Azərbaycanda insan hüquqlarına beynəlxalq basqı
11:46 10-04-2015
SİYASƏT
Azərbaycanda insan hüquqlarına beynəlxalq basqı
Bu gün beynəlxalq təşkilatların insan hüquq və azadlıqlarına yanaşmaları ciddi gərginliklər yaratmaqda, əslində elə insan haqlarının pozulması ilə müşahidə olunmaqdadır.
Çünki bu qurumların yanaşmalarında ikili standartlar açıq şəkildə görünür və Azərbaycan nümunəsində tez-tez belə haqsızlıqlarla üz-üzə qalırıq. Növbəti belə addım isə İdman və İnsan Haqları Alyansının yaranması ilə atıldı. Sözsüz ki, belə qurumun yaranması cəmiyyətdə birmənalı qarşılanmadı və əksər ekspertlər bu addımı Azərbaycanda ümumilikdə insan haqlarına qarşı bir sayğısızlıq kimi dəyərləndirdilər. Qeyd edək ki, adı çəkilən qurumu "Amnesty İnternational", "Transparency İnternational", "Human Rights Watch" təşkilatları təsis edib. Xatırladaq ki, adı çəkilən təşkilatlar artıq on illərdir ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir və erməni lobbisinin təsiri ilə hərəkət edirlər. Bununla bağlı "Unikal"a açıqlama verən politoloq Elçin Bayramlı maraqlı məqamlara aydınlıq gətirdi:" "Amnesty İnternational", "Transparency İnternational", "Human Rights Watch" "Freedom House" kimi "beynəlxalq" təşkilatların əslində bəzi dövlətlərin əlində alət olduğu sirr deyil. Konkret desək, ABŞ və iri Avropa dövlətləri bu cür təşkilatlardan bəzi ölkələrə təzyiq vasitəsi kimi istifadə edir, insan hüquqları adı altında öz maraqlarının təmin edilməsini, həmin ölkəni təsir altına salmaq, ondan nələrisə qopartmaq üçün yararlanır. Dəfələrlə deyildiyi kimi, bu təşkilatlar əsil hüququ pozulanlarla bağlı susur, məsələn Ermənistanın deportasiyasına məruz qalmış azərbaycanlılar barədə danışmırlar, şərq ölkələrində törədilmiş müharibələrdə məhv olan insanlar haqda danışmırlar.
Fikrimcə, bunların dərdi demokratiya, insan hüquqları filan deyil. Hər dəfə Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləndə sanki bunlara hardansa, daha dəqiq desə okeanın o tayından komanda gəlir və başlayırlar hardasa bir "hüquqü pozulan" adam "tapıb" hay-həşir salmağa. Başqa vaxtlarda həmin adamlar heç yada da düşmür. Ya da, cəmiyyətin tanımadığı hansısa siyasi partiyaya təzyiqlər edildiyi haqda informasiyalar uydurub yazırlar. Halbuki, xalq öz qiymətini verib və münasibətini göstərib. Burda dövlətlik nə məsələ var? Elə bir neçə gün əvvəl keçirilmiş mitinqi götürək. Mitinqə dövlət tərəfindən icazə verilmişdi. Belə rüsvayçı mitinq keçirib sonra da xalq bizi dəstəkləyir demək üçün ən azı hayasız olmaq lazımdır. 1 orta səviyyəli müğənni bundan 10 dəfə çox adam yığa bilərdi bir çağırışla. Lakin özlərini ölkənin nüfuzlu ictimai siyasi xadimləri sayan adamların uzun müddət ciddi təbliğatdan sonra müşahidəçi statusu ilə qatılan jurnalistləri və sair peşə sahiblərini çıxmaq şərtilə 100-200 nəfər yığa bildilər ki, bunlar da həmin partiyaların aparıcı qüvvəsidir.
