Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən "Unikal"a verilən xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5b ünvanında yerləşən istehsalat sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Belə ki, obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmadığı, mövcud olan qurğunun nasaz olduğu və s. müəyyən edilib.

Bildirilib ki, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.