Serjin Avropaya hücum planı
08:05 16-04-2015
İQTİSADİYYAT
Serjin Avropaya hücum planı
Ermənistan prezidenti Qərbə qarşı yeni hiylə və hədələri işə saldı
İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sədri Ann Brasser ilə görüşüb. Söhbət əsnasında Sarkisyan sessiyada müzakirə edilmək üçün "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın gərginləşməsi" adlı xüsusi məruzənin hazırlanmasını nəzərdə tutan təşəbbüsü dayandırmağı xahiş edib.
Erməni tərəfi bu cür məruzənin hazırlanmasının əsl təxribat olduğunu iddia edib, həmçinin AŞPA sədrini inandırmağa çalışıb ki, ümumiyyətlə, Azərbaycanın işğal edilmiş əraziləri kimi bir anlayış mövcud deyil.
Bundan başqa, Sarkisyan iddia edib ki, AŞPA-nın Dağlıq Qarabağdakı vəziyyət üzrə əsas məruzəçisi britaniyalı Robert Uolterin fəaliyyəti danışıqlar prosesinə güclü zərər vuracaq.
Yumşaq deyilsə, Sarkisyan həmişə olduğu kimi yenə ağ yalan danışır. Doğru və ölçülüb-biçilmiş olan bu məruzə heç zaman danışıqlar prosesinə zərər vura bilməz. Özü də Ermənistanın öz işğalçı qoşunlarını tutduğu Azərbaycan torpaqlarından çıxarmaması üzündən danışıqlar çoxdan dalana dirənib. İnsanların danışıq aparması əvəzinə təmas xəttində toplar və pulemyotlar danışır.
Sarkisyanın bu məruzədən və onun müzakirəsindən niyə qorxmasının səbəbləri aydındır, çünki bunun nəticəsində kimin torpaqlarının kimlər tərəfindən işğal olunması ortaya çıxacaq. Ermənistan prezidenti AŞPA rəhbəri ilə söhbətində iddia edib ki, bəs onlar uydurma soyqırımın yüzilliyinə hazırlaşırlar, AŞPA isə onları günahkar çıxarmaq istəyir. Amma hətta uydurma soyqırımı da bəhanə etmək də heç nə verməyəcək. AŞPA öz qərarlarını hər saat dəyişməyən ciddi Avropa təşkilatıdır, hətta uydurma soyqırım ərəfəsində də dəyişməycək.
Dərc olunan və müzakirə olunan əsas məruzə aydın göstərəcək ki, erməni siyasi elitası dünyada addımbaşı bağıra-bağıra Azərbaycan torpaqlarını ələ keçirərək uydurma böyük Ermənistan yaratmaq istəyir.
Bu arada məlum olub ki, Rusiynın İrana S-300 raketləri satmağa qərar verməsi Ermənistanda ciddi narahatlıq doğurub. Erməni mətbuatı hazırda Rusiyada istehsalı dayandırılmış həmin raketlərin Ermənistandan çıxarılaraq İrana göndəriləcəyini bildirir.
Məsələ bundadır ki, İran Rusiyanı arbitraj məhkəməsinə verib və həm raketləri, həm də gecikməyə görə 4 milyard dollar pul istəyir. Yəqin ki, İranla Qərbin anlaşdığı son hadisələrin fonunda məhkəmə İranın xeyrinə qərar verə bilər. Bu isə Moskvanı raketləri Ermənistandan çıxararaq İrana satmağa məcbur edə bilər.
Təbii ki, Qərbin sanksiyaları üzündən maliyyə çətinliyinə girmiş Rusiya bu addımı atacaq və S-300 raketlərini İrana verəcək. Əslində, ermənilər də S-300 raketlərinin Ermənistana hansı yolla gətirildiyini anlaya bilmirdilər. Sadəcə, hərbi paradda Rusiya ordusundan əlborcu götürlüdüyü anlaşılır. Moskva İrana satmaq istədiyi S-300 raketlərini anbar kimi Ermənistana yerləşdiribmiş.
Beləliklə, ermənilərin güvəndiyi bir dağın da başına qar yağır və Serj Sarkisyan S-300 raketləri ilə birdəfəlik vidalaşır.
Ermənistanın "Joxovurd" isə qəzeti Avrasiya İqtisadi İttifaqına (AAİ) üzvlükdən sonra ölkənin çox çətin duruma düşdüyünü, son 6 ayda Ermənistan iqtisadiyyatının demək olar, tamamilə "sahibsiz vəziyyətdə" olduğunu yazıb.
