Erməni təxribatı: cəbhə xəttindəki gərginliyin səbəbi
Ermənistan rəhbərliyi son vaxtlar Azərbaycana qarşı ittihamlarını gücləndirib. Dağlıq Qarabağda erməni ordusunun verdiyi itkilərin əsl səbəbini ört-basdır etmək üçün müxtəlif bəhanələr uydurulur, Ermənistan Azərbaycan ordusunun öz taktikasını dəyişərək guya tez-tez atəşkəsi pozduğunu iddia edir. Reallıqda isə münaqişə zonasında sükutu həmişə erməni hərbi birləşmələri pozub. Bu dəfə onlar daha çox müqavimətlə üzləşiblər ki, bu da müəyyən çaşqınlıq yaradıb.
Digər tərəfdən, erməni cəmiyyətində iqtidara qarşı narazılıqlar daha da artır. Rəsmi İrəvan bunu da gizlədərək Azərbaycan hakimiyyətinin özünü qoruyub saxlamaq üçün guya hərbi təxribatlara əl atmağa başladığını söyləyir. Bununla Ermənistan iqtidarı ömrünü bir az da uzatmaq istəyir. Lakin bunu öz vətəndaşlarının həyatı bahasına etməyə çalışır.
Qisasa çağırış: Sarkisyanın müraciəti
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması region üçün təhlükələr törədir. Bunun əsas səbəbi isə rəsmi İrəvanın tutduğu qeyri-konstruktiv mövqedir. Bu barədə Azərbaycan Prezidenti dəfələrlə fikir bildirib. Lakin vəziyyət bütövlükdə müsbətə doğru dəyişmir. Son zamanlar isə erməni hərbi birləşmələrinin cəbhənin təmas xəttində təxribatları artıb. Azərbaycan ordusunun təcavüzkara layiqli cavabını isə Ermənistan rəhbərliyi tamamilə başqa məzmunda təqdim etməyə çalışır.
Burada açıq hiss olunur ki, İrəvan çaşqınlıq içindədir. O, cəmiyyətdəki problemlərdən diqqəti yayındırmaq üçün müxtəlif təxribatlara əl atır. Prezident S.Sarkisyan hər hansı münaqişəli vəziyyətə qisas almaqla cavab verəcəklərini bəyan edir. Aydındır ki, o, Azərbaycan ordusunun cavab atəşi ilə düşməni susdurmasını "münaqişəli vəziyyət" adlandıraraq erməni silahlı qüvvələrinin təxribatlarını "qisas əməliyyatı" kimi qələmə verməyə çalışır.
Əslində, bunlar yenilik deyil – rəsmi İrəvan həmişə bu cür hərəkətlər edib. Ancaq bu dəfə S.Sarkisyanın erməni ordusunun 23-cü ildönümündə belə bir bəyanatla çıxış etməsi ölkədaxili vəziyyətin ağırlığı ilə sıx bağlıdır. Məsələ burasındadır ki, Gümrüdə bir rus əsgərinin erməni ailəsini güllələməsi iqtidara qarşı etirazları yeni səviyyəyə qaldırıb. İnsanlar Ermənistanın müstəqil olmadığını, kənar təsirlər altında qaldığını deyirlər. Onlar rəhbərlikdən mövcud şəraitdə hansı potensialla dövlətin varlığını təmin edəcəyini və Dağlıq Qarabağ məsələsində uğur əldə edə biləcəyini soruşurlar.
Hətta keçmiş prezident R.Koçaryan da iqtidarı günahlandıraraq vəziyyətin getdikcə daha da ağırlaşdığını vurğulayıb. Şübhəsiz, bu kimi ittihamlar bütövlükdə ölkədə sosial-siyasi vəziyyəti daha da gərginləşdirə bilər. Bunun qarşısını almaq üçün hakimiyyət cəmiyyətin diqqətini ermənilər üçün həssas məsələ olan Dağlıq Qarabağa yönəltməyə çalışır. Burada başqa bir məqamı xüsusi qeyd etməyə ehtiyac görürük.
