Lalə Şövkət yeni sifariş alıb
Lalə Şövkət yeni sifariş alıb

ALP lideri parlament seçkilərində növbəti siyasi şounu gerçəkləşdirmək missiyasını üzərinə götürməyə hazırlaşır

Məlum olduğu kimi, bu ilin payızında bələdiyyə seçkiləri keçiriləcək. Sözsüz ki,radikal müxalifət bu seçkilərə özünə məxsus formada hazırlaşır. Ötən dövrə nəzər yetirəndə görmək olar ki, hər seçkidə bir müxalifət partiyası təxribat xarakterli plan hazırlayaraq seçkidə öz missiyasını yerinə yetirir.

"Unikal"ın məlumatına görə, budəfəki seçkilərin "favoriti" ALP lideri Lalə Şövkət olacaq. Uzun müddətdir kölgəyə çəkilən Lalə Şövkət artıq ortaya çıxmaqla mesaj vermiş oldu ki, budəfə növbə onundur. Bu günlərdə ALP sədri Əvəz Temirxanın verdiyi açıqlamalardan da görünür ki, Lalə Şövkət startdadır. Belə ki, Azərbaycan Liberal Partiyası (ALP) 2015-ci ildə tam gücü ilə parlament seçkilərinə hazırlaşır. Bu barədə partiya sədri Əvəz Temirxan danışıb. Onun sözlərinə görə, bu günlərdə ALP lideri Lalə Şövkətin iştirakı ilə görüş olub və daxili təşkilatlanma ilə bağlı müzakirələr aparılıb: "Biz partiyada keçirilən müzakirələrin piarını aparmağa ehtiyac duymuruq. Buna görə də görüşün detallarını açıqlamırıq. Digər partiyalarda başqa formadadır, biz onların bu hüququna hörmətlə yanaşırıq". Ə.Temirxan son dövrlər dünyada baş verən proseslərlə bağlı ALP lideri Lalə Şövkətin mövqeyini çatdırıb: "Lalə xanım hesab edir ki, Qərblə Şərq arasında siyasi tektonik qarşıdurmalar 12 ballıq miqyasla 12-ci bala yaxınlaşır. Onun fikrincə, Azərbaycan çalışmalıdır ki, heç bir halda öz maraqları uğrunda mübarizə aparan fövqəlgüclərin qarşıdurma poliqonuna çevrilməsin".
Partiya sədri həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. O əlavə edib ki, hələ 1990-cı ilin əvvəllərində ALP münaqişənin çözümü ilə əlaqədar hökumətə təkliflər irəli sürüb: "Biz simmetrik status, hamının hüququ bərpa olunmalıdır prinsipini təklif etmişdik. Ermənistan Dağlıq Qarabağda ermənilər üçün hansı statusu istəyirsə, azərbaycanlıları qovduğu və onların kompakt yaşadığı, şərti olaraq Göyçə-Zəngəzurda həmin statusla azərbaycanlıların hüquqlarını bərpa etməlidir. Bu gün Azərbaycan xalqı müəyyənləşdirməlidir ki, nə istəyir. Torpağımızdan qovulmuşuq, hansı şərtə onu geri qaytarmaq istəyirik, tələbimiz nədir, hansı haqlarımızın pozulduğundan xəbərimiz varmı suallarının cavabını bilməliyik. Biz deməliyik ki, hüquqlarımız pozulması təkcə Qarabağın işğal olunması ilə məhdudlaşmır. Xalq olaraq hüquqlarımızın pozulması özünü həm də Ermənistandan azərbaycanlıların qovulması, etnik təmizləmə siyasətində göstərir. Bunu dərk etməli, həlli yolunda qətiyyətli olmalıyıq. Bu münaqişə təkcə Hayastanın təcavüzkarlığından irəli gəlmir. Dünyanın yenidən düzənlənməsində Ermənistan-Azərbaycan arasındakı münaqişə açar rolunu oynayır. Buna o cür baxmaq lazımdır. Azərbaycan hansı super dövlətlə müttəfiq olsa, o dövlət Avrasiya və dünyanı idarə edilməsində vacib rol oynayacaq. Azərbaycan strateji baxımdan o qədər əhəmiyyətli yerdədir ki, cənubdan şimala, qərbdən şərqə bütün quru yollar məhz Azərbaycandan keçir".
Göründüyü kimi, Lalə Şövkətin sözçüsü olan Əvəz Temirxan Qərb dairələrinə qarşı inamsızlığı açıq şəkildə ifadə edir. Onun Azərbaycanın Avrasiyada söz sahibinə çevrilməsi barədə dedikləri isə ilginc məqamlardan xəbər verir.
"Unikal"ın əldə etdiyi məlumata görə, Lalə Şövkət Rusiyadan müəyyən tapşırıqlar alıb. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, Rusiyadakı bəzi dairələrlə münasibətdə olan Lalə Şövkətə payızda keçiriləcək parlament seçkilərində iştirak etməklə bağlı göstəriş verilib: "Bilirsiniz ki, Lalə Şövkət həmişə Rusiyaya bağlı adam olub. Onun Moskvada işlədiyi vaxtlarda da siyasi elita ilə ələqaləri olub və indi də davam edir. Zaman-zaman Rusiyanın maraqları tələb edəndə Lalə Şövkət ortayı çıxır, lazım olmayanda isə kəndə çəkilib sakit dayanırdı. Xatırlayırsınızsa, Milli Şura yaranan dövrdə Rüstəm İbrahimbəyovun ən qatı tərəfdarlarından biri də Lalə Şövkət idi. Hətta Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi ola bilməyəndə, yəni, qurum Rusiyanın nəzarətindən çıxandan sonra Lalə Şövkət Milli Şuradan uzaqlaşdı. Elə bu detalın özü onun Rusiyanın adamı olduğunu ortaya qoyub".
Müsahibimiz deyib ki, Rusiya budəfəki parlament seçkilərində Lalə Şövkət kartından istifadə etməyi planlaşdırır. Artıq ilkin təmaslar olub və planlar cızılıb. Yəqin ki, seçkiyə bir neçə ay qalmış maliyyə də gələcək və bununla da ALP parlament seçkilərində aktiv iştirak edərək Rusiyanın maraqlarına oynayacaq.
Qərib Gərayzadə