"Avrasiya İttifaqına üzvlük Ermənistana ağır zərbə oldu" başlıqlı məqalədə deyilir ki, özünü hakimiyyət elan etmiş insanlar bu təşkilata ümidlə baxmağa çalışırlar, amma hər şey nəticəsizdir: "Serj Sarkisyanın Aİİ-yə daxil olmaq haqqında sənədi imzalamağa getdiyi gündən 6-7 ay keçir. Bu vaxt ərzində səslənmiş proqnozların əksəriyyəti onu göstərdi ki, Aİİ-də Ermənistanın üzvlüyü ölkə iqtisadiyyatına yaxşı heç nə vəd etmir. Ermənistan rəhbərliyi və onların istənilən addımını tərifləyən "xadimlər" az qala bu pessimistik proqnozların müəlliflərini satqın elan edirlər.
Əsas dəlil ondan ibarət idi ki, Ermənistan Aİİ üzv ölkələri bazarlarına, xüsusilə Rusiya bazarına çıxmaqla iqtisadi dirçəlişə nail olacaq. Ancaq hər şey əksinə oldu, Rusiya bazarı hamı üçün, o cümlədən Ermənistan üçün bağlandı. İndi bu ölkə ilə alver etmək mümkün deyil, milli valyutanın məzənnəsi tamamilə ölü vəziyyətindədir.
Nəticədə Ermənistandan bu ilin 2 ayı ərzində cəmi 533 min dollar mal ixrac edilib. Halbuki, Rusiyaya keçən ilin eyni dövründə 40 milyon 135 min mal ixrac olunub. Maraqlıdır ki, Aİİ-nin başqa üzv ölkələrinə - Belarusa və Qazaxıstana bu il, ümumiyyətlə, heç nə ixrac olunmayıb. Ermənistanın Rusiya ilə "Eşq oyunu" ona gətirib çıxardı ki, Ukraynaya ixrac 75% azaldı. Bu ölkəyə bu ilin iki ayı ərzində ötən ilin eyni dövründəki 10 milyon əvəzinə, 2,5 milyon dollar mal ixrac edilib.
Məqalədə bildirilir ki, hələ Ermənistanın iqtisadiyyatına qoyulan investisiya haqqında rəsmi statistik məlumatlar dərc olunmayıb, ancaq, ekspertlərin fikrincə, birinci rübdə sərmayə qoyuluşu olmayıb. Çünki iqtisadi mühit üçün şəraitin olmaması, ölkədə yaranmış vəziyyət, qorxunc proqnozlar investisiya üçün əlverişli deyil.
Bu ilin yanvarında keçən ilin eyni ayı ilə müqayisədə Ermənistan banklarındakı əmanətlər 28 milyard 716 milyon dram azalıb. İnsanlar öz ehtiyatlarını xərcləməyə başladı. Bu gün aydın görünür ki, Avrasiya İqtisadi İttifaqında Ermənistanın üzvlüyü bizim dövlətimizə ağır zərbə vurdu, həm də respublikanın iqtisadiyyatı üçün neqativ proseslərin davam etməsinə gətirib çıxardı.
İndi heç kim deyə bilmir ki, Ermənistan iqtisadiyyatında başlamış bu çöküş hara gedib çıxacaq. Hakimiyyətdəkilərin fikrincə, valyuta bazarında son 10 gündür gedən proseslər onu göstəririr ki, "erməni soyqırımı"nın 100 illiyi tədbirləri ölkə iqtisadiyyatında kəskinləşmiş "maliyyə aclığını" müəyyən dərəcədə yumşaldacaq. Ən yaxın 10 gündə minlərlə xarici nümayəndə Ermənistana gələcək, guya burada bir neçə milyon dollar xərcləyib ölkəni tərk edəcək. Bununla biz yay ayını bir təhər yola verəcəyik. Bu, gülünc doğuran düşüncə tərzi deyilmi?!
"Joxovurd" ironik şəkildə yazır: "Bir sözlə, "erməni soyqırımı"nın 100 illiyi sayəsində iqtisadiyyatımız payıza kimi yaşayacaq. Buna təşəkkürmü düşür?! Görünən odur ki, belə olan halda Ermənistana heç kim kömək göstərməyəcək. Beynəlxalq ictimaiyyət kredit ayırmaq istəmir, Rusiya bizim üçün əvvəlki kimi dəridən-qabıqdan çıxmır, Ermənistana kömək etmək gücündə deyil. Çıxış yolu isə yeni hakimiyyət tərəfindən indiki oyun qaydalarının dəyişməsi ola bilər".
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53