Azərbaycanın dövlət başçısı İlham Əliyevin Almaniyaya səfəri zamanı A.Merkel açıq bildirmişdi ki, Ermənistanla Rusiya birgə fəaliyyət göstərirlər. O cümlədən hazırda cəbhə xəttində təxribatların törədilməsinin günahkarı Ermənistandır. Rəsmi İrəvanı bu fikir qətiyyən qane etmir. Xarici işlər naziri E.Nalbandyan yanvarın 26-da keçirdiyi mətbuat konfransında Almaniya kanslerinin sözlərini təhrif etməyə çalışıb. Guya xanım Merkel onu nəzərdə tutub ki, Ermənistanın mövqeyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin atdığı addımlara uyğun gəlir.
Bunun ağ yalan olduğunu hər kəs bilir. Münaqişə başlayandan bu yana baş vermiş hadisələr bunu bütünlüklə təsdiq edir. Məsələn, həmsədr dövlətlərin rəhbərləri bir neçə dəfə bəyanat veriblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll edilməlidir. Bu zaman onlar BMT-nin qəbul etdiyi 4 qətnaməyə və problemlə bağlı hazırlanmış digər sənədlərə istinad edirlər. Ermənistan isə bunların heç birinə əhəmiyyət verməyərək hər dəfə bir bəhanə ilə üzərinə düşən məsuliyyətdən yayınıb, danışıqları qeyri-konstruktiv məcraya yönəldib. Nəticədə isə heç bir irəliləyiş əldə edilməyib.
Rusiya, Fransa və ABŞ-la Ermənistanın mövqeyi bu məsələdə həqiqətən üst-üstə düşürsə, onda buradan belə bir nəticə hasil olur ki, böyük dövlətlər münaqişəni ədalətli həll etmək niyyətində deyillər. E.Nalbandyan bunu dolayısı ilə demək istəyirsə, bu, başqa məsələdir.
Təbii ki, Minsk qrupunun həmsədr ölkələrinin indiyə qədər problemin həlli istiqamətində ciddi addımlar atmamaları təəssüf doğurur. Lakin onların bununla təcavüzkarı hər məsələdə dəstəkləyəcəkləri nəticəsini çıxarmaq da tam doğru olmazdı. Hər bir halda həmsədr dövlətlər Ermənistanın deyil, özlərinin maraqlarını rəhbər tutaraq hərəkət edirlər. Zaman yetişəndə, onlar İrəvanı kənara da ata bilərlər.
Bu kontekstdə diqqəti çəkən bir məqamı vurğulamaq istərdik. Erməni ekspertlər indi açıq yazırlar ki, "Minsk qrupu mövcud status-kvonu saxlamaq üçün yaradılıb" (bax: Aykazn Qaqriən. Zlovehee preduprejdenie / Lragir.am, 24 yanvar 2015). Məhz bu məsələdə İrəvanın mövqeyi Vaşinqtonla Parisin mövqeyi ilə üst-üstə düşür. Guya daim atəşkəsi pozan və müharibə vəziyyəti yaratmağa çalışan Azərbaycandır, Moskva isə Bakını dəstəkləyir.
Güclü Azərbaycan: ermənilərə verilən tutarlı cavablar
Sağlam düşüncəli insan üçün bunlar sərsəmlikdən başqa bir şeyi ifadə etmir. Ancaq hazırda münaqişə zonasındakı reallıqlar aspektində ermənilərin artıq tamamilə xəyali arqumentlər axtardığı aydın görünür. Məsələ bundadır ki, həmsədr dövlətlərin başçıları da bildiriblər ki, mövcud status-kvonu saxlamaq olmaz. Danışıqlarda irəliləyiş əldə edib, münaqişəni həll etmək gərəkdir. Rəsmi İrəvan məhz bu məqama etiraz edir, bütün hərəkətləri ilə hər hansı dəyişiklikləri istəmədiyini nümayiş etdirir.