İndi Azərbaycanda keçiriləcək I Avropa Oyunları kimi nüfuzlu beynəlxalq yarış qabağı belə oyunlara başlayıblar. Lakin son illərin təcrübəsi göstərir ki, belə oyunlarla heç nəyə nail ola bilmirlər. Azərbaycan dövləti öz daxili və xarci siyasətində qüsursuz işləyir, ölkədə vətəndaş hüquqları və azad söz tam təmin olunur, sosial-iqtisadi inkişaf davam etdirilir. Bu da bir çox dairələri narahat edir. Ona görə də, bu Alyansın qaralama kampaniyasına əhəmiyyət vermək lazım deyil".Bəs nədən adı çəkilən qurumlar belə addımlar atmaqla 9 milyonluq bir xalqın,insanların hüquqlarını pozmağa çalışırlar? Bununla bağlı "apa" saytının analitik qrupu maraqlı məqamlara aydınlıq gətiriblər. Qurup bildirir ki, Avropa Oyunları yaxınlaşdıqca, beynəlxalq ictimai rəydə Azərbaycan barədə mənfi imic formalaşdırmaq cəhdləri də artmaqdadır. Bu kampaniyanın başında yenə də beynəlxalq insan haqlarının müdafiəsi təşkilatları durur. Bu təşkilatların yürütdüyü siyasətin insan haqlarına heç bir aidiyyəti olmadığı gün kimi aydındır. Çünki insan haqlarının müdafiəsi bu təşkilatların əlində yalnız siyasi təzyiq vasitəsidir, məqsəd isə insan haqlarının müdafiəsi deyil, dövlətləri hər vasitə ilə təzyiq altında saxlamaqdır.Lakin dəyənəyin iki başı var - insan haqlarının müdafiəsi hansısa dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə edilirsə, bu ali prinsiplər dəyərsizləşməyə başlayır. Çünki ikili standartlar prinsipi daha qabarıq görünür və məsələn, on illərdir hüquqlarının bərpasını gözləyən qaçqın və məcburi köçkünlər beynəlxalq təşkilatların yanaşmasını anlamaqda çətinlik çəkirlər. Məntiqlə beynəlxalq hüquq müdafiə təşkilatları doğrudan da Azərbaycanda insan haqlarının pozulmasını problem kimi görürsə və məqsədləri bu problemin həll etməkdirsə, o zaman ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinə diqqət çəkməlidir. Çünki bu icma həm cəmiyyətin önəmli bir hissəsini təşkil edir, həm də üzləşdikləri problemlərin əsas həlli məhz beynəlxalq təşkilatlardan asılıdır.
Lakin indiyədək İdman və İnsan Haqları Alyansı adlanan qurumda təmsil olunan "Amnesty İnternational", "Transparency İnternational", "Human Rights Watch" təşkilatları bir dəfə olsun belə Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış edilməyib. Ən nəhayət beynəlxalq insan haqları təşkilatları nə parlament gülləbaran edildikdə, nə kütləvi aksiyalar vəhşiliklə dağıdıldıqda, nə də mitinqə çıxan insanlara atəş açıldıqda, nümayişçilər həbs edildikdə Ermənistanı insan haqlarını pozmaqda tənqid etməyiblər. Səbəb – ikili standart siyasəti və insan haqlarının müdafiəsi kimi ali dəyərin siyasi təzyiq aləti kimi istifadə olunmasıdır.
Beynəlxalq hüquq müdafiə təşkilatlarının dünyada nüfuzunu getdikcə itirməsi də bununla əlaqədardır. "Freedom House", "Amnesty İnterntional", "Transparency İnternational", "Human Rights Watch" kimi təşkilatlar artıq dünyada əvvəlki ciddiliklə qəbul olunmur, bu səbəbdən nüfuzlarını bərpa etmək üçün alyans kimi fəaliyyət göstərməyə başlayırlar. Hansısa beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi belə alyansların meydana çıxması üçün bir bəhanədir. Bu, bir növ güclərini itirmiş siyasi partiyaların birləşdiyi kiçik seçki bloklarını xatırladır. Nüfuz problemini həll etmək üçün formalaşan belə seçki bloklarının ictimai rəyə təsir imkanları çox aşağı olduğundan hadisələrə at baxışı prizmasından baxırlar və marginal qruplara xitab edirlər. İnsan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən beynəlxalq təşkilatlar da belədir, onların hansısa ölkədə proseslərə yanaşması maliyyə dəstəyi aldıqları dövlətin siyasəti ilə eynilik təşkil edir.
