Şok iddia: İŞİD də "Viagra" "xəstəliyi"nə tutuldu
Şok iddia: İŞİD də "Viagra" "xəstəliyi"nə tutuldu
Terror təşkilatı musiqi alətlərinin də "edam"ına başladı

"İslam Dövləti" (İŞİD) terror təşkilatının Suriyadakı üzvləri cinsi güclərini artırmaq üçün "Viagra" həblərindən istifadə edir. Bu barədə Suriya jurnalistlərinin təmsil olunduğu "Raqqa Is Being Slaughtered Silently" ("Rakka səssizcə qətl edilir") adlı təşkilatın hesabatında deyilir.
Hesabatda deyilir ki, terror təşkilatının silahlıları həyat yoldaşları və qaçırdıqları qadınlara seksual alt paltarları geydirərək onları anormal fantaziyalara məcbur edir. Qeyd edilir ki, terror təşkilatının paytaxtı hesab edilən Rakkadakı azğın İŞİD silahlılarının vəhşi və anormal cinsi fəaliyyətləri onların "dinə bağlılıq"dan əslində nə qədər uzaqda olduğunu göstərir.
Məlumata görə, cinsi məharətlərini ən üst səviyyədə saxlamaq istəyən İŞİD silahlıları maaşlarının böyük bir hissəsini "Viagra" həblərinə xərcləyir və qısamüddətli olmaqla birdən çox qadınla evlənir. Bəziləri 9 yaşında olan qızlar da daxil olmaqla bir çox qadın İŞİD üzvlərinə satılır və seks köləsi olaraq istifadə edilir.

İŞİD-dən musiqi
"edamı":
alətlər yandırıldı

Liviyada İŞİD terror təşkilatına bağlılığını elan edən silahlılar ölkədə musiqi alətlərinə qarşı müharibəyə başlayıb. Xarici media xəbər verir ki, ötən həftə 21 misirli xristianı edam edən silahlılar nəzarət etdiyi Derna liman şəhərində musiqi alətlərini yandırıb.
Təşkilatın media qanadı yandırılan musiqi alətlərinin görüntülərini yayımlayıb. Fotoşəkillərlə birlikdə yayılan açıqlamada Dernada islama uyğun olmayan alətlərin ələ keçirildiyi və islam hüququna görə yandırıldığı bildirilib.

1700 rus vətəndaşı
İŞİD-də döyüşür

Bu arada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri ölkəsindən minlərlə adamın İraqdakı döyüşlərə getdiyini bildirib.
Fransa və Danimarkadakı teraktlardan sonra 60 ölkə təmsiçisinin iştirakı ilə Vaşinqtonda keçirilən sammitdə çıxış edən FTX rəhbəri Aleksandr Bortnikov 2014-cü il ərzində münaqişə zonasında döyüşən rusların sayının iki dəfə artdığını bildirib.
Onun sözlərinə görə, əgər bu göstərici ötən ildə təxminən 800 nəfər idisə, bu hazırda 1700 nəfər təşkil edir.
Bundan başqa, ümumilikdə İŞİD cəbhəsində 100 ölkədən 20 min əcnəbi döyüşdüyü deyilir.
Qeyd edək ki, sözügedən sammitə İngiltərə xarici işlər naziri Tereza Mey və Paris bələdiyyə sədri Anne Hidalqo da qatılıb.

İŞİD-çilər özlərini
biabır etdi

İŞİD bu dəfə təlim düşərgəsinin görüntülərini yayıb. Edam görüntüləriylə bütün dünyanı şok edən İŞİD döyüşçüləri döyüşlərə hazırlıq üçün təlimlərdən keçirlər.
Ancaq İŞİD-in təlim düşərgələrində çəkildiyi iddia edilən görüntülər mübahisə yaradıb. Çünki videodaki İŞİD-çilər qeyri-peşəkar hərəkətləri ilə diqqət çəkirlər.
Ağır döyüşlərdə iştirak edən İŞİD yaraqlılarının bu videoda olduqca gülünc hərəkətlər etdirdiyi görünür.
Yerdə yuvarlanan, başlarında kərpic qıran döyüşçülərin görüntülərinin harada çəkildiyi isə bilinmir.

Bağdadinin "kreslosu" təhlükədə: İŞİD-də üsyana hazırlıq gedir

İraq və Suriyada bir çox şəhəri ələ keçirərək geniş ərazilərə nəzarət edən, hətta Misir və Liviyada da fəaliyyətini gücləndirən İŞİD terror təşkilatının daxilində müxalif səslər yüksəlməyə başlayıb.
publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2006-cı ildən təşkilatın lideri olan Əbubəkr Əl-Bağdadinin son vaxtlar verdiyi bəyanatlar ona yaxın hesab edilən şəxslər tərəfindən müsbət qarşılanmayıb.
Mənfi reaksiyaların səbəbi isə Bağdadinin çox "mülayim" bəyanatlar verməsidir.
İŞİD İraq, Suriya, Fələstin və İordaniya torpaqlarında islam hüququna söykənən bir dövlət qurmaq istəyir. İŞİD-in digər təşkilatlardan fərqi daha radikal baxışlara sahib olmasıdır. Belə ki, təşkilat ona biət etməyən və "İslam dövləti"ni istəməyən hər bir şəxsi və qrupu dindən dönmüş olaraq görür. Ancaq təşkilatın daxilindəki qruplardan biri radikal baxışlara sahib olan Bağdadini "mülayim" hesab edir.
Hətta təşkilat daxilindəki qruplardan biri Bağdadinin özünün kafir olduğunu düşünür. Həmin qrup daxilindəki bəzi din adamları və döyüşçülər Əbubəkr Əl-Bağdadinin bir açıqlamasında Misir, Türkiyə və Fələstin xalqlarını müsəlman hesab etdiyini, buna görə də onun özünün də kafir olduğunu iddia edib. Bu qrup "radikaldan daha radikal" olaraq qiymətləndirilir.
Bağdadinin müxalifləri müşrik (Allaha şərik qoşan) hesab etdikləri Suriya və İraq xalqlarından zəkat topladığına görə İŞİD liderləri və döyüşçülərinin də müşrik olduğunu elan edib. İddialara görə, "radikaldan daha radikal qrup" İŞİD rəhbərliyinə qarşı silahlı üsyan etməyi planlaşdırır.
Ekspertlər artıq daxilində fikir ayrılıqları olan təşkilatın ömrünün uzun olmayacağını bildirir.
Murad İbrahimli