Kremlin Azərbaycanı müdafiə etməsi haqqında erməni ekspertlərin yazdıqları isə cəfəngiyatdan başqa bir şey deyil. Hamı bilir ki, başlanğıcdan Rusiya Ermənistana dəstək verib, indi də onu Avrasiya İqtisadi İttifaqına daxil edərək külli miqdarda silah satıb. O başqa məsələdir ki, Rusiya böyük dövlət kimi Azərbaycanla da bütün sahələrdə əməkdaşlıq edir və bu istiqamətdə inkişaf gedir. Müstəqil ölkələr arasında əlaqələrin qurulması və genişlənməsi normal haldır. Ermənistan kimi asılı ölkələr isə bunu həmişə qısqanclıqla qarşılayırlar. Həmin aspektdə rəsmi İrəvan Moskvanı Bakıya qarşı sərt mövqe tutmamaqda qınamağa çalışır. Görünür, Gümrüdə baş verən qətl hadisəsi ermənilərin psixologiyasını bir az da pozub.
Bunlara baxmayaraq, ermənilər özlərinin təcavüzkarlıqlarını gizlədə bilmirlər. S.Sarkisyanla yanaşı digər rəsmi şəxslər də cəbhə xəttində erməni qoşunlarının artıq başqa taktika ilə hərəkət etməsindən lovğalıqla danışırlar. Məsələn, müdafiə nazirinin məsləhətçisi D.Camalyan münaqişə zonasındakı "bəzi detalları" açıqlayır. Onun məntiqində əsas məqam ondan ibarətdir ki, erməni ordusu təxribatlarını davam etdirəcək və "türkləri susduracaq". D.Camalyan açıq bildirir: "...son günlər orduda ruh yüksəkliyi var, mən hesab etmirəm ki, əldə olunanlarla kifayətlənək. Nazir Ohanyanın qarşıya qoyduğu vəzifə düşməni daim və ağılla vurmaqdan ibarətdir" (bax: Siranuş Papən. Sovetnik ministra oboronı raskrıvaet nekotorıe detali / Lragir.am, 27 yanvar 2015).
Bunları yalnız daim əks tərəfə qarşı hücuma keçən, müxtəlif üsullarla cəbhədə vəziyyəti gərginləşdirmək istəyən tərəf deyə bilər. Erməni ordusunun "nailiyyətləri" nədən ibarətdir? Azərbaycan torpaqlarının bir qismini işğal etməkdən. Belə çıxır ki, Ermənistan həmin istiqamətdə fəaliyyət göstərməkdən imtina etməyib. Əslində, son dövrlərdə bu kontekstdə hədə-qorxu gələn Ermənistan Azərbaycan ərazisinin daha dərinliklərinə irəliləyə bildiklərini deyir. Bunun adı təcavüzkarlıqdır.
Belə görünür ki, həmişə olduğu kimi, Ermənistan regionda cərəyan edən geosiyasi proseslərdən yanlış nəticələr çıxarır. Azərbaycanın uğurlar əldə etməsi, o cümlədən Prezident İlham Əliyevin yeritdiyi uğurlu ordu quruculuğu siyasətinin konkret bəhrələrini verməsi İrəvanı çox narahat edir. Ermənilərin özləri də vurğulayırlar ki, Azərbaycan ordusu ən yeni silahlar əldə edib. İndi gecə şəraitində belə azərbaycanlılar dəqiq hərbi əməliyyatlar apara bilirlər. Ermənistan silahlı qüvvələri isə bunun müqabilində elə bir yenilik tətbiq etmək iqtidarında deyil. Öz zəifliyini ört-basdır etmək üçün düşmən müxtəlif iftiralar uydurur, təxribatlar törədir.
Ermənistan üçün Cənubi Qafqazda geosiyasi vəziyyətin qeyri-müəyyən olaraq qalması sərfəlidir. Çünki burada vəziyyət nə qədər çox şəffaf, proqnozlaşdırıla bilən olsa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli imkanları da bir o qədər artar. Deməli, reallıqda ermənilər haqq və ədalətdən çəkinirlər. Ancaq bunun da əbədi olmadığını bilməlidirlər.
Fuad
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27