Məsələn, Fransada qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu insanın ən ali hüququnun - söz azadlığı hüququnun kobud şəkildə pozulması deməkdir. Lakin nə "Freedom House", nə "Human Rights Watch" buna görə Fransa hökumətini insan haqlarını pozmaqda ittiham etməyiblər. Halbuki tarixə dair hansısa hadisəni öz prizmasından şərh etmək insanın ən təbii hüququdur. İsveçrədə analoji qanunun qəbulu zamanı da beynəlxalq hüquq müdafiə təşkilatlarının reaksiyası sıfır olub. Azərbaycanda hansısa problemi şişirdərək dünya səviyyəli problemə çevirməyə çalışan bu təşkilatlar hələ indiyədək bir dəfə olsun Yaxın Şərqdə Qərbin yüz milyonlarla insanın haqlarını pozduğuna diqqət çəkməyiblər.
Yaxud "Charlie Hebdo" hadisələrini xatırlayaq. Məhəmməd peyğəmbərin karikaturasının dərc olunması 1 milyarda yaxın insanın inanc hüququnun tapdanması idi. Bu hüququ gözardı edən beynəlxalq təşkilatlar məsələyə səbəb, deyil, nəticə prizmasından baxdılar, islam və terror anlayışlarını eyniləşdirməyə çalışdılar. İnsan haqları təşkilatları "Charlie Hebdo"nun buraxdığı səhvi təkrarladılar, "dünyada heç bir din və toplum terrora haqq qazandıra bilməz" anlayışını rədd edərək üç terrorçunun əməlinə görə bir milyarda yaxın insanın inanc hüquqlarını tapdadılar. Lakin bir fransız pilot terror aktı törədərək sərnişin təyyarəsini qəsdən qəzaya uğratdıqda "Freedom House", "Human Rights Watch" və digər təşkilatlar susdular, hadisəni terror aktı kimi dəyərləndirmədilər və 150 nəfərin timsalında milyonlarla sərnişinin sərbəst hərəkət hüququnun pozulduğu dilə gətirilmədi. Çünki pilot müsəlman deyildi...
Azərbaycana qarşı münasibət də eynidir, hər şey ikili standart prizmasından dəyərləndirilir. Ölkə yerləşdiyi coğrafi məkanın verdiyi üstünlüklərdən uğurla istifadə edir və faktiki olaraq təhlükəsiz enerji təminatı məsələsində Avropanın yeganə ümid yerinə çevrilib. Azərbaycanın Avropa ilə bərabər statusda masa arxasına əyləşməsini və balanslaşdırılmış siyasət yürütməsini həzm edə bilməyən qüvvələr ölkəni daim təzyiq altında saxlamaq istəyir və bunu həm də insan haqları təşkilatlarının əli ilə etməyə çalışırlar. Bu siyasət isə bumeranq effekti verir, ikili standartlar səbəbilə beynəlxalq təşkilatlar cəmiyyətin gözündə dəyərlərini günbəgün itirirlər. Bu isə artıq Azərbaycanın deyil, indi İdman və İnsan Haqları Alyansı altında birləşən, gücünü itirən beynəlxalq təşkilatların öz problemidir.Beləliklə gördüyünüz kimi bu gün dünyada insan hüquq və azadlıqları mövzusu bir siyasi alver halına gətirilib və bundan sadəcə olaraq istifadə edirlər. Buna görə Azərbaycan cəmiyyəti bir məqamı heç vaxt unutmamalıdır. Yəni, bunun bir qanun kimi qəbul etməliyik ki, bizlərin hüququ elə özümüz tərəfindən ən mükəmməl şəkildə qoruna bilər.
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38