Goranboyun icra başçısını bitirəcək qanunsuz əməlləri
10:08 07-01-2015
İQTİSADİYYAT
Goranboyun icra başçısını bitirəcək qanunsuz əməlləri
Nizaməddin Quliyevin sahibkarlara qarşı amansız mövqe tutması onun karyerasını təhlükə altına alıb
Son illər bəzi icra hakimiyyəti başçıları vəzifələrindən sui-istifadə edərək qanunsuzluqlara əl atırlar. Xüsusən də iş adamlarına qarşı süni maneələr yaradılması, onlardan qeyri-qanuni tələblər edilməsi ciddi narazılığa səbəb olub.
Bu cür icra başçılarından biri də Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevdir. Artıq N.Quliyevin qanunsuz əməlləri ilə bağlı faktlar mətbuata çıxmağa başlayıb. Maraqlı məqamlardan biri odur ki, Goranboy rayon rəhbərliyi Azərbaycanın Milli Qəhrəmanı Rasim Əkbərova qarşı təzyiqlərə başlayıb. Bu səbəbdən də R.Əkbərovun özü məsələni ictimailəşdirib. Bu barədə açıqlama verən Milli Qəhrəman deyib ki, ona qarşı yenidən təzyiqlər başlayıb: Goranboy rayonunun rəhbərliyi yüksək rütbəli məmurların adı altında gizlənərək mənə davamlı şəkildə təzyiq göstərir. Rayon rəhbərliyi gips istehsalı ilə məşğul olan "Elmir" adlı firmamı sabah ləğv etməyə hazırlaşır". R.Əkbərovun sözlərinə görə, onun "Elmir" firması tam qanuni fəaliyyət göstərir. Firma "Norm", "Holcim Group", "Kəpəz Alçi" və "Retro" şirkətlərinə, habelə Qaradağ sement zavoduna, "Müasir tikinti" MMC-yə, eləcə də Gürcüstanın "Heidelberg Group" şirkətinə qarşılıqlı rəsmi müqavilələr əsasında gips satır. R.Əkbərov deyib ki, bu, onun əmlakını ələ keçirməyə ikinci belə cəhddir. Milli Qəhrəman xatırladıb ki, həmin yüksək mənsəbli məmurlar ona iki il qabaq da eynilə indiki kimi təzyiq göstərərək "Elmir" şirkətini, ümumən bütün biznesini ələ keçirməyə çalışmışdılar. Lakin o zaman ölkənin siyasi rəhbərliyinin işə qarışması nəticəsində onun gips karxanalarının həmin məmurlar tərəfindən zəbt olunmasının qarşısını almaq mümkün olmuşdu.
Onu da nəzərə çatdıraq ki, Milli Qəhrəman baş verənlərlə bağlı prezident İlham Əliyevə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova, Baş Prokurorluğa və MTN-ə məktubla müraciət etdiyini bildirib. R.Əkbərov onu da əlavə edib ki, ümidi yalnız prezidentin məsələyə müdaxilə etməsinədir. Milli Qəhrəman dövlət başçısından onu qəbul etməsini də xahiş edir.
"Unikal" olaraq bəzi icra başçılarının prezidentin xəbərdarlıqlarına rəğmən iş adamlarına problem yaratmaları ilə bağlı ardıcıl yazılar dərc etmişik. İş ondadır ki, bəzi icra başçıları özlərini yerlərdə padşah hesab etdiklərindən buna əhəmiyyət vermirlər. Halbuki Prezident İlham Əliyev məhz bu məsələ ilə bağlı konkret tələblər qoyub. Ölkə başçısı "Sahibkarlara yerli icra orqanlarının ciddi dəstəyi olmalıdır. Yerli icra başçıları, vəzifəli şəxslər sahibkarlara yalnız dəstək verməlidirlər, onları incitməməli, işlərinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar var. Deyə bilmərəm ki, bu geniş vüsət alıb, amma var. Buna son qoyulmalıdır. İcra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir. O, dövlət siyasətindən kənarda heç bir iş apara bilməz. Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq. Onlardan qanunsuz tələb edən şəxslər öz cəzasını alacaq. Onlara yalnız kömək etmək lazımdır ki, öz işlərini səmərəli şəkildə qura bilsinlər. İcra başçıları sahibkarları məcbur etməməlidirlər. Belə hallar da var. Onlara abadlıq işləri gördürüb, sonra pullarını vermirlər. Hər bir rayonun öz büdcəsi var, həm də mütəmadi qaydada Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Həmin vəsaitlərlə iş görmək lazımdır. Sahibkarlar bu işlərə könüllü dəstək verə bilərlər, amma bəzi hallarda onları məcbur edirlər, böyük xərclər çəkirlər, sonra pullarını vermirlər, belə olmaz. Əgər kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edirlər", - deyə müşavirədə bu tipli mesajlar verib.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən tanınmış hüquqşünas, "İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyinin sədri Mehman Muradlı deyib ki, sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanı qəbul olunub. Onun sözlərinə görə, həmin fərmanda qeyd olunur ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları, o cümlədən vergi, gömrük, hüquq-mühafizə və sanitar-epidemioloji xidmət orqanları tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, müxtəlif yoxlamalar aparmaqla onların işinə maneçilik törədilir: "Məhkəmələr tərəfindən iqtisadi mübahisələrin həllində süründürməçilik və qeyri-obyektiv qərarların qəbul olunması hallarına rast gəlinir. Bütün bunlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamların haqlı narazılığına səbəb olur, onların sahibkarlıq təşəbbüsünün reallaşmasına və daxili potensialdan daha dolğun istifadə edilməsinə imkan vermir. Yerli icra hakimiyyətləri başçılarının sahibkarların işinə müdaxiləsini xüsusi olaraq Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında prezident İlham Əliyev də vurğulayıb.Həmin konfransda prezident İlham Əliyev göstərib ki, sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq"- deməklə iş adamlarının sosial layihələrdə iştirakının könüllülük təşəbbüsü əsasında təminatına xüsusi diqqət yetirilməsini tələb edən Prezident İlham Əliyev bir daha bildirdi ki, ölkədə dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı durur".
Müsahibimiz onu da vurğulayıb ki, Azərbaycanda sahibkarların işinə qanunsuz müdaxilənin qarantı prezident İlham Əliyevdir və onlar bu, məsələdə ancaq prezidentə müraciət etməklə yaranmış problemlərini həll edə bilərlər.
Göründüyü kimi, ölkə başçısının və qanunların sahibkarlara sünü əngəllər yaradılmasının qadağan etməsi qarşılığında N.Quliyevin öz ampluasında qalmaqdadır. Ekspertlərin də qeyd etdiklərinə əsaslansaq, Goranboyun icra başçısı qanunlarımızı kobud şəkildə pozmaqla yanaşı, Prezidentin xəbərdarlığına da məhəl qoyumur. Məhz,bu məqama görə də onun barəsində hakimiyyətin yuxarı dairələrində mənfi fikir formalaşdığı bildirilir. Əldə etdiyimiz məlumata görə, icra başçısının bu davranışı onun karyerasını təhlükə altına atıb. Hətta törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunması da istisna olunmur.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59