məclis üzvü olmadığını bəyan etməsini nəzərə alaraq, onun Məclis üzvlüyündən çıxarılması haqqında qərar verməliyik". Arif Hacılının bu təklifini sadiq tərəfdarlarından olan Məclis üzvlərindən Razim Əmiraslanlı və Nemət Kərimli dəstəkləyib. Amma Qubad İbadoğluya yaxınlığı ilə seçilən Sabir Məmmədli, Ellada Məmmədli, Arifə Hüseynli və başqaları isə təklifə qarşı çıxıblar. Sonda Arif Hacılı təklifini səsverməyə çıxarmayıb. Deyib ki, Vurğun Əyyubun tərəfdarları onun iclaslarda iştirakını təmin etməlidirlər. Məsələni səsə qoysa, Vurğun Əyyubun Məclisdən çıxarılacağını bilir, lakin etirazları nəzərə alaraq hələlik bundan vaz keçir.
Ən pisi odur ki, son günlər partiya daxilində baş verən narazılıqları yatırmaq əvəzinə, keçmiş başqan İsa Qəmbərin Arif Hacılıdan yana mövqe tutması münaqişə ocağını daha da alovlandırıb indi isə Məclisdəki başqa məsələləri arxa planda saxlayan qarşıdurmanın yenidən qızışması barədə bunları deyib. "Qurultay yenidən keçirilsə, nə baş verəcək? Kimsə hesab edir ki, qurultayı hakimiyyətin köməyi ilə yenidən keçirməyə cəhd etsə, nə isə əldə edəcək? Bunlar xam xəyallardır. Hakimiyyətlə birləşib partiyaya zərbə vuran şəxsləri necə qiymətləndirək? Heç kim düşünməsin ki, çirkin maraqlarını bəzəməklə mahiyyətini gizlədəcək. 3-5 nəfər hakimiyyətin oyununda iştirak edən müsavatçı var və onlar da özlərini ifşa ediblər. Hər kəs özü üçün nəticə çıxarsın. Biz partiyanı keçmişə yox, gələcəyə yönləndirməliyik. Ola bilər ki, kimsə hakimiyyətin köməyi ilə partiyanı bir neçə ay keçmişə aparmağa cəhd etsin. Ancaq buna nail olmayacaq", - deyə İ.Qəmbər bildirib.
Görünür ki, İsa Qəmbər daşı Qubad İbadoğlunun bostanına atır. Elə Qubad İbadoğlu da cavabını çox yubatmayıb. O da ad çəkmədən İsa Qəmbəri sönmüş fişəngə bənzədib. "Onlar bizim üçün fişəngə bənzəyir, həm özləri həm də parlaq izləri çoxdan sönüb. Ona görə də harda və nə deməklərinin mənası qalmır. Azərbaycan ictimaiyyəti kimin kim olduğunu, kimin yalan, kimin doğru danışdığını çox yaxşı bilir. Bizim fəaliyyəimiz partiya nizamnaməsi çərçivəsində davam edəcək və həmişəki kimi partiya üzvlərinin iradəsi ilə hədəflərimizə çatacağıq", - deyə o, bildirib.
İsa Qəmbərin ittihamına Məclisdə məsələsi qaldırılan Vurğun Əyyub da münasibət bildirib. O, bildirib ki, Müsavat rəhbərliyinin nə deyib, hansı qərar çıxarması onu maraqlandırmır. Çünki yeni başqanı da, Məclisi də legitim saymır. "Diqqətli müşahidəçi aydın şəkildə görə bilər ki, üstümüzə gələnlər əməllərinin qeyri-demokratik, mahiyyətlərinin cılızlığını pərdələmək üçün artıq kif iyi verən "hakimiyyətə işləmək" tezisinə əl atırlar.Azərbaycan siyasətində elə adamlar var ki, enerjilərini konfliktlərdən, intriqalardan alırlar. Öz varlıqlarını yalnız həmin yolla sübut edirlər", - deyə o, qeyd edib.
"Unikal"ın məlumatına görə, Arif Hacılının son addımları digər başqanlığa iddialıları da hiddətləndirib. Belə ki, başqanlığa keçmiş namizəd Tural Abbaslı Arif Hacılının bu hərəkətlərini sərt tənqid edib. "Müsavat Partiyasının 3 aydan bir keçirilən Məclisi əslində partiya daxilində barışın əldə olunması üçün bir şansdır. Çünki Məclis toplantıları qurultaydan sonra partiyada ən böyük tədbir olur. Çox təəssüf edirəm ki, Müsavat Partiyasının başqanı Arif Hacılının mövqeyi partiyadaxili durumu daha da gərginləşdirdi" - deyən T.Abbaslının sözlərinə görə, Nüşabə Sadıqlının Məclis sədri seçilməsinin partiyadaxili narazılıqların aradan qalxmasında hansısa rol oynayacağını da düşünmür. T.Abbaslı Müsavat Partiyasının hazırkı başqanının mövqeyinin artıq öz tərəfdarları arasında da parçalanma yaratmağa başladığını bildirib: "Vurğun Əyyubla bağlı məsələdə mən 4-5 dəfə əlimi qaldırdığım halda, yerdən replika ataraq söz istədiyim halda, Arif Hacılı mənə söz vermədi. Hətta Məclis üzvü Rüfət Hacıbəyli yerindən qalxaraq Arif Hacılıdan mənə söz verib-verməyəcəyini soruşdu, belə münasibətin partiya üzvlərinə qarşı indiyə qədər sərgilənmədiyini söylədi. Ancaq Arif Hacılı Rüfət Hacıbəylinin bu sözlərini belə cavablandırmadı. Partiya başqanı olan Arif Hacılının bu dərəcədə açıq qərəz nümayiş etdirməsi Müsavat Partiyası tarixində görünməmiş, ilk haldır".
Bütün bunlar artıq Müsavatdakı gərginliyin pik nöqtəsi deməkdir. Arif Hacılının qısa müddətdə belə bir vəziyyət yaratmasa partiyanın parlament seçkilərinə qədər parçalanaraq məhv olmasına səbəb